Aprelin 18-i, dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yerli mədəni irs obyektlərinin toplanması, foto və video arxivinin yaradılması” layihəsi çərçivəsində hazırladığı Azerbaijan-irs.az adlı sayt və eyniadlı Youtube kanalının Siyəzən rayonu Mədəniyyət Mərkəzində təqdimatını keçirib.
Qeyd edək ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Tədbiri açan Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova qeyd etdi ki, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir: “Bu gün Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə mədəni irs nümunələrinin qorunması ilə bağlı həyata keçirdiyi maarifləndirici tədbir bu sıradandır. Mədəni irs nümunələrin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələr təqdirəlayiqdir”.
O, daha sonra vurğuladı ki, ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış insanların keçdikləri keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz tellərdir.
Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir”.

Daha sonra ADİİM sədri Cavid Şahverdiyev həyata keçirilən layihə ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
O, qeyd etdi ki, Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir:
“Tarixi yaddaşımızı, milli-mənəvi dəyərlərimizi əks etdirən maddi və mənəvi abidələrə ölkəmizin hər bir guşəsində rast gəlinir. Qloballaşan dünyada xalqların öz mədəni-mənəvi varlığını qoruması prioritet məsələdir. Çünki xalqın dili, adət-ənənələri, mədəni irsi onun milli identikliyinin əsas göstəricisidir.

Dünyanın qədim sivilizasiya ocaqlarından biri sayılan Azərbaycan torpağında hər addımda tarixə işıq tutan izlərə rast gəlmək mümkündür. Bu izlər təkcə xalqımızın deyil, bəşər mədəniyyətinin də formalaşmasında mühüm rol oynayıb.
Hər bir tarixi-memarlıq abidəsi yalnız onun inşa olunduğu dövrü deyil, eyni zamanda həmin dövrün ictimai, mədəni və intellektual mühitini də özündə yaşadan canlı tarix yadigarıdır. Bu abidələr xalqın təfəkkür tərzini, estetik zövqünü və dünya görüşünü nəsildən-nəslə ötürən unikal irs nümunələridir. Məhz buna görə onların mühafizəsi həm milli kimliyimizin qorunması, həm də gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qürurvericidir ki, bu gün də ölkəmizdə tarixi və mədəni irsə göstərilən yüksək diqqət və qayğı davam etdirilir”.
QHT sədri dedi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bir sıra tarixi abidələr bərpa olunub, beynəlxalq səviyyədə təbliğ edilib və onların bir neçəsi YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısında öz yerini alıb. Prezidentin imzaladığı müvafiq fərman və sərəncamlar bu sahədə həm hüquqi-normativ çərçivənin formalaşmasında, həm də praktiki tədbirlərin icrasında xüsusi əhəmiyyət daşıyır: “Azərbaycanın mədəni irsin qorunması sahəsində qazandığı uğurlar, heç şübhəsiz, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da parlaq fəaliyyətinin nəticəsidir. Onun mühüm təşəbbüsləri nəticəsində milli mədəniyyətimizin nadir nümunələri dünya ictimaiyyətinə təqdim olunub, Azərbaycan irsinin ümumbəşəri dəyər kimi qəbul olunmasına mühüm töhfə verilib. Məhz onun təşəbbüsü və fəal təşkilatçılığı ilə Azərbaycan muğam sənəti, tar ifaçılığı sənəti, aşıq sənəti, Novruz bayramı, Kəlağayı (Buta simvolizmi), İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu kimi unikal mədəniyyət nümunələri YUNESKO-nun qeyri-maddi və maddi mədəni irs siyahısına daxil edilib. Mehriban xanım Əliyevanın təşəbbüsləri sayəsində mədəni irsə münasibət cəmiyyətin bütün təbəqələrində fərqli müstəviyə keçib, maarifləndirmə, mədəni diplomatiya və irsə sahib çıxmaq ənənəsi daha da güclənib.

Abidələrin yalnız qorunması deyil, həm də danışdırılması, tanıdılması və öyrədilməsi də əsas məqsədlərdən biri olmalıdır. Tarixi abidələrin təbliği və onlara olan yanaşma cəmiyyətin öz mədəni kimliyinə münasibətini müəyyənləşdirir.
Mədəniyyət naziri Adil Kərimli 07.07.2025-ci ildə parlamentin Mədəniyyət komitəsində keçirilən ictimai dinləməsi zamanı söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində mədəniyyət sahəsi xüsusi yer tutur: “Tarixi abidələrin, maddi-mədəni irs nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Onun bu istiqamətdə verdiyi tapşırıqlar əsasında qarşıya yeni strateji vəzifələr qoyulub və prioritet istiqamətlər müəyyən edilib”.
Azərbaycanın yerli mədəni irs nümunələrin, xüsusən dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət, arxeoloji abidələrin qorunması, tanıdılması və bu irsin gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirmə, praktiki, tədqiqat və sənədləşdirmə formatında layihənin həyata keçirmək məqsədilə mədəni irs nümunələrin foto və video arxivini yaratdıq.
Bu gün Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olan mədəni inişafı siyasəti, milli-mənəvi dəyərlərin təbliği, tarixi mədəni zənginliyin qorunması vətəndaşların tərbiyəsində xüsusi yer tutur.
Hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafını iddiasında olmaq əbəsdir. Göstərilən səbəbdən də mədəni irs nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsidir. Bu istiqamətdə vətəndaş cəmiyyətinin aparıcı inistutlarından olan QHT-lərin də üzərinə məsuliyyət, öhdəlik düşür. Dövlətlə bərabər QHT-lərin də əsas vəzifələrindən biri, həm ölkə vətəndaşları arasında, həm də beynəlxalq aləmdə mədəni irs nümunələrinin təbliğinə kömək etməkdən ibarət olmalıdır. Hər kəsə məlumdur ki, gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu gün inkişaf etməkdə olan Azərbaycan gəncinin də amalı, ideyası vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etməkdən ibarət olmalıdır: “Azərbaycanın mədəni irsin qorunması üçün rəqəmsallaşdırma və yeni texnologiyaların tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu yanaşmalar vasitəsilə tarixi abidələr, sənət əsərləri və mədəni dəyərlər həm mühafizə olunur, həm də dünya səviyyəsində tanıdılır. Gələcəkdə texnologiyanın daha da inkişafı ilə Azərbaycanın mədəni irsin qorunması və tanıdılması daha da effektiv olacaqdır.

Azərbaycan dünya əhəmiyyətli zəngin mədəni irs nümunələrinə, obyektlərinə malikdir. Onların qorunub saxlanması və gənc nəsillərə ötürülməsi, təbliğatı, yerli və dünya ictimaiyyətinə məlumatlandırılması vacib amillərdən biridir. Bu məqsədlə QHT tədqiqat və sənədləşdirmə formatında Azərbaycanın dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət, arxeoloji abidələrin foto və video arxivinin yaradılması layihəsini həyata keçiru. Bu həm mədəni irs nümunələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsinə xidmət edəcək, həm də yerli və xarici ictimaiyyət internet üzərindən Azərbaycanın mədəni irs nümunələri ilə tanılışq üçün canlı geniş imkanlar əldə edə biləcəklər.
Yerli dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət, arxeoloji abidələrin toplanması, foto və video arxivin yaradılması üçün Azerbaijan-irs.az adlı internet resursu və eyniadlı yutub kanalı yaradılıb. Sayt üzərindən həm fotolar, həm də videolar ictimailəşdirilib.
Bu formatla layihənin geniş auditoriyanın marağına səbəb ola biləcəyinə, eyni zamanda mədəni irs nümunələrinin əhəmiyyəti, qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün fundamental məlumatlandırıcı elektron bazanın qurulacağına əminik. Bu həm də xarici turistlərin ölkəmizə marağının artmasına gətirib çıxaracaq”.
![]()
Daha sonra çıxış edən YAP Siyəzən rayon təşkilatının sədr müavini, tarixçi Ramilə Seyidova tədbir iştirakçılarını bir sıra tarixi faktlarla tanış etdi.
Tarixçi vurğuladı ki, Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilən yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir:
“Ölkəmizin ərazisində Manna, daha sonralar cənubda Atropatena dövlətinin yaranması nəticəsində şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Qafqaz Albaniyası dövründə şəhərsalma sahəsində mühüm addımlar atılıb. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularla çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi və digər yerlər şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Ümumiyyətlə, İslamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələr inşa olunub. Orta əsrlərə aid abidələr (Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s.) nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir.

Bu məqamda ulu öndər Heydər Əliyevin müdrik kəlamlarını qeyd etmək yerinə düşər: “Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”.
Sonda R.Seyidova qeyd etdi ki, zəngin və çoxəsrlik bir mədəni irsə sahib olan Azərbaycan xalqı minillərlə davam edən inkişaf yolu keçərək elmə, incəsənətə və mədəniyyətin rəngarəng qaynaqlarına yiyələnib. Bu günə kimi qorunub saxlanılan maddi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri xalqımızın bu sahədə keçdiyi uzun yolun canlı sübutudur.
Dünyanın qədim sivilizasiya ocaqlarından biri sayılan Azərbaycan torpağında hər addımda tarixə işıq tutan izlərə rast gəlmək mümkündür. Bu izlər təkcə xalqımızın deyil, bəşər mədəniyyətinin də formalaşmasında mühüm rol oynayıb.

Tədbirin sonunda Azerbaijan-irs.az saytı və eyniadlı Youtube kanalının təqdimatı keçirilib. Layihə rəhbəri hər iki internet resursu ilə bağlı tədbir iştirakçılarına geniş və dolğun məlumat verib.
Təqdimatdan sonra iştirakçılar fikir və rəylərini bildiriblər və belə bir elektron bazanın formalaşdırıldığı addımın əhəmiyyətini vurğulayıblar. Tədbirdə mədəniyyət işçiləri, tarixçilər, jurnalistlər, gənclər, QHT rəsmiləri iştirak ediblər.

Comments are closed.