Heç bir qüvvə Cənubi Qafqazdakı yeni reallıqları dəyişə bilməz!

Ermənistan parlamentinin spikeri Alen Simonyanın ona Qarabağ haqda sual verən müxalifyönümlü erməni jurnalistin qondarma “artsax” sözündən istifadə etməsinə sərt irad bildirməsi bir daha məlum bir həqiqəti təsdiqlədi ki, hazırkı erməni cəmiyyətində, o cümlədən Ermənistanın media və siyasi mühitində revanşist əhval-ruhiyyəli qüvvələr hələ də aktivlik göstərməyə davam edirlər.

Alen Simonyan həmin revanşistlərə haqlı və məntiqli suallar ünvanladı:
“Qarabağ Azərbaycana məxsusdur, siz onu niyə “artsax” adlandırırsınız? Əgər Qarabağa “artsax” deyirsinizsə, onda Ermənistan ərazilərinin Azərbaycan dilində adlandırılmasına niyə əsəbləşirsiniz?”…

Xatırladaq ki, Alen Simonyan iki il bundan öncəki brifinqlərdən birində də erməni jurnalistlərin qondarma “artsax”la bağlı sualını sərt tonda qarşılamış və onları belə provokativ hərəkətlərdən çəkinməyə və ölkəsində sülhün bərqərar olması işinə qoşulmağa çağırmışdı.

Lakin zombiləşmiş erməni revanşistləri, rusiyayönümlü radikal erməni müxalifətçiləri nə Simonyanın, nədəki baş nazir Nikol Paşinyanın sülhə və Azərbaycanın ərazi bütövlüyünə dair hazırkı mövqelərini heç cürə qəbul etmək istəmirlər. Görünən budur ki, bu radikallar bugünlərdə “xortlayaraq” yenidən siyasi arenada peyda olmuş Ermənistanın sabiq prezidenti Robert Köçəryanın seçkilərdə qalib gələcəyinə ümid bəsləyirlər. Ancaq bütün bunlar boş və sərsəm xülyalardan başqa bir şey deyil. Azərbaycan 44 günlük müharibədə Zəfərə imza atmaqla regionda yeni reallıqlar yaradıb. Heç bir qüvvə Cənubi Qafqazdakı yeni reallıqları dəyişə bilməz!

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »