Komitə sədrindən Novruz və Ramazan bayramı münasibətilə Azərbaycan xalqına #təbrik
Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov Novruz və Ramazan bayramlarının gəlişi münasibətilə xalqımızı təbrik edib.
AHK mətbuat xidməti xəbər verir ki, təbrik məktubunda deyilir:
“Dəyərli soydaşlarımız! Əziz müsəlman bacı və qardaşlarımız!
Sizi xalqımızın qədim adət-ənənələrini və milli-mənəvi dəyərlərini özündə birləşdirən Novruz və Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
Novruz və Ramazan bayramı milli və dini bayramlarımız içində ən əziz, ən doğma bayramlardır desəm, zənnimcə, yanılmaram. Bu gözəl bayramlarımızla hər birimizin çoxlu xoş xatirələri vardır. Xoşbəxtlikdən biz bu il milli və dini bayramlarımızın görüşünə, qovuşmasına şahidlik edirik. Ulu xalqımızın milli bayramları arasında və dini-mənəvi dəyərlər sistemində ən öndə gələn Novruz bayramı və Ramazan bayramı budəfə üst-üstə düşdü. Necə deyərlər, bayram bayrama qovuşdu.
Bu gün ellərimizə Bahar gəlir. Ölkəmizin hər yerində, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Novruz tonqalları qalanır. Yazın gəlişini, torpağın oyanışını və təbiətin yenilənməsini müjdələyən Novruz bayramı əsrlər boyu xalqımızın həyatında xüsusi yer tutub, birlik və həmrəylik, bolluq və bərəkət, sevgi və comərdlik kimi nəcib dəyərləri özündə təcəssüm etdirib. Novruz bayramı (və yaxud Ergenekon, Yeni gün, Yaz bayramı) milli varlığımızın, dəyərlərimizin ayrılmaz bir parçası kimi örf və adətlərimizin, ənənələrimizin formalaşmasında xüsusi rol oynayıb.
Bu bayram Azərbaycan xalqının zəngin milli folklorunu və yaşam fəlsəfəsini özündə ehtiva edir. Bütün Türk dünyasında Novruz bayramı qeyd olunsa da, amma Azərbaycanda isə ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə özündə əks etdirən bu böyük el bayramı daha möhtəşəm şəkildə keçirilir. Keşməkeşli tarixin sınaqlarından çıxmış Novruz törənləri, adət-ənənələri bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur.
Novruz bayramı kimi Ramazan bayramı da birlik, həmrəylik, barış və qardaşlığı təşviq edən bayramdır. Novruz bayramı təbiətin oyanışını, fəsillərin yenilənməsini, insan ovqatının təzələnməsini göstərirsə, Ramazan bayramı da cismani və ruhani paklaşmanı, mənəvi saflığı tərənnüm edir. Oruc tutmaq bizi nəfsimiz üzərində qələbənin sevincini yaşamağa kökləyir. Dözüm və fədakarlığı, paylaşmağı və həmrəyliyi, şəfqət və mərhəmət duyğularını, Tanrı sevgisini aşılayan
Ramazan ayı boyunca hər gün xalqımızın rifahı, dövlətimizin uğurları üçün dualar edilir, cəmiyyətdə birlik və bərabərlik ovqatı güclənir.
Bir sözlə, bu iki qutsal bayramımızın bu il eyni vaxta, eyni günə təsadüf etməsi insanlarımız arasında həmrəylik və xoşgörünü, barış və sevgini daha da artırır. Novruz və Ramazan bayramları bütün Türk dünyasının ortaq yaddaşını, ortaq dəyərlərini bir araya gətirən, yaşadan bayramlarımızdır.
Biz azərbaycanlılar xalq və dövlət olaraq həmişə öz milli və dini dəyərlərimizə böyük ehtiramla yanaşır, onları sevə-sevə qoruyub yaşadırıq. Ən önəmlisi isə budur ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra həm Novruz, həm də Ramazan bayramını qalib dövlətin qalib vətəndaşları kimi daha böyük coşqu və qürur hissilə qeyd edirik. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev hər il işğaldan azad edilmiş torpaqlarda yurddaşlarımızla birlikdə Novruz tonqalını alovlandırır. Eləcə də bu gün Qarabağ və Şərqi Zəngəzurun hər yerində məscidlərin minarələrindən azan səsləri ucaldı, bayram namazları qılındı, şəhidlərimizin ruhlarına dualar oxundu.
Bu əziz günlərdə heç kim unudulmur, heç nə yaddan çıxmır. Qədirbilən soydaşlarımız Novruz və Ramazan bayramı günlərində yalnız öz mərhum yaxınlarının, doğmalarının məzarlarını deyil, həmçinin ərazi bütövlüyümüz və suverenliyimizin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını da ziyarət edir, şəhid valideynlərinə ehtiram və şükranlarını bildirir və eyni zamanda, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında yaralanmış qəhrəman qazilərimizlə bayram sevincini bölüşürlər.
Bu mübarək günlərdə ölkəmizin əmin-amanlığı, xalqımızın firavanlığı üçün, sülh və xoş gələcək üçün edilən dualara qoşulmaq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad etmək hər birimizin borcudur. Qalib ölkənin vətəndaşı olmaq böyük məsuliyyət olduğu kimi, həm də böyük şərəfdir. Mən bu əziz bayram günlərində qalib dövlətimizə, qalib xalqımıza, o cümlədən dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza ən səmimi təbriklərimi çatdırır, hər bir azərbaycanlıya bol uğur arzulayıram.
Qoy Novruz və Ramazan bayramı ocaqlarınıza istilik, qəlblərinizə isə sevinc gətirsin. Allah oruc və dualarınızı qəbul etsin. Bayramlarınız mübarək olsun, əziz həmvətənlər!”
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.