İlham Əliyev torpaqlarımızdan düşməni qovmaqla öz milli qürurumuzu, ədaləti və ərazi bütövlüyümüzü bərpa etdi

İşğaldan azad olunmuş ərazilərə geri qayıdış – Böyük Qayıdış uğurla davam edir və bu proses dövlət başçısının daimi nəzarətindədir. Onu da qeyd edək ki, “Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın icrası üzrə mühüm layihələrin həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurda bərpa-yenidənqurma işlərinin miqyasının getdikcə daha da genişləndirilməsi keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri dönüşünün təmin edilməsi ilə paralel surətdə aparılır.

Böyük Qayıdışın zəfər və dirçəliş ovqatlı ünvanlarından biri də Xocavənd rayonunun Xanoba kəndidir. Son aylarda Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində böyük işlər görülüb. Vaxtilə Qarabağ xanlarına məxsus olmuş bu yaşayış məntəqəsi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin 19-20 sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib və burada bərpa proseslərinə start verilib. Bir neçə gün əvvəl ilkin mərhələdə kəndə 25 ailə – 114 nəfər qayıdıb. Oktyabr ayınadək isə bu kəndə daha 107 ailənin köçürülməsi planlaşdırılır.

Sakinlərin normal yaşayışlarının təmin olunması üçün Xanoba kəndində sosial məsələlərin həlli istiqamətində də bir sıra işlər görülüb. Belə ki, kənddəki mövcud 2 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa olunub. Eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyusunda və nasos stansiyasında təmir işləri aparılıb. Həyata keçirilən bu cür işlərin, layihələrin nəticəsində həm Xanobada, həm də işğaldan azad olunmuş digər yaşayış məntəqələrimizdə ciddi canlanma müşahidə olunur. 30-35 illik həsrətdən sonra soydaşlarımızın öz doğma yurdlarına geri dönməsiylə bölgədə həyat yenidən dirçəlir.

Prezident İlham Əliyevin son illərdə Novruz tonqallarını işğaldan azad edilmiş yurd yerlərimizdə qalaması isə artıq ən yeni tariximizin gözəl ənənələrindən birinə çevrilib. Bu, Zəfərimizin təsdiqi, Qayıdış və Dirçəlişimizin təzahürüdür. Bu mənada dövlətimizin qalib Liderinin azad olunmuş ərazilərə səfərləri əsnasında Novruz tonqallarını qalaması və onun yurdlarına dönən insanlarımızın sevinclərinə şərik olması həqiqətən də dərin psixoloji önəm və xüsusi rəmzi məna daşıyır. Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xanobaya qayıdan kənd sakinləri ilə görüşüb səmimi söhbət etmələri və dövlətimizin başçısının Xanoba kəndində sakinlərin müşayiətilə Novruz tonqalını alovlandırması xanobalılar üçün ikiqat bayrama çevrildi.

Cənab Prezident sakinlərlə söhbət zamanı Novruz tonqalını Qarabağda birlikdə qalamağı böyük xoşbəxtlik kimi dəyərləndirdi: “şanlı Zəfərimiz artıq neçə ildir bizim qürur mənbəyimizdir. Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir”.

Torpaqlarımızdan düşməni qovmaqla öz milli qürurumuzu, ədaləti və ərazi bütövlüyümüzü bərpa etdiyimizi qeyd edən Prezident İlham Əliyev, həmçinin şəhidlərimizin xatirəsini rəhmətlə andı və Silahlı Qüvvələrimizin böyük qəhrəmanlığını xüsusi vurğuladı: “Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Silahlı Qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərmişdir. Bunun nəticəsində biz bu gün bu torpaqlardayıq və biz bu torpaqların əsl sahibləriyik. Çünki Ermənistan buranı viran qoymuşdu. Yəni bütün kənd, qəsəbə, şəhər – hamısını dağıtmışdı. Burada bir neçə daxma tipli ev qalmışdı, amma indi baxın. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı nə gündə idi, yerlə-yeksan etmişdilər. Xaricdən gələn erməniləri Laçında, Kəlbəcərdə qanunsuz məskunlaşdırmışdılar, ora da bərbad vəziyyətdə idi. Yəni hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində Qarabağda və Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır, çalışır, təhsil alır. Demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz doğma diyarlarına qayıdırlar”.

Böyük Zəfərimizdən sonra Azərbaycan xalqının birliyini, həmrəyliyini və milli dəyərlərini özündə ehtiva edən Novruz bayramının da yurddaşlarımızla birgə azad Qarabağa, Şərqi Zəngəzura qayıtması həqiqətən də tarixi hadisədir. İndi Xanobada, Xankəndidə, Şuşada, Ağdamda və digər yurd yerlərimizdə bayram tonqallarının qalanması Novruza zəfər ruhu qatır, onun alovlarını daha da gur və əzəmətli edir. Xanoba camaatını və yurdlarına dönən digər soydaşlarımızın hamısını Novruz bayramı münasibətilə təbrik edir, qalib Azərbaycan xalqına bol bayram sevincləri arzu edirəm. Tanrı birlik və həmrəyliyimizə güc-qüvvət versin, Zəfər tonqallarımız həmişə gur yansın!

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »