Paşinyanın əsas vəzifələrindən biri bu revanşistlər sürüsünə sonuncu – həlledici zərbəni vurmaqdır

Ermənistanın hazırkı hakimiyyəti Azərbaycanla ticarət münasibətləri qurmağa səy göstərir və bununla əlaqədar olaraq artıq Azərbaycana konkret biznes təklifləri də edilib. Hazırda Azərbaycan və Ermənistanın biznes dairələri bu istiqamətdə danışıqlar və müzakirələr aparırlar. Görünən budur ki, Ermənistan-Azərbaycan normallaşması müsbət məcrada inkişaf edir. Lakin çox təəssüf ki, sülh prosesinin davam etməsi fonunda Ermənistan siyasətinin yaxın keçmişdəki “canlı meyit”lərinin xortlaması və fəallaşması tendensiyası da müşahidə olunmaqdadır.

Söhbət ilk növbədə Kremlin sadiq köpəyi kimi tanınan Ermənistanın ikinci prezidenti olmuş Xocalı qatili Robert Köçəryandan gedir. Bu toksik varlıq növbəti parlament seçkilərinə qatılmağı və Nikol Paşinyanı “seçki yolu”yla devirərək Ermənistanın Baş naziri kürsüsünü ələ keçirməyi planlaşdırır. Bu məqsədlə, o, ötən gün “Ermənistan” adlı seçki blokundan namizədliyini də irəli sürdü. Onun tərəfdarlarının keçirdiyi toplantıda yenə “sArtsax” ab-havası, revanşizm ritorikası hökm sürürdü. Zaman və geosiyasi reallıqlar dəyişsə də, lakin Köçəryanın goreşən xisləti, irqçi-faşist zehniyyəti və onun tərəfdarlarının radikal-millətçi tipi, yapısı əsla dəyişməyib.

Rusiyayönümlü erməni müxalifətinin onu özünün vahid namizədi elan etməsi bir daha göstərir ki, Moskva Cənubi Qafqazda yenidən siyasi gərginlik yaratmaq və sabitliyi pozmaq, sülh prosesini əngəlləmək planlarından qətiyyən əl çəkməyib. Rusiya 44 günlük İkinci Qarabağ müharibəsindən sonra regionda iflasa uğramış amirliyini və sarsılmış nüfuzunu nəyin bahasına olursa-olsun yenidən bərpa etməyə can atır. Lakin şübhə yoxdur ki, Putin Rusiyasının bu cəhdi də boşa çıxacaq. Çünki onun bu cür böyük geosiyasi hədəfə nail olmaq üçün məhz Robert Köçəryana əsas siyasi fiqur kimi xüsusi önəm verərək onu yenidən siyasi səhnəyə çıxarması bəri başdan məğlubiyyətin təməlinin qoyulması deməkdir. Axı hətta siyasətdən uzaq olan adamlara da bəllidir ki, R.Köçəryan tamamilə tükənmiş “ölü can”dır. Ermənistan elektoratının Köçəryana artıq heç bir etimadı qalmayıb. Hazırda Köçəryanın reytinqi yerlərdə sürünür.

Seçicilərin əksəriyyəti Köçəryana yox, Paşinyana rəğbət bəsləyir. Sosial şəbəkələrin erməni seqmentindəki ictimai fəalların, blogerlərin bir çoxu Köçəryanı iflasın simvolu, müharibə və siyasi fitnə-fəsadın mənbəyi kimi təqdim edirlər. Alla Sarkisyan adlı sıravi ermənilərdən biri isə yazdığı rəydə diqqəti Robert Köçəryanın üzündə və gözlərindəki nifrətə yönəldib və belə bir nifrət “depo”sunun hakimiyyətə gələcəyi təqdirdə necə pisliklər törədə biləcəyini vurğulayıb. Ümumən, yazılan rəylərdən hiss olunur ki, erməni cəmiyyəti kilsənin və köçəryanların, serj sərkisyanların ultramillətçilik, işğalçılıq, separatçılıq, terror və təxribatçılıq çağırışlarından artıq yorulub.

Lakin Köçəryan və onun revanşistlər sürüsü isə yeni reallıqları nəzərə almamaq yolunu tutublar. Onlar Ermənistanı yenidən Rusiyanın “vassal”ına çevirmək və Azərbaycana qarşı qısqırtmaq üçün əllərindən gələni edəcəklər. Ona görə də hazırda Paşinyanın əsas vəzifələrindən biri məhz bu revanşistlər sürüsünə sonuncu – həlledici zərbəni vurmaqdır. Köçəryanın yeri baş nazir kürsüsü yox, ya İrəvan, yadaki Bakı həbsxanalarından birində təkadamlıq kamera olmalıdır.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »