Uzun müddətdir davam edən məhkəmə prosesindən sonra, bu gün Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Azərbaycan xalqına qarşı ağır cinayətlərdə təqsirləndirilən mənfur düşmənlərimizə – Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinə müxtəlif cəzalar kəsildi. Belə ki, Arayik Harutyunyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan isə 20 illiyə azadlıqdan məhrum edilib.
Ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı çıxan, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən bu separatçılara, ter*orçulara oxunan hökmlər ədalətlidir. Əlləri xalqımızın qanına batmış bu giyenlər, əslində, ölüm cəzasına layiqdirlər. Lakin humanizmə və beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirən Azərbaycanda ölüm hökmü ləğv edildiyinə görə bu gün bu qatillərə verilən ömürlük həbs ən yüksək cəza sayılır.
2023-cü ilin 19-20 sentyabrında şanlı Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində erməni separatizminə Azərbaycan torpaqlarında birdəfəlik son qoyulması və separatçıların diz çökdürülməsi böyük tarixi-siyasi əhəmiyyət kəsb edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti qələbə qazanaraq, 200 ildən bəri davamlı olaraq məruz qaldığımız torpaq itkilərinə son qoydu və “Dağlıq Qarabağ” problemini tarixin arxivinə göndərdi. Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa edərək Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızı yüksəltdi.
44 günlük Vətən müharibəsindən sonra növbəti Zəfər səhifəmiz kimi tarixə həkk olunan 24 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusunun qalıqları tam şəkildə tərk-silah edildi, habelə Qarabağda özünə yuva quran qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs olunaraq Bakıya gətirildi. Lokal xarakterli antiterror əməliyyatı zamanı Azərbaycanın qazandığı növbəti inamlı Qələbə bir daha sübut etdi ki, bizim ölkəmizlə ultimatum dilində danışmaq olmaz.
Bu gün ədalət məhkəməsi qarşısına çıxarılan separatçıların həmin əməliyyat zamanı təslim olmaları labüd idi. Əgər onlar təslim olmasaydılar, məhv ediləcəkdilər. Qürur tariximiz olan antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Prezident İlham Əliyevin 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri zamanı Xankəndidə qutuya atdığı bülleten isə sadəcə olaraq bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar oldu. Həmin gün dövlətimizin başçısı qalib Sərkərdə kimi separatizmin tabutuna son mismarı vurdu və bununla da ölkəmizdə erməni separatizminin kökü birdəfəlik kəsildi, Azərbaycanın bütün ərazisində suverenliyimiz bərpa olundu. Suverenlik hər bir dövlət və xalq üçün müqəddəs məsələdir, ali hədəfdir. Bu gün separatçıların ömürlük cəzaya məhkum olunması isə ədalətin təntənəsidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri,
Birinci Qarabağ müharibəsinin iştirakçısı
Comments are closed.