Əbu-Dabi görüşünün Azərbaycan-Ermənistan normallaşma prosesinə əlavə təkan verəcəyi gözləniləndir

“Yeni dünya reallıqlarını nəzərə alan Azərbaycan postmüharibə dövründə sülh gündəliyi ilə yanaşı, yeni hərbi doktrinaya əsaslanaraq müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlığı da uğurla davam etdirir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) növbəti işgüzar səfəri çərçivəsində həm Ermənistanın Baş naziri Nikol Paşinyan ilə geniş tərkibli görüş keçirərək iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri və ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəlməsi, həm də Azərbaycan və BƏƏ arasındakı strateji yaxınlığın və hərbi əməkdaşlığın ən mühüm rəmzlərindən biri kimi “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin keçirilməsi bunun əyani təsdiqidir. Başqa sözlə desək, Azərbaycan “hərb və sülh” paralelliyinə uyğun siyasət yürüdür”.

İctimai Rəy xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəısinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Əliyev-Paşinyan görüşünün Əbu-Dabidə keçirilməsi BƏƏ-nin Cənubi Qafqazda sülh prosesinə real dəstəyinin göstəricisidir:

“Tərəflər bu görüş əsnasında Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini qeyd ediblər. Belə bir mühüm görüşün BƏƏ-nin paytaxtında keçirilməsi artıq Cənubi Qafqaz ölkələri ilə Yaxın Şərq və Körfəz ölkələri arasında regional sülh və əməkdaşlıq körpüsünün qurulduğunu göstərir. Bu kontekstdə Əbu-Dabi görüşünün Azərbaycan-Ermənistan normallaşma prosesinə əlavə təkan verəcəyi gözləniləndir.

Əbu-Dabidə Azərbaycan və BƏƏ hərbçilərinin “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin keçirilməsi isə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, qlobal sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Eyni zamanda, bu təlimlər yaşayış məntəqələrində, dağlıq və dəniz şəraitində terrorçuluğa qarşı mübarizə üzrə xüsusi əməliyyatların koordinasiyasını nəzərdə tutur və hər iki ölkənin ordusunun operativ əməliyyat-döyüş qabiliyyətini artırır. BƏƏ ilə bu cür geniş formatlı hərbi əməkdaşlığın qurulması artıq bu ölkənin də Azərbaycanın ən yaxın strateji tərəfdaşları sırasında yer aldığını göstərir”.

Komitə sədri deyib ki, Əbu-Dabidə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyevin dünyada sülhün, tolerantlığın və multikulturalizmin təşviqindəki müstəsna xidmətlərinə görə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” (Zayed Award for Human Fraternity 2026) ilə təltif edilməsi isə dövlətimizin başçısının yürütdüyü sülh diplomatiyasına verilən yüksək qiymətin göstəricisidir:

“Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü həm regional, həm də qlobal sülhə töhfədir. Bu görüşdən sonra tərəflər arasında qarşılıqlı etimad daha da möhkəmlənəcək. Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanın sülh mövqeyi qlobal siyasi dialoqa töhfə verir və ölkəmizin beynəlxalq təşəbbüslərdə etibarlı tərəfdaş kimi qəbul edilməsinə zəmin yaradır”.

Comments are closed.

Tərcümə »