Qırmızı sovet imperiyasının böyük tarix səhnəsindən silinməsində Azərbaycan xalqının xidməti danılmazdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsinin və müstəqillik tələblərinin zorakılıq yolu ilə boğulması məqsədilə mülki əhaliyə qarşı həyata keçirilmiş hərbi müdaxilə də məhz milli azadlıq mübarizəmizin qarşısını almaq hədəfini güdürdü. Mənfur Qorbaçov-Yazov cütlüyünün və onların digər əlaltılarının Azərbaycan xalqına qarşı törətdiyi həmin qanlı faciədən artıq 36 il ötür.
Keçmiş sovet ordusunun hərbi hissələri o gecə Bakı şəhərində və Azərbaycanın digər yaşayış məntəqələrində öz müstəqilliyimiz və suverenliyimizi əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bəli, məhz özünü bütün dünyaya “böyük demokrat”, “yendənqurma təşəbbüskarı” kimi tanıdan keçmiş SSRİ-nin ilk və son prezidenti, SOV.İKP MK-nın (Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin) baş katibi Mixail Qorbaçovun birbaşa əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilb.
Bakının küçə və meydanlarına çıxan dinc nümayişçiləri hədəfə alan ru-sovet qoşunları ağır silahlı texnika və tanklar üzərində bir neçə istiqamətdən hərəkət edərək Bakıya daxil oldular. Səhər saatlarına qədər davam edən qırğın nəticəsində 147 soydaşımız həlak oldu, yüzlərlə insan yaralandı, qanunsuz həbs edildi və bir çox soydaşlarımız itkin düşdü. Elə həmin gecə şəhərdə komendant saatı tətbiq olundu və küçələrə çıxmaq qadağan edildi. Beləliklə, milli azadlıq uğrunda həftələrlə davam edən dinc nümayişlər 1990-cı ilin 20 yanvar gecəsində qanlı sovet rejimi tərəfindən misli görünməmiş bir qəddarlıqla yatırıldı. Lakin bu müdhiş qətliam insanlarımızın azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına olsa da öz dövlət müstəqilliyinə qovuşmaq naminə mübarizəsini axıra qədər davam etdirdi.
20 Yanvar Azərbaycan xalqının milli azadlıq mücadiləsinin zirvə nöqtəsi oldu. Xalqımızın sınmayan iradəsi və nümayiş etdirdiyi qətiyyətin nəticəsində bir daha sübut olundu ki, heç bir yadelli qüvvə bu xalqın milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Kremlin təxminlərinin əksinə olaraq, 20 Yanvar hadisələrindən sonra Azərbaycan xalqının milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi və dönməz xarakter aldı. Beləliklə, 1990-cı ilin qanlı Yanvar hadisəsi Azərbaycanın ən yeni tarixində böyük dönüş nöqtəsi oldu, imperiya buxovlarından qurtulmaq uğrunda mübarizəyə güclü təkan verdi. Bu mənada 36 il bundan əvvəl mənfur sovet rejimi tərəfindən törədilən 20 Yanvar qətliamı bu gün xalqımız üçün yalnız faciəli, kədərli tarix deyil, eyni zamanda, şərəfli mübarizə simvolu, qəhrəmanlıq və rəşadət səhifəsidir.
Ona görə də 20 Yanvar hadisələrinə yalnız faciə prizmasından yanaşmaq olmaz. Sovetlər Birliyinin hüquqi-siyasi məhvi və geosiyasi süqutu məhz 20 Yanvardan sonra daha da sürətləndi. Bakıda azadlıq uğrunda mübarizəyə qalxan dinc nümayişçilərin gülləbaran edilməsi nəticəsində qanlı sovet imperiyası təkcə Azərbaycanda deyil, ittifaq daxilindəki digər respublikalarda da özünün bütün siyasi və mənəvi dayaqlarını tamamilə itirdi və bu faciə Kremldən idarə olunan rus-sovet imperiyasının mahiyyətini, onun qeyri-rus xalqlara qarşı apardığı əzici, şovinist siyasəti ifşa etdi. Beləliklə, 20 Yanvardan sonra digər sovet respublikalarında da, xüsusən də Baltikyanı ölkələrdə də milli azadlıq mübarizəsi daha da gücləndi.
20 Yanvarın Gülüstan və Türkmənçay müqavilələrindən sonrakı son 200 illik tariximizdə tutduğu yeri həm də ona görə xüsusilə əlamətdardır ki, xalqımızın milli birliyi və həmrəyliyi işğalçı, müstəmləkəçi çarizm-bolşevizm-sovet ideologiyasına və onun qanlı ordusuna meydan oxuyaraq siyasi gerçəlikləri dəyişdi. Təpədən-dırnağa qədər silahlanmış ordu ilə üzərimizə gələn sovet imperiyasının qarşısında dik duruşumuz 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir. Qanlı 20 Yanvar hadisələri riyakar Qorbaçov rejiminin ideoloji və mənəvi deqradasiyasını sürətləndirdi.
Mixail Qorbaçov bu barbarlığın ağır nəticələrini hər nə qədər dünya birliyinin diqqətindən gizlətməyə çalışsa da, lakin o, öz məqsədinə nail ola bilmədi. Belə ki, faciənin ertəsi günü, yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək böyük risk bahasına mətbuat konfransı keçirdi, orada açıq bəyanatla çıxış etdi, mübariz Azərbaycan xalqı ilə birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətini verdi, Bakıya sovet qoşunlarının yeridilməsini mövcud SSRİ rəhbərliyinin ağır cinayəti kimi qiymətləndirdi və bu qanlı hadisəyə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb etdi. Heydər Əliyevin təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin Bakıda törətdiyi 20 Yanvar qırğınına qarşı qəti etiraz mövqeyini nümayiş etdirməsi Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Bu tarixi çıxış bütün dünyada geniş əks-səda doğurdu və Qorbaçovun xalqımıza qarşı qəddar siyasətini ifşa etdi.
Kremlin ədalətsiz siyasətinə qarşı mübarizə üçün, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız, dinc azərbaycanlıların qəddarcasına qətlə yetirilməsi totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqına qarşı açıq hərbi təcavüz və zorakı cinayət idi. Lakin Azərbaycan xalqının başına gətirilən qanlı 20 Yanvar faciəsi xalqımızın azad olmaq, müstəqil dövlətçiliyini bərpa etmək arzusunu əsla söndürə bilmədi. Əksinə, 20 Yanvardan sonra xalqımızın həmrəylik hissi daha da gücləndi, mübarizə əzmi alovlandı. Bakıda sərt komendant saatının tətbiq olunmasına və küçələrə çıxmağın qadağan edilməsinə baxmayaraq faciənin səhərisi günü Azadlıq meydanına axışan milyonlarla soydaşımız 20 Yanvar şəhidlərinin nəşlərini öz çiyinlərində Şəhidlər Xiyabanına daşıdı. Xalqımız öz birlik və həmrəyliyi ilə sözün əsl mənasında imperiyaya meydan oxudu.
Ulu Öndər Heydər Əliyevin çıxışlarından birində söylədiyi kimi, biz bu gün 20 Yanvarın tariximizdə tutduğu yeri və rolu daha aydın görürük. 20 Yanvar qətliamı facəli hadisə olmaqla yanaşı, həm də misilsiz qəhrəmanlıq salnaməsidir. Eyni zamanda, bu tarixi hadisə xalqımızın milli müstəqillik şüurunun tam formalaşmasında həlledici rol oynayıb. 20 Yanvar suverenlik və müstəqil dövlətçilik ideyasının şüurlarımıza hakim kəsilməsinə, möhkəmlənməsinə ciddi təkan verdi, Azərbaycan xalqı buxovları qıraraq öz azadlığına qovuşdu. Şəhidlərimiz and yerimizə çevrildi. Ona görə də bu gün biz 20 Yanvara qanlı faciədən Milli Həmrəyliyə aparan yol kimi yanaşırıq. Xalqımız 20 Yanvar şəhidlərinin fədakarlığını heç zaman unutmayacaq. Milli azadlıq mübarizəmizin zirvəsi sayılan 20 Yanvar hadisələrinin 36-cı ildönümündə şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla anırıq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.