Qalib Azərbaycan Ordusu hər an istənilən revanş cəhdinin və eskalasiyanın qarşısını almağa qadirdir

Prezident İlham Əliyevin hər il doğum gününü işğaldan azad edilmiş Qarabağda – öz doğma yurdlarına qayıdan soydaşlarımızın arasında qeyd etməsi artıq ənənə halını alıb. Bu ənənə hələ Böyük Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsindən öncəki illərdən gəlir. Təcavüzkar Ermənistanın işğalçı siyasətinin davam etdiyi həmin illərdə dövlətimizin başçısı hər dəfə doğum günündə mütləq məcburi köçkünlərə baş çəkər, onlarla həmsöhbət olar, yurd həsrətilə yaşayan insanlarımıza mənəvi dəstək olmağa çalışardı. Bu gün isə artıq Qarabağda geosiyasi reallıq da, hərbi gerçəklik də, xalqımızın və dövlətimizin mənəvi-psixoloji ovqatı, durumu da kökündən dəyişib. İndi Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlətdir, İlham Əliyev 200 illik davamlı torpaq itkilərinə son qoymuş qalib lider və müzəffər sərkərdədir, xalqımız isə həm savaş, həm də quruculuq ruhunu bir daha bütün dünyaya nümayiş etdirən qalib xalqdır.

Bu mənada Cənab Prezidentin tarixi Zəfərimizin beşinci ildönümündə ad gününü işğaldan azad edilmiş Xankəndi və Ağdamda qeyd etməsi həm qalibiyyətimizin göstəricisi, həm də dövlətçiliyimizin təntənəsidir. Dövlətimizin başçısının bu addımı növbəti dəfə xalq–lider birliyinin əyani təcəssümünə çevrildi. Eyni zamanda, bütün dünya ictimaiyyətinə də bir daha açıq mesaj verildi ki, Azərbaycan dövləti və xalqı işğaldan azad etdiyi torpaqlarda geniş miqyaslı quruculuq işləri ilə erməni vandalizminin ağır nəticələrini aradan qaldırır, sülh və inkişafa yol açır.

Bu gün Qarabağ və Şərqi Zəngəzurun bütün istiqamətlərində olduğu kimi Xankəndi və Ağdamda da həyata keçirilən bərpa-quruculuq işləri və Böyük Qayıdışın uğurla davam etdirilməsi Azərbaycan xalqının bu ərazilərin gerçək sahibi olduğunu nümayiş etdirməklə bərabər, həm də bu bölgənin ölkəmizin vahid sosial-iqtisadi və mədəni məkanına yenidən inteqrasiya olunmasını təmin edir. Cənab Prezidentin isə doğum gününü Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə və Ağdam şəhərinə köçən sakinlərin əhatəsində qeyd etməsi, həmçinin yeni obyektlərin təməlqoyma mərasimlərində və açılışlarında iştirak etməsi dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlərin öz doğma yurdlarına qayıdan soydaşlarımızın rifahına yönəldiyini göstərir. Beləliklə, tarixi ədalətin bərpası və Böyük Qayıdış çərçivəsində gələcəyə yönəlik strateji hədəflər Qələbədən sonrakı dövr üçün “yol xəritəmiz”ə çevrilir, postmüharibə dövrünün, quruculuq mərhələsinin fəlsəfəsini ortaya qoyur.

Dekabrın 24-də Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılış mərasimində çıxış edərkən bölgədə davamlı inkişafın təmin olunması, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi və Ağdamın yenidən qurulması istiqamətində görülən işlərdən danışdı və onu da vurğuladı ki, işğal dövründə Ağdam erməni vandalları tərəfindən tammiqyaslı urbisidə məruz qalıb və işğalçı tərəfin əsas məqsədi talançılıqla yanaşı, bu ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irsi tamamilə məhv etmək, şəhər və kəndləri yerlə-yeksan edərək həmin torpaqları yaşayış üçün yararsız hala salmaq olub. Bütün bunlar Ermənistan dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi məqsədyönlü düşmənçilik siyasətinin açıq və bariz nümunəsi idi. Lakin Azərbaycan dövlətinin öz ərazilərini işğaldan azad etdikdən sonrakı dövrdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpası və vətəndaşların öz yurdlarına qayıdışı üçün həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri bu gün keçmiş məcburi köçkünlərin burada rahat və əmin-amanlıq şəraitində yaşamalarına tam imkan verir.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük infrastruktur layihələrinin nəticəsində hazırda Qarabağ dirçəliş və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Qarabağ başdan-başa qızğın iş və quruculuq meydanıdır. Erməni vandalizminin məhv etdiyi şəhərlər indi Azərbaycan dövlətinin iradəsi ilə yenidən qurulur. Bunu konkret olaraq Ağdam şəhərinin timsalında da əyani görmək mümkündür. 2021-ci ildə Ağdama səfərim zamanı gördüyüm tükürpərdən işğal dövrünün ağır mənzərələri indi qayıdışın və dirçəlişin parlaq görüntüləri ilə əvəzlənməkdədir. Bir zamanlar “ruhlar şəhəri”nə, “Cənubi Qafqazın Xirosiması”na çevrilmiş Ağdamı bu gün qalib və güclü Azərbaycan dövləti büsbütün yenidən qurur. Qorxunc xarabalıqların arasından yeni bir şəhər boy atır, yeni bir həyat canlanır. Ağdam şəhəri dirçəlişin və qayıdışın rəmzinə çevrilir.

Prezident İlham Əliyev də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında çıxışı zamanı vurğuladı ki, uzun illər köçkün həyatını yaşamış insanlar üçün bu gün Ağdam şəhərində və işğaldan azad edilmiş bütün başqa ərazilərdə yeni, müasir şəhərlər, kəndlər, qəsəbələr salınır və artıq “Böyük Qayıdış” Proqramının əyani təzahürlərini hər kəs görə bilir. Şübhəsiz ki, Qarabağın və Şərqi Zəngəzurun genişmiqyaslı bərpasında əsas prinsip müasir standartlara uyğun məntəqələrin qurulması ilə keçmiş məcburi köçkünlərin rahat yaşayışını təmin etməkdən ibarətdir. İşğaldan azad edilmiş şəhər və kəndlərimizdə müasir məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir. Eyni zamanda, məşğulluğun təmin olunması üçün sənaye parkları, müxtəlif istehsal müəssisələri, xidmət sahələri yaradılır. Bütün bu kompleks tədbirlər Qarabağın və Şərqi Zəngəzurun qısa müddətdə dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və bölgənin sürətli inkişafına xidmət edir.

Bu kontekstdə Cənab Prezidentin Ağdamdakı çıxışı həm bu gün Qarabağda görülən işlər haqqında əyani təsəvvürün yaradılmasına, həm də gələcək hədəflərimizin müəyyən olunmasına hesablanmışdı. Gələcək hədəflərimizin ən başda gələn təməl prinsipi isə budur ki, qalib xalq və dövlət kimi biz bundan sonra daim güclü olmalıyıq. Bu məqamı Cənab Prezident də öz çıxışında xüsusi olaraq vurğuladı: “Bax, bunu mən bir də deyirəm. Mən bunu birinci dəfə deyil ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik”.

Dövlətimizin başçısı, həmçinin öz çıxışında indi Ermənistanla Azərbaycan arasında sülh prosesinin getdiyini və məhz bizim bu sülh prosesinin təşəbbüskarı olduğumuzu, birinci təklifi bizim verdiyimizi, sülh müqaviləsinin mətninin müəllifliyinin də bizə məxsus olduğunu vurğulamaqla yanaşı, bir məqamı da xüsusi olaraq qeyd etdi ki, biz heç vaxt şirin sözlərə uymamalıyıq və işğal dövrünü unutmamalıyıq, Xocalı qurbanlarını, şəhidlərimizi heç vaxt unutmamalıyıq: “Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik. Ancaq biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq. Çünki bu tarixi yaddaş həmişə bizim qəlbimizdə olmalıdır. Şəhidlərin əziz xatirəsi həmişə qəlbimizdə yaşamalıdır və heç vaxt şirin sözlərə uymamalıyıq”.

Azərbaycan bir qalib dövlət kimi Ermənistanı sülhə məcburetmə kursunu bundan sonra da davam etdirəcək. Eyni zamanda, Azərbaycan dövləti işğaldan azad etdiyi torpaqlarının bərpasını həyata keçirməklə yanaşı, həm də dayanıqlı regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün hərbi gücünü artırmağa da davam edəcək. Bu gün Ermənistanı yenidən öz təsir dairəsinə salmağa çalışan geosiyasi güclər də bunu bilməlidirlər ki, qalib Azərbaycan Ordusu hər an istənilən revanş cəhdinin və eskalasiyanın qarşısını almağa qadirdir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik. Cənubi Qafqazı hədəfdə saxlayan güclər və Ermənistan rəhbərliyi Ağdamdan ünvanlanan bu mesajları düzgün dəyərləndirməlidirlər.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »