Tramp demokrat-qlobalistlərin təxribatlarına qarşı qətiyyətli mövqe tutur

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin davam etdirilməsi bəzi beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən ermənipərəst qurumların təxribatçı hərəkətləri və çağırışları ilə müşayiət olunur. ABŞ-ın Lemkin İnstitutunun Ruben Vardanyan və Azərbaycana qarşı çoxsaylı hərbi və terror cinayətlərində ittiham olunan erməniəsilli digər şəxslərin azadlığa buraxılmasına dair çağırışı da açıq-aşkar təxribat və pozuculuq xarakteri daşıyır.

Lemkin İnstitutu sözügedən çağırışı ilə məhkəməyə təsir göstərməyə və “Azərbaycanın Nürnberqi” adını almış prosesin ədalətliliyinə kölgə salmağa çalışır. Bu da gözlənilən idi. Çünki Lemkin İnstitutu ermənipərəst Bayden dövrünün qalığıdır və bu təsisat hər zaman Azərbaycanı hədəfə almaqla, ölkəmizə qarşı qarayaxma kampaniyalarında fəal iştirak etməklə tanınıb. 44 günlük İkinci Qarabağ müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra açıq surətdə Qarabağdakı keçmiş separatçı rejimin “rəhbər”lərinin hamisi rolunda çıxış etməyə başlayan Lemkin İnstitutu bu gün bir qədər də irəli gedərək həmin şəxsləri gah “hərbi əsir”, gah “girov”, gah da “siyasi məhbus” adlandırır və onların dərhal azad olunmasını tələb edir, bununla bağlı imzatoplama kampaniyası aparır.

Separatçıların, terrorçuların himayədarı kimi tanınmaq perspektivindən qətiyyən çəkinməyən, erməni revanşizmini körükləməyə çalışan bu həyasız “institut” hətta ABŞ Prezidenti Donald Trampa da müraciət edərək, onu Milad bayramı öncəsi Azərbaycandakı erməni “girovları ailələrinə qaytarmağa”kömək etməyə çağırıb. Ancaq biz Lemkin İnstitutunun bu addımına qətiyyən təəccüblənmirik. Ruben Vardanyan, Nubar Afyan kimi “beynəlxalq dərəcəli” dələduzlar tərəfindən maliyyələşdirilən və üstəgəl, idarə heyətində erməni lobbistlərinin də yer aldığı bu qurumun bu gün 8 avqust Vaşinqton razılaşmalarının əsas qarantı kimi tanınan D.Trampın Cənubi Qafqazda sülh siyasətinə zidd mövqe tutması anlaşılandır.

Onlar Bayden administrasiyasından hər cürə dəstək aldıqları kimi Trampın da xoş münasibətinə və dəstəyinə ümid bəsləyirlər. Lakin unudurlar ki, Tramp demokrat-qlobalistlərin təxribatlarına qarşı qətiyyətli mövqe tutur. Bu baxımdan erməni lobbisinin və Lemkin İnstitutunun Ruben Vardanyan və digər separatçılarla bağlı ABŞ liderinə müraciəti də tarixin arxivinə atılacaq. Separatçıların hamisi, “vəkil”i rolunda çıxış edən bu dairələr bir şeyi nəzərə almalıdırlar ki, hansısa beynəlxalq təşkilatın və ya dırnaqarası “institut”un məktublarının, çağırışlarının məhkəmə üçün heç bir əhəmiyyəti yoxdur. Heç bir məktub separatçıları ədalət məhkəməsindən xilas edə bilməz.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »