İran parlamenti Pezeşkianı impiçmentlə HƏDƏLƏDİ – Sərt etirazla QARŞILANDI

İranda parlamentin prezident Məsud Pezeşkianı impiçmentlə hədələməsinə islahatçılardan sərt reaksiya gəlib.

Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, ölkədə nüfuzlu islahatçı qüvvələrdən biri olan “Milli Etimad” Partiyasının sədr müavini İsmayıl Gerami Müqəddəm bu addımı görünməmiş hal kimi dəyərləndirib.

Gerami Müqəddəm bildirib ki, parlamentdəki məhdud bir azlığın impiçment tələbinə əsaslanaraq hökumət və prezidentin təhdid edilməsi indiyədək müşahidə olunmayıb. Onun sözlərinə görə, əvvəlki dövrlərdə heç bir hakimiyyət qolunun rəhbəri hökumətə qarşı bu cür davranış nümayiş etdirməyib.

Siyasətçi vurğulayıb ki, prezident Pezeşkian dəfələrlə ölkədəki problemlərlə xəbərdarlıq edib. O, əlavə edib ki, əgər dövlət başçısı problemlərin həllinin Nazirlər Kabinetində dəyişikliklə mümkün olduğu qənaətinə gələrsə, zəruri addımlar atılacaq.

Qeyd edək ki, İran parlamenti ağır iqtisadi böhran, xüsusilə də yüksək inflyasiya və sosial iğtişaşlar səbəbindən prezident Məsud Pezeşkiana qarşı impiçment prosedurunun başlanması ehtimalını müzakirə edir. Ölkə parlamenti hökumətə kadr dəyişiklikləri və rəsmi xəbərdarlıqlarla təzyiq göstərməyə başlayıb.

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib ki, “Əgər bu tədbirlər nəticə verməzsə, gərginliyi azaltmaq üçün kabinetin yenidən qurulması prioritet olacaq və lazımi islahatlar hökumət tərəfindən həyata keçirilməsə, parlament üzvləri impiçment proseduruna başlamağa məcbur olacaqlar”.

Comments are closed.

Tərcümə »