Azərbaycan–BƏƏ münasibətlərini daha da inkişaf etdirmək üçün hər iki dövlət böyük imkanlara malikdir

“Gələcəyin oyunlar-2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi bu tədbirə ev sahibliyi edən ölkə ilə – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərimizin gələcək perspektivləri baxımından əhəmiyyətli hadisədir. Dövlətimizin başçısı şəxsən BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu tədbirə qatılıb. Açılış mərasimindən öncə BƏƏ-nin paytaxtı Əbu-Dabidə İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əbu-Dabidə keçirilən “Gələcəyin oyunları-2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Görüş zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq həddinə yüksəltmək baxımından ərəb dünyasına liderlik edir. Azərbaycan-BƏƏ münasibətləri digər ərəb ölkələri üçün yaxşı nümunə ola bilər.

Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ildə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk müsəlman-ərəb ölkələrindən biri hesab olunur. Həmin kritik dönəmdə bu, Azərbaycan üçün olduqca mühüm bir dəstək idi. Aradan keçən 34 il ərzində dövlət başçıları Azərbaycan və BƏƏ arasında əlaqələrin inkişafı etdirilməsi üçün xüsusi səy göstəriblər. 1994-cü ildə Kasablanka şəhərində keçirilən İslam Sammiti çərçivəsində Azərbaycanın o vaxtkı dövlət başçısı, Ulu Öndər Heydər Əliyev və BƏƏ-nin lideri Şeyx Zayed bin Sultan Al Nahyan arasında baş tutan tarixi görüşdən sonra Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri ikitərəfli əlaqələri sürətlə inkişaf etməyə başlayıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan həmin təməl üzərində qurulmuş əlaqələri daha da genişləndirərək strateji tərəfdaşlıq səviyyəsinə çatdırıblar.

Prezident İlham Əliyevin BƏƏ-yə hazırkı səfəri strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu səfər Azərbaycan–BƏƏ münasibətlərinin strateji tərəfdaşlıq çərçivəsində keyfiyyətcə yeni, daha yüksək mərhələyə yüksəlməsinə zəmin yaradacaq. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş Azərbaycan–BƏƏ münasibətlərini daha da inkişaf etdirmək üçün hər iki dövlət böyük imkanlara malikdir. Xüsusən də enerji təhlükəsizliyi, enerji ixracının şaxələndirilməsi, “yaşıl enerji”yə keçid, nəqliyyat və logistika sahəsində əməkdaşlıq hər iki ölkəni qlobal müstəvidə önəmli aktorlara çevirir.

Həmçinin Orta Dəhlizin qlobal logistika mərkəzi kimi rolu Azərbaycanın və BƏƏ-nin daha sıx əməkdaşlığı üçün yeni imkanlar açır. BƏƏ rəhbərliyi Azərbaycanın Orta Dəhliz vasitəsilə Asiya ilə Avropa arasında yük daşımalarının genişləndirilməsindəki rolunu yüksək qiymətləndirir. Bu baxımdan Orta Dəhliz çərçivəsində Azərbaycanla əməkdaşlıq BƏƏ üçün strateji əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycan BƏƏ üçün Cənubi Qafqazda, BƏƏ isə Azərbaycan üçün Yaxın Şərqdə etibarlı dostluq və tərəfdaş missiyasını bundan sonra da uğurla davam etdirəcək.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »