Baş nazirin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq Təbriz və Culfaya gedib, Araz dəhlizində görülən işlərlə tanış olublar.
Nazirlər Kabinetindən verilən xəbərə görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev İrana səfəri çərçivəsində Şərqi Azərbaycan Əyalətinin mərkəzi Təbriz və Culfa şəhərlərində olmuş, əyalətin valisi Bəhram Sərmətslə görüşüb.
Baş nazirin müavini Şahin Mustafayev əyalətə səfəri çərçivəsində İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə birgə Araz dəhlizi üzrə həyata keçirilən Ağbənd-Kəlalə körpüsünə, Culfa-Kəlalə yoluna da baş çəkərək, körpünün tikintisi və yolun genişləndirilməsinin icra vəziyyəti ilə yerində tanış olub.
Səfər çərçivəsində həmçinin tikilməsi nəzərdə tutulan Ordubad-Siyahrud körpüsünün yerləşmə nöqtəsi üzrə mövcud imkanlar müzakirə olunub və yerləşmə ərazisinə baxış keçirilib.

Comments are closed.