Biz dövlət müstəqilliyimizin və suverenliyimizin qorunması üçün daim milli həmrəyliyə köklənməliyik

Ən yeni tariximizin misilsiz hadisələrinin ildönümlərini qeyd etmək bizə nəsib olan, taleyimizə yazılan ilahi qismət və üstünlükdür. Sentyabrın 19-u ən yeni tariximizə lokal antiterror tədbirlərinin başlandığı gün kimi, sentyabrın 20-si isə Dövlət Suverenliyi Günü kimi daxil olub. Qürur və şərəf dolu bu iki hadisə bir-birilə sıx bağlıdır. Azərbaycanın müasir tarixinə daha bir şərəfli günün daxil edilməsinə səbəb olan antiterror əməliyyatı, eyni zamanda, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin davamı və tamamı kimi yaddaşlara yazıldı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin vurğuladığı kimi biz 19-20 sentyabrda erməni separatizminin tabutuna sonuncu mismarı vurduq, separatizmi həmişəlik dəfn etdik, 200 illik tarixi ədalətsizliklərə son qoyduq, Cənubi Qafqazda reallıqları kökündən dəyişdik, dərin layları tərpətdik və tamamilə yeni reallıqlar yaratdıq.

Antiterror əməliyyatı separatizmə son qoymaqla Cənubi Qafqaz regionunda sülhün, əmin-amanlığın və təhlükəsizliyin təməlini qoydu. “İldırımsürətli əməliyyat” və yaxud “blitskriq” adlandıra biləcəyimiz bu əməliyyatın nəticəsində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin və beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müddəaları yerinə yetirilmiş oldu. Beləliklə, ölkəmiz regionda sülhün və təhlükəsizliyin əsas təminatçısı olduğunu bütün dünyaya göstərdi. 24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusunun tam şəkildə tərksilah edilməsi, Qarabağda qeyri-qanuni xunta rejiminin ləğv edilməsi və Azərbaycanın hüquq-mühafizə orqanlarının həyata keçirdiyi çevik tədbirlər nəticəsində separatçıların əsas rəhbərlərinin həbs edilərək Bakıya gətirilməsi sülh və təhlükəsizlik üçün etibarlı zəmin yaratdı.

Prezident İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüş zamanı çıxışında vurğuladığı kimi, “2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır”. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüzə, işğala və beynəlxalq qurumların ədalətsiz münasibətinə məruz qalan Azərbaycan 44 günlük Vətən müharibəsinin və antiterror əməliyyatının nəticəsində dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməyə nail oldu. Bu baxımdan 44 günlük müharibə ərazi bütövlüyümüzün, antiterror əməliyyatı isə dövlət suverenliyimizin tam bərpası əməliyyatı kimi tarixə düşdü.

2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması və sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsinin əsasının qoyulması isə hərb meydanındakı qələbələrimizin hüquqi və siyasi müstəvidə təsdiqi və nəticəsidir. Dövlət başçısı tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması həm dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət edir, həm də milli kimliyimizin hüquqi-siyasi əsaslarını təsdiqləyir, gələcək nəsillər üçün tarixi dövlətçilik ənənələrinin davamlılığını təmin edir. Eyni zamanda, milli birlik və həmrəyliyimizin güclənməsinə əlavə stimul verir. İndi Azərbaycan dövləti tam suverenliyə malikdir. Azərbaycanın bütün əraziləri üzərində suverenliyi tam şəkildə bərpa olunub, konstitusiya quruluşu və hakimiyyətin aliliyi təmin edilib, milli birliyimiz sarsılmaz xarakter alıb. Bəli, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasında xalq-dövlət və xalq-ordu birliyi də həlledici rol oynayıb. Bu baxımdan Dövlət Suverenliyi Günü həm də bu birliyin təsdiqidir. Dövlət Suverenliyi Günü milli birliyimizin və həmrəyliyimizin rəmzinə çevrilir.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxış edən Müzəffər Ali Baş Komandanımız İlham Əliyev şanlı Ordumuzun döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmasını haqlı olaraq böyük tarixi hadisə kimi qiymətləndirib. Çünki məhz 44 günlük müharibədə qazandığımız böyük Zəfər və 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatının uğurlu nəticələri son 200 illik tariximizdə və taleyimizdə köklü dönüş yaradıb. Prezidentin Qırmızı Bazar qəsəbəsində sakinlər ilə görüş zamanı çıxışında vurğuladığı kimi, “44 gün və bir gün – heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik. Fəxr edirik, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq”. Bu gün sülh şəraitində yaşamağımıza, qurub-yaratmağımıza görə şəhidlərimizə də əbədi olaraq minnətdar olacağıq. Vətən uğrunda şəhid olmaq böyük qəhrəmanlıq nümunəsidir. Biz onların fədakarlığını daim yadımızda saxlayacaq və onların xatirəsinə hər zaman ehtiramla yanaşacağıq.

Şəhidlər işıqlı gələcəyimiz üçün, Böyük Qayıdışımız üçün yol açdılar. Bu gün Azərbaycanın qarşısında duran ən mühüm strateji vəzifələrdən, prioritet istiqamətlərdən biri də işğaldan azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq işlərinin davamı kimi layiqli və dayanıqlı məskunlaşmanın təmin olunması üçün Böyük Qayıdışın uğurla həyata keçirilməsidir. Hazırda bu istiqamətdə mühüm addımlar atılır. Azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzur ərazilərində Prezident İlham Əliyevin irəli sürdüyü strateji “yol xəritəsi”nə əsasən geniş bərpa və quruculuq işləri aparılır. Dövlət başçısının sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdə qeyd etdiyi kimi indi bütün Qarabağ, bütün Şərqi Zəngəzur nəhəng tikinti meydançasını xatırladır və “Böyük Qayıdış” Proqramı da uğurla icra edilir. Məcburi köçkünlər mərhələ-mərhələ doğma yurdlarına qaytarılır.

Bütün bunlar ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin nəticəsində mümkün olub. Ərazi bütövlüyümüz və suverenliyimiz xalqımızın milli sərvətidir. Bu tarixi həqiqət “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamında da öz əksini tapıb. Həmin sənədin preambulasında deyilir: “Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunması bu sərvəti qorumağımıza və milli birliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir. Dövlət Suverenliyi Gününün ümumölkə səviyyəsində qeyd olunması o deməkdir ki, Azərbaycanın suverenliyini qorumaq təkcə Ordumuzun yox, bizim hər birimizin ən müqəddəs vəzifəsidir. Bu mənada Suverenlik Gününün qeyd olunmasına zəmin yaradan lokal antitertor əməliyyatı hər zaman müstəqillik salnaməmizin ən şanlı və əzəmətli səhifələrindən biri kimi yaddaşımızda qalacaq. Müstəil, suveren dövləti olan xalq öz taleyinə sahib çıxmış xalq sayılır. Biz dövlət müstəqilliyimizin və suverenliyimizin qorunması üçün daim milli həmrəyliyə köklənməliyik.

Müstəqilliyimizin qorunub saxlanmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsində və ilk Konstitusiyamızın qəbul edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini də heç vaxt unutmuruq. 1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı və həmin il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Bu tarixi sənəd müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını müəyyənləşdirdi, insan və vətəndaş hüquq və azadlıqlarını təmin edən ali qanun kimi tarixə düşdü və suverenliyimizin bərpa edilməsi üçün “yol xəritəsi”nə çevrildi. Ulu Öndər haqlı olaraq Konstitusiyanı dövlət suverenliyimizin və milli maraqlarımızın əsas təminatçısı hesab edirdi. Onun başlatdığı bu kursu Prezident İlham Əliyev uğurla həyata keçirdi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsinə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam olaraq bərpa edilməsinə nail oldu. Dövlətimizin başçısının qeyd etdiyi kimi müstəqil və suveren dövlətə sahib olmaq, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Bu arzunun gerçəkləşməsi yolunda son nöqtə isə 2023-cü ilin 19-20 sentyabrında keçirilən antiterror əməliyyatı çərçivəsində Azərbaycanın dövlət suverenliyinin bərpa edilməsi ilə qoyuldu. Beləliklə, biz bu əsrdə tarixi ədaləti hərbi yolla həll edən ilk ölkə, ilk xalq kimi tarixə düşdük. Konstitusiya quruluşunun və suveren hüquqlarının bərpa edilməsi Azərbaycan dövlətinn gücünün göstəricisidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »