GƏRGİNLİK ARTIR: Alman döyüş təyyarələri Belarus sərhədində

Almaniya ilk dəfə olaraq “Eurofighter Typhoon” tipli döyüş təyyarələrini Polşaya yerləşdirib.

Musavat.com xəbər verir ki, bu barədə Polşa Ordu Komandanlığı avqustun 4-də “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, NATO-nun kollektiv müdafiə çərçivəsində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus 5 ədəd “Eurofighter EF-2000 Typhoon” qırıcı təyyarəsi yaxın həftələrdə Minsk Mazovetski şəhərindəki 23-cü Taktiki Hava Bazasında yerləşdiriləcək.

Təyyarələr alyansın şərq cinahında hava hücumundan müdafiə əməliyyatlarını dəstəkləyəcək.

Almaniya Hərbi Hava Qüvvələri (Luftwaffe) DPA agentliyinə bildirib ki, qırıcılar avqustun 5-dən etibarən Varşavanın şərqindəki aerodromda yerləşdiriləcək və burada bir aydan az qalacaqlar. Onlara xidmət göstərmək üçün təxminən 150 nəfərlik Bundesver hərbçisi də əraziyə ezam olunacaq.

Qurumun məlumatına görə, Almaniya Hərbi Hava Qüvvələri hələ apreldən etibarən Polşanın hava məkanının qorunmasına yardım edir. Daha əvvəl alman qırıcıları Rostok yaxınlığındakı aerodromdan uçuşlar həyata keçirirdi. Polşa tərəfi onların yenidən Minsk Mazovetskiyə yerləşdirilməsini xahiş edib.

Qeyd edək ki, Minsk Mazovetski yaxınlığındakı aviabaza Belarusla sərhəddən 100 km, Ukrayna ilə sərhəddən isə 160 km məsafədə yerləşir. Polşa Hərbi Hava Qüvvələri bu bölgədən Rusiyanın Ukraynanın qərb hissəsinə endirdiyi hücumlara cavab olaraq bir neçə dəfə qırıcılarla havaya qalxıb.

Luftwaffe sözçüsü Almaniyanın “Bild” qəzetinə açıqlamasında bildirib ki, alman qırıcılarının Polşaya göndərilməsi ilk dəfədir ki, baş verir. Almaniya Müdafiə Nazirliyi isə nəşrə açıqlamasında qeyd edib ki, qırıcılar Polşa hava məkanının mümkün pozulması hallarına dərhal reaksiya vermək imkanına malik olacaq. “Bild”in məlumatına görə, onlar ən azı sentyabrın 3-dək Polşada qalacaqlar.

Comments are closed.

Tərcümə »