İraqın Kürdüstan bölgəsindəki neft yataqlarına üçüncü gündür davam edən pilotsuz təyyarələrin hücumu neft hasilatını sutkada 140-150 min barel azaldıb.
Musavat.com xəbər verir ki, məlumatı Reuters-in enerji sənayesi rəsmilərinə istinadən yayıb.
Hücumların arxasında kimin olduğu hələlik məlum deyil və heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Kürdüstan Bölgəsinin Enerji Nazirliyinin məlumatına görə, hücumlardan əvvəl regionun ümumi hasilatı sutkada 285 min barel təşkil edib. Həmçinin infrastruktura böyük ziyan dəydiyi üçün bir neçə neft yatağının fəaliyyətini dayandırdığı və hücumlar zamanı enerji sektorunda çalışan mülki işçilərin də hədəf alındığı bildirilib.
Gulf Keystone Petroleum şirkəti İraq Kürdüstanının ən böyük neft yataqlarından biri olan Şaikan yatağında hasilatı bölgədəki hücumlara görə dayandırdığını bildirib: “Təhlükəsizlik məqsədilə GKP istehsalı müvəqqəti dayandırmaq qərarına gəlib və işçilərini qorumaq üçün tədbirlər görüb. Şirkətin aktivlərinə heç bir təsir olmayıb”.
Gulf Keystone, İraq Kürdüstan Regional Rəhbərliyi (KRG) ilə hasilatın pay bölgüsü müqaviləsinə malikdir və bu müqaviləyə əsasən, paytaxt Ərbildən təxminən 60 kilometr şimal-qərbdə yerləşən Şaikan neft yatağının lisenziyasında 80 faiz paya malikdir.
Kürdüstan Bölgəsi Təbii Sərvətlər Nazirliyi bildirib: “Bir sıra terror aktları Dohuk vilayətinin Zaxo Müstəqil Administrasiyası və Şexan rayonunda Tauke, Peşkabur və Ain Sifni neft yataqlarına bombalar atan pilotsuz təyyarə tərəfindən həyata keçirilib”.
Türkiyə ilə həmsərhəd Zaxo bölgəsindəki Tauke və Peşkabur neft yataqlarını idarə edən Norveç neft şirkəti DNO, heç bir itkiyə səbəb olmayan partlayışlardan sonra yataqlarda hasilatı müvəqqəti dayandırdığını bildirib: “Hazırda zərərin qiymətləndirilməsi aparılır və şirkət qiymətləndirmə başa çatdıqdan sonra istehsalı bərpa etməyi planlaşdırır”.
İraqın şimalındakı Dohuk bölgəsində ABŞ-ın Hunt Oil şirkətinin idarə etdiyi Ain Sifni neft yatağına da hücum edilib. Hücumla bağlı əlavə məlumat verilməyib. Çərşənbə axşamı İraq Kürdüstanındakı Sərsəng neft yatağında, ABŞ operatoru İraqla başqa bir yatağın işlənməsi ilə bağlı müqavilə imzalamazdan bir neçə saat əvvəl pilotsuz təyyarə hücumu nəticəsində hasilat dayandırılıb.
İraq Kürdüstanındakı təhlükəsizlik mənbələri bildiriblər ki, ilkin araşdırmalar pilotsuz təyyarənin “İranın dəstəklədiyi qüvvələrin nəzarəti altında olan” ərazilərdən gəldiyini göstərib.
Dünən həmçinin iki pilotsuz təyyarə İraq Kürdüstanının Ərbil yaxınlığındakı Xurmala neft yatağına düşüb və yataqdakı su borularını zədələyib.
Comments are closed.