Azərbaycan bütün kənar müdaxilələri neytrallaşdırmağa müvəffəq olan ölkələrdən biridir

Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibəsində imperialist keçmişi olan ölkələrin hələ də başqa ölkələrin işlərinə müdaxilə etmək, dominantlıq etmək, diktə etmək istəkləri barədə danışması günümüz üçün olduqca aktual məsələdir. Bəli, əfsuslar olsun ki, bu gün də belə ölkələr var. Özlərini super güc, qlobal aktor hesab edən bu ölkələrin başında Fransa dayanır.

Fransanın yürütdüyü anormal, destruktiv siyasət dünyanın bir sıra bölgələrində olduğu kimi Cənubi Qafqazda da daim gərginliyin artmasına səbəb olub, qalıcı sülhün və sabitliyin bərqərar olmasını əngəlləyib. Emmanuel Makron kimi həddindən artıq iddialı və avantürist bir şəxsin rəhbərlik etdiyi Fransa bu gün də özünü kollektiv Avropanın (Avropa İttifaqının) lideri qismində apararaq ekspansionist, neokolonialist siyasətini davam etdirir. Əlbəttə, heç kim Fransaya belə bir hüquq verməyib. Beynəlxalq hüquq da Fransaya başqa ölkələrin işlərinə qarışmağa ixtiyar vermir. Sadəcə olaraq, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması statusundan sui-istifadə edərək özü bu “hüquq”u mənimsəyib.

Makron da özünü hələ də Baydenin dövründəki liberal-qlobalist ağalığının ab-havasına uyğun aparır. Bu da qlobalistlərin köhnə ənənəsindən qaynaqlanır. Qlobalistlər burunlarını başqa ölkələrin daxili işlərinə soxmağı, dünyanın bu və ya digər regionda vaxtaşırı siyasi qarışıqlıqlar törətməyi, yeni münaqişə ocaqlarını yaratmağı, köhnələrini isə yenidən alovlandırmağı artıq dəyişməz ənənəyə çevirmişdilər. Bu isə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla bərabər, həmçinin dünyada qeyri-sabit vəziyyətin hökm sürməsinə səbəb olurdu və təəssüf ki, bu gün də səbəb olur.

Azərbaycan Prezidenti də “China Global Television Network”-a (CGTN) müsahibəsində məhz bu amili nəzərdə tutaraq, dünya ağalığına iddialı olan bəzi ölkələrin hegemon davranışlarının dünyada münaqişələrə, narazılıqlara, müharibələrə səbəb olduğunu vurğulayıb: “Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”.

Dövlətimizin başçısının bu fikirlərini Makron Fransasına ünvanlanmış mesaj kimi də qiymətləndirmək olar. Fransa lideri öz ölkəsinin kolonialist, imperialist keçmişinə nəzər salmalı və ən yeni tarixdən ibrət dərsi almalıdır. Bu gün Fransa müstəmləkəçiliyi qoruyub saxlamağa çalışdığı hər yerdən qovulur. Fransanı hər yerdən biabırçı şəkildə qovurlar. Afrika qitəsində baş verən son proseslər də buna əyani misaldır. Makron Fransasına Cənubi Qafqazda da yer yoxdur. Bu kontekstdə ABŞ-a səfərindən məyus və əliboş geri dönən Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya ümid bəsləməsi absurddur. Çünki ABŞ-da Baydenin “xaç ata”lığı ilə liberal-demokratların hökmranlıq erası başa çatdığı kimi Makronun da Fransada və Avropa İttifaqındakı uğursuz liderlik erası artıq başa çatmaq üzrədir.

Qlobalistlər hər yerdə iflasa uğrayır. Onların bu və ya digər ölkənin işlərinə müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək dövrü bitmək üzrədir. Azərbaycan isə bütün kənar müdaxilələri neytrallaşdırmağa müvəffəq olan ölkələrdən biridir. Cənab Prezidentin sözügedən müsahibədə vurğuladığı kimi, biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq. Heç də hər bir ölkənin bunu etmək üçün potensialına malik olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev onu da qeyd edib ki, biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq.

Azərbaycanın milli maraqları, həyat tərzini və müstəqil siyasəti qəti şəkildə müdafiə edib çoxlu uğur qazandığını vurğulayan dövlət başçısı deyib: “Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”. Dövlətimizin başçısı həmçinin bildirib ki, “iqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar – bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı”. Bütün bunlar sözsüz ki, ölkəmizin uğurlu gələcəyi barədə nikbin düşünməyimizə əsas verir. Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmağımız isə iqtisadi gücümüzü daha da artırmaq üçün əlavə imkanlar yaradacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »