Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. Hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə “Reuters” agentliyinə bir sıra yeni faktları açıqlayıb.
Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın “Pantsir-S” raketi ilə vurulub.
“Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, – mənbə bildirib.
Hadisə nəticəsində dünyasını dəyişənlərdən biri də təyyarənin stüardessası Hökumə Əliyeva olub. Ona və pilotlar – İqor Kşnyakin və Aleksandr Kalyaninova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Hökumə Əliyevanın atası Cəlil Əliyev Modern.az-a açıqlamasında təyyarəmizi vuranlara ölüm hökmünün verilməsini istədiyini deyib:
“Hökumətimiz nə lazımdırsa, edəcək. Əgər məni məhkəməyə filan çağırsalar, ən yüksək cəza hansıdırsa, onun verilməsini istəyərəm. Mənə maraqlıdır ki, niyə və nə səbəbə onlar bizim təyyarəmizi vurublar. Valideyn övladı üçün canını qurban edər. Təki təyyarəmizi vuranlar şəhid olanlar kimi ölələr. Kaş ki, onlara ölüm hökmü verilə”.
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Comments are closed.