Kreml bu köpəklərin ritorikası ilə Azərbaycan dövlətinin müstəqil siyasət yürütməsinə əsla mane ola bilməz
Ölkəmizin konstitusiya quruluşunu zorla devirmək ittihamı ilə Azərbaycan tərəfindən axtarışa verilən üç rusiyalının açıqlamaları onların şəxsi fikridir, yoxsa rəsmi Moskvanın qeyri-rəsmi mövqeyidir?
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ənənəvi riyakar rus diplomatı qiyafəsinə bürünərək bildirir ki, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar, ərazi bütövlüyünün pozulması, etnik nifrət, düşmənçiliyin qızışdırılması və terrorizmə açıq çağırışlar edən Rusiyanın üç vətəndaşının – “Moskva 24” televiziya kanalının aparıcısı İvan Knyazev, media eksperti Semyon Uralov və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevin səsləndirdikləri məlum fikirlər guya Rusiyanın Bakı ilə münasibətlərə yanaşmasını əks etdirmir: “Bu şəxslərin açıqlamaları heç bir şəkildə Moskvanın Azərbaycana yanaşmasını əks etdirmir”.
Zaxarovanın bu açıqlamasına inanmaq, güvənmək olarmı? Yox, əsla, yox! Çünki biz həm M.Zaxarovanın özünün, həm də onun birbaşa “şef”i olan Sergey Lavrovun ağ yalanlarına zaman-zaman şahidlik etmişik. Ümumiyyətlə, Rusiya rəsmiləri utanıb-qızarmadan yalan danışmağı çox yaxşı bacarırlar. Üstəgəl, bir faktı da nəzərə alsaq ki, sözügedən üç rusiyalı jurnalist və ekspertlərin təxribatçı açıqlamalarından bir müddət sonra, Mariya Zaxarovanın özü də “Çistota Ponimaniya” adlı həmin proqrama qatılıb və Knyazev, Uralov və Çadayevlə həmsöhbət olub, bu faktın özü də bir daha sübut edir ki, həmin proqram birbaşa Kremlin diktəsi ilə hazırlanır.
Başqa sözlə desək, Knyazev, Uralov və Çadayev öz şəxsi mövqeyini bildirən müstəqil jurnalist, müstəqil analitiklər yox, Putinin güllələri boşa çıxan “müşketyor”larıdır. Çünki Rusiyada azad mətbuatın, müstəqil analitikanın mövcud olmadığı və bütün KİV-lərin, bütün ekspertlərin birbaşa Kremlin tezisləri əsasında fəaliyyət göstərməsi hər kəsə məlumdur. Ona görə də, Zaxarovanın “Bu şəxslərin açıqlamaları heç bir şəkildə Moskvanın Azərbaycana yanaşmasını əks etdirmir” açıqlamasının doğruluğuna onun özündən başqa heç kim inanmır. Daha doğrusu, hətta onun özü də inanmır. Lakin protokol xatirinə belə bir qeyri-səmimi açıqlama ilə çıxış etməyə sadəcə məcbur olub.
Ancaq biz artıq Rusiya mediasında qərəzli anti-Azərbaycan ritorikasına öyrəncəliyik və Kremlin informasiya hücumlarına, hibrid savaş addımlarına qarşı güclü immunitetimiz formalaşıb. Ona görə də Azərbaycan Moskvanın hücumlarına qarşı qətiyyətli şəkildə mübarizə aparır. Sözügedən şəxslərin Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilməsi də bu mübarizənin tərkib hissəsidir. Bu şəxslər Azərbaycan xalqını, Azərbaycan dövlətini və dövlət başçısını hədəfə almağın bədəlini ödəməlidirlər. İmperiya təfəkküründən heç cürə xilas olmaq istəməyən Kreml nəhayət anlamalıdır ki, Azərbaycana və digər müstəqil respublikalara qarşı güc nümayişi qəbuledilməzdir.
Azərbaycan Kremlin postsovet ölkələrinin suverenliyinin sərhədlərini müəyyənləşdirmək hüququna malik olması fikrini tamamilə rədd edir. Rusiya qonşu ölkələrə özünün “arxa bağça”sı kimi, forpostu kimi yanaşmaq vərdişlərindən əl çəkməlidir. Zatulin, Tolstoy, Nikonov, Fedorov, Valuyev, Milonov, Solovyov kimi şovinist köpəklər də müstəqil dövlətlərə dil uzatmaq ənənəsinə son qoymalıdırlar. Kreml bu köpəklərin ritorikası ilə Azərbaycan dövlətinin müstəqil siyasət yürütməsinə əsla mane ola bilməz. Azərbaycan Prezidentini hədəfə almaq da Kremlin çox ciddi səhvidir. İlham Əliyev Rusiya ilə onun öz dilində, öz tərzində danışmağın, Kremlin təxribatlarını neytrallaşdırmağın yolunu yaxşı bilir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.