Cənubi Qafqaz artıq münaqişə regionundan sülh və əməkdaşlıq vahəsinə çevrilir

TRIPP layihəsinin Ermənistan–Azərbaycan sülh prosesində rolu haqqında

ABŞ Dövlət katibi Marko Rubio Senatda çıxışı zamanı TRIPP layihəsini (Zəngəzur dəhlizi) Ermənistan və Azərbaycan arasında sülh sazişinin “lövbəri” adlandıraraq onun region üçün strateji əhəmiyyətini vurğulayıb. M.Rubionun TRIPP layihəsini “sülh sazişinin lövbəri” adlandırması təsadüfi deyil. Layihə həm iqtisadi, həm siyasi, həm də sosial müstəvidə Ermənistan–Azərbaycan münasibətlərini yeni mərhələyə daşımaq potensialına malikdir. Bu bəyanat Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

TRIPP layihəsinin mahiyyəti barədə danışan Rubionun nitqində diqqəti çəkən bir digər mühüm məqam isə onun Zəngəzur dəhlizinin inqilabi əhəmiyyətli layihə olduğunu vurğulamasıdır. Belə ki, ABŞ Dövlət katibi deyib ki, TRIPP sadəcə lövbər deyil, həm də “inqilabi xüsusiyyətə malik” bir təşəbbüsdür. Bu, olduqca maraqlı yanaşmadır. Tramp administrasiyasının əsas simalarından biri olan M.Rubionun Zəngəzur dəhlizini (TRIPP Marşrutu) inqilabi təşəbbüs adlandırması heç də təsadüfi deyil.

Rubio nəyə görə TRIPP xəttini “sülhün lövbəri” və “inqilabi təşəbbüs” kimi dəyərləndirib? Bu sualın ümumiləşdirilmiş cavabını elə Rubionun öz açıqlamasından da tapmaq mümkündür. Belə ki, Rubio deyib ki, “TRIPP, əslində, lövbərdən daha artıqdır və inqilabi xüsusiyyətə malikdir. Beləliklə, biz hazırda bu işdə çox fəal iştirak edirik. Biz, sözün əsl mənasında, müqaviləni imzaladıq və bu, bizə özəl sektorun, Amerika maraqlarının xeyrinə, eləcə də Ermənistan, Azərbaycan və digər regional ölkələrin xeyrinə Amerika şirkətlərinin investisiya qoymasına imkan verəcək və ümid edirik ki, bizi stimullaşdıracaq”. Burada “müqaviləni imzaladıq” deyərkən, söhbət 2025-ci ilin 8 avqustunda Vaşinqton sammitində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış ilkin razılaşmalardan, sülh sazişinin mətninin paraflanmasından və TRIPP-lə bağlı anlaşmadan gedir.

Rubionun da qeyd etdiyi kimi, TRIPP layihəsi bir tərəfdən ABŞ-ın özəl sektorunun regiona investisiya qoymasına şərait yaradır və Amerika maraqlarını regional sabitliklə uzlaşdırır. ABŞ-ın bu layihədə fəal iştirakı həm regionda geosiyasi güc balansını dəyişdirir və Rusiyanın, Çinin, Avropa İttifaqının (Aİ) təsirini tarazlaşdıraraq Cənubi Qafqazda çoxqütblü əməkdaşlıq mühitini gücləndirir, həm də layihə vasitəsilə regiona yönələn investisiyalar Ermənistan və Azərbaycanla yanaşı, digər regional ölkələrin iqtisadi inkişafına da töhfə verməyi hədəfləyir.

Digər tərəfdən isə, TRIPP layihəsinin sülh prosesində birbaşa rolu önə çıxır. Belə ki, layihə vasitəsilə regiona investisiyaların qoyuluşu Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirərək qarşılıqlı maraqların formalaşmasına səbəb ola bilər. Bu isə münaqişə risklərini minimuma endirən mühüm mexanizmdir. Başqa sözlə desək, TRIPP layihəsi sülh prosesindəki çətinlikləri iqtisadi əməkdaşlıq və xarici investisiyalarla yumşaldaraq uzunmüddətli sülhün təmin olunmasına real zəmin yarada bilər. Bu baxımdan,
TRIPP layihəsi yalnız iqtisadi deyil, həm də siyasi etimadın möhkəmlənməsinə xidmət edir. Müqavilənin imzalanması tərəflər arasında diplomatik dialoqun institusional əsaslarını gücləndirir.

Rubionun TRIPP xəttini “sülhün lövbəri” və “inqilabi təşəbbüs” kimi dəyərləndirməsi Ağ Evdə Zəngəzur dəhlizinin geosiyasi və geoiqtisadi əhəmiyyətinin düzgün anlaşılmasından xəbər verir. Bu kontekstdə, Ağ Evin hazırkı rəhbərliyinin Rusiyanın və İranın bütün maneçilik cəhdlərinə rəğmən TRIPP layihəsinin icrası istiqamətində qətiyyətli mövqe nümayiş etdirməsi həqiqətən də təqdirə layiqdir. TRİPP layihəsi ABŞ-ın regiondakı nüfuzunu gücləndirəcək. Bu layihə Orta Dəhlizin əsas hərəkətverici istiqamətlərindən biri olaraq bütövlükdə Cənubi Qafqazın və Mərkəzi Asiyanın nəqliyyat və geosiyasi xəritəsini yenidən formalaşdıracaq. Bu da o deməkdir ki, Cənubi Qafqaz artıq münaqişə regionundan sülh və əməkdaşlıq vahəsinə çevrilir. İndi Cənubi Qafqazda qalıcı sülhün reallaşması mümkün görünür. Beləliklə, görünən budur ki, İlham Əliyevin dəhlizlər üzərindən sülh diplomatiyası özünü doğruldur.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »