Ermənistan Rusiyadan uzaqlaşarsa, Kremlin də Ermənistana eynilə Ağ Evin Kubaya tətbiq etdiyi sanksiyalara bənzər məhdudiyyətlər tətbiq edilə bilər
ABŞ dövlət katibi Marko Rubionun mayın 26-da İrəvana səfər etməsi, seçki ərəfəsində bir daha hazırkı baş nazir Nikol Paşinyanın Qərbyönlü kursunu dəstəkləməsi və “TRIPP dəhlizi” (Tramp marşrutu-Zəngəzur dəhlizi) layihəsi ilə bağlı saziş imzalaması sözün əsl mənasında Rusiyanın hakim dairələrində ciddi ajiotaj doğurub. Kreml Cənubi Qafqazdakı son gəlişmələrdən dərin narahatlıq keçirir. Çünki Ermənistanın Qərbə inteqrasiyası, TRIPP dəhlizi və strateji tərəfdaşlıq sazişləri Ermənistanı ABŞ-a və Avropaya daha da yaxınlaşdırır. Bu isə öz növbəsində ölkənin Rusiya ilə ənənəvi müttəfiqlik münasibətlərini kökündən zəiflədir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşən M.Rubio, ABŞ-ın Paşinyanın kursuna açıq dəstəyini bildirdi: “Sizin komandanız Ermənistan üçün daha parlaq və müstəqil gələcəyə yol açır. Biz buradayıq ki, sizin cəsarətinizə və vizyonunuza dəstəyimizi göstərək”. TRIPP layihəsinin həyata keçirilməsi üçün Tramp administrasiyasının siyasi qətiyyət nümayiş etdirməsi də sözügedən dəstəyin mühüm tərkib hissəsidir. Avtomobil və dəmir yolu dəhlizi olacaq “Tramp Marşrutu” (Zəngəzur dəhlizi) Ermənistan üzərindən keçərək Azərbaycanın Naxçıvan eksklavı ilə əlaqəni təmin edəcək. Naxçıvanın Zəngəzur dəhlizi üzərindən birləşdirilməsi Azərbaycanın iqtisadi və logistik üstünlüklərini artırır. Bu dəhliz Bakı–Naxçıvan bağlantısını gücləndirməklə yanaşı, həm də Türkiyənin bütün Türk dünyası ilə quru əlaqəsini təmin edəcək. Kremli narahat edən əsas məqamlardan biri də məhz budur.
Marko Rubio erməni həmkarı Ararat Mirzoyan ilə görüş əsnasında TRIPP layihəsinin həyata keçirilməsini ABŞ və Ermənistan arasında mühüm iqtisadi dəhliz razılaşması kimi qiymətləndirib. ABŞ dövlət katibi vurğulayıb ki, bu saziş bölgədə sülhün möhkəmlənməsi və rifahın artması üçün indiyə qədər atılmış ən mühüm addımdır. Əsası Donald Trampın vasitəçiliyi ilə ötən il avqustun 8-də Vaşinqton sammitində Nikol Paşinyan və İlham Əliyev arasında imzalanmış tarixi sülh sazişi ilə qoyulan TRIPP layihəsi sülh və əməkdaşlıq üçün həqiqətən də çox geniş imkanlar aça bilər. ABŞ Ermənistanı Qərbə yaxınlaşdırmaq üçün iqtisadi və strateji layihələrlə dəstək verir, regiondakı mövqeyini daha da gücləndirir. Lakin Rusiya isə buna sərt təpki göstərir. Kreml Ermənistanı Qərbyönlü siyasətin nəticələri barədə dəfələrlə xəbərdar edib, o cümlədən qaz və əsas ixrac məhsullarının dayandırılması ilə hədələyib. Həmçinin İran da Rusiyanın narahatlığını bölüşərək TRIPP layihəsinə qarşı çıxış edir. Beləliklə, Qərbin və regional güclərin rəqabəti Cənubi Qafqaz regionu üçün yeni çağırışlar, risklər yaradır. Moskva-Tehran oxunun anti-TRIPP dirənişi regionu gərginliklərə sürükləyə bilər. Ona görə də Rubionun İrəvana səfərinin region üçün mümkün nəticələri barədə hələlik birmənalı, konkret fikir söyləmək mümkün deyil. Rubionun səfəri çərçivəsində imzalanan ABŞ-Ermənistan razılaşmaları sözsüz ki, həm Ermənistan üçün Qərbə açılan qapı, həm də Azərbaycan üçün ciddi strateji üstünlükdür. Amma eyni zamanda Rusiya və İranın neqativ reaksiyalarının region üçün yeni risklər doğura biləcəyini də göz ardı etmək olmaz.
Bu arada Kremlin maraqlarından çıxış edən bəzi erməni əsilli ekspertlər isə Ermənistan seçicilərini Nikol Paşinyana səs verməkdən çəkindirmək üçün cürbəcür hipotetik-fantastik “ssenari”lər irəli sürür və hətta əgər Ermənistan Rusiyadan uzaqlaşarsa, Kremlin də Ermənistana eynilə Ağ Evin Kubaya tətbiq etdiyi sanksiyalara bənzər məhdudiyyətlər tətbiq edə biləcəyini deyirlər. Bütün bunlar təbii ki, Ermənistan ictimaiyyətinin qorxudulmasına, ictimai rəydə süni şəkildə panika yaradılmasına hesablanıb. Beləliklə, görünən budur ki, Ermənistan uğrunda geosiyasi rəqabət özünün ən gərgin – yekun mərhələsinə daxil olur. Rubionun İrəvana səfəri bu gərginliyi biraz da qızışdırdı. Bakı və Ankara isə proseslərin gedişini diqqətlə izləyir. Hazırkı durumda proseslər bizim maraqlarımıza uyğun müstəvidə cərəyan edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.