Avropa Parlamenti kimi destruktiv qurumlar öz qərəzli addımları ilə siyasi dialoqun və əməkdaşlığın inkişafına mane olurlar

Zəngəzur dəhlizində ABŞ-ı əvəzləmək istəyən Avropa İttifaqının (Aİ) patronajlığı altında İrəvan şəhərində Avropa Siyasi Birliyi 8-ci Sammitinin işə başlaması həm sivilləşmək, davakar ölkədən dinc ölkəyə çevrilmək istəyən Ermənistan üçün, həm də bütövlükdə region üçün mühüm hadisədir. Onu da nəzərə alsaq ki, Avropa Siyasi Birliyinin 10-cu Sammiti 2028-ci ildə Azərbaycanda keçiriləcək, bu platformanın regiondakı proseslərə pozitiv təsir imkanları getdikcə daha da arta bilər. Çünki bu platformanın əsas məqsədi Avropa ölkələri arasında siyasi dialoqu və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməkdir.

Hərçənd ki, Avropa Siyasi Birliyi 2022-ci ildə Emmanuel Makronun təşəbbüsü ilə yaradılıb və Fransa lideri ötən müddət ərzində Ermənistan-Azərbaycan normallaşma prosesinə mane olmaq üçün şəxsən əlindən gələn hər şeyi edib. Maraqlıdır ki, Makron İrəvan şəhərində keçirilən Avropa Siyasi Birliyinin bugünkü plenar iclasında çıxışı zamanı Ermənistanı Rusiyanın keçmiş forpostu adlandırsa da, lakin Parisin də eynilə Rusiya kimi Ermənistanı de-fakto Fransanın regionda peykinə, forpostuna çevirməyə çalışdığını və Ermənistanı Azərbaycana qarşı revanşizmə təhrik etdiyini etiraf etmədi. Ancaq bütün bunlara baxmayaraq Azərbaycan və Ermənistan sülh prosesində ciddi irəliləyişə nail olmaq üçün Avropa Siyasi Birliyi platformasının imkanlarından kifayət qədər səmərəli istifadə edib.

Avropa Siyasi Birliyinin İrəvan şəhərində keçirilən sammitində videobağlantı vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımların atıldığını və artıq sülh prosesinin real nəticələri müşahidə olunduğunu bildirdi. Ötən ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderlərinin birgə bəyannamə imzaladıqlarını xatırladan dövlətimizin başçısı sülh əldə edildikdən sonra Azərbaycanın 1990-cı illərin əvvəllərində Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdığını vurğuladı və Azərbaycanla Ermənistan arasında sülhün artıq reallığa çevrilməsinin nəticələri kimi Azərbaycanın Ermənistana 12 min ton neft məhsulu ixrac etdiyini və ümumilikdə bu günədək qonşu ölkəyə 28 min ton yük çatdırıldığını qeyd etdi.

Bütün bunlar Azərbaycanla Ermənistanın real sülh şəraitində yaşamağı öyrənməsinin göstəricisidir. Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında iştirak edən liderlərin diqqətinə çatdırdı ki, hazırda ölkələrimiz və xalqlarımız sülh şəraitində yaşamağı öyrənir: “Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik”. Bu həqiqəti bu gün İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Sammitində çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan da vurğuladı. Belə ki, Avropa Siyasi Birliyi fəaliyyətinin vacibliyinə toxunan və Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasında bu platformanın mühüm rolu olduğunu qeyd edən Nikol Paşinyan Ermənistan və Azərbaycanın Avropa Siyasi Birliyinin sammitlərinə ev sahibliyi ilə bağlı bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiyini xatırlatdı və eyni zamanda, Bakıda keçiriləcək sammitdə iştirak edəcəyinə ümid etdiyini bildirdi: “Ümid edirəm ki, 2028-ci ildə keçiriləcək Avropa Siyasi Birliyi Sammitində iştirak etmək üçün Azərbaycana səfər etmək imkanım olacaq”.

Ermənistanın Baş naziri Nikol Paşinyan eyni zamanda onu da qeyd etdi ki, Avropa Siyasi Birliyi platforması həmçinin Ermənistan və Türkiyə arasında təmasların qurulmasında da mühüm rol oynayıb: “Türkiyə Prezidenti ilə ilk ikitərəfli görüşüm 2022-ci ilin payızında Praqada keçirilən ilk Avropa Siyasi Birliyi Sammiti çərçivəsində baş tutub. Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın İrəvandakı sammitdə iştirakı da mühüm hadisə olub. Vurğulayım ki, Cevdet Yılmaz Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidentidir”. Beləliklə, Avropa Siyasi Birliyinin postmüharibə dövründə regional təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi əlaqələrin qurulması istiqamətində təşəbbüslərə əlavə təkan verdiyini qeyd etmək mümkündür. Lakin çox təəssüflər olsun ki, Avropa Parlamenti kimi qurumlar sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sabotaj etməyə cəhd göstərirlər.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-bağlantı zamanı bu məsələyə də münasibət bildirdi. Belə ki, Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı mövqeyinə görə Avropa Komissiyasına təşəkkürünü bildirən dövlətimizin başçısı, eyni zamanda, bütün Avropa institutlarının oxşar yanaşmanı nümayiş etdirmədiyini də diqqətə çatdırdı və ikili standartlara öz etirazını bildirdi: “Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir. Avropa Parlamenti də sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, onu sabotaj etməyə yönəlir. 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasından altı ay sonra – 2021-ci ilin mayından 2026-cı il 30 aprel tarixinədək Avropa Parlamenti Azərbaycanla bağlı təhqiramiz ifadələrlə dolu 14 qətnamə qəbul edib. Təsəvvür edin, beş il ərzində 14 qətnamə – bu, bir növ obsesiyadır. Sonuncusu isə cəmi dörd gün əvvəl, sammitdən dərhal öncə qəbul edilib. Bəzi üzv dövlətlərdə mövcud olan ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətlilik və evsiz insanların problemləri kimi fundamental məsələləri həll etmək əvəzinə, Avropa Parlamenti Azərbaycanı hədəf alaraq böhtan və yalanlar yayır. Bunun səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatizmə son qoyması və müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməsidir”.

Prezident İlham Əliyev Avropa Parlamentinin Azərbaycanı bu cür əsassız şəkildə hədəf almasına cavab olaraq bu qurumla bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırıldığını bildirdi: “Azərbaycan Parlamenti mayın 1-də rəsmi şəkildə Avropa Parlamenti ilə bütün sahələr üzrə əməkdaşlığın dayandırılması, Aİ–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakın dayandırılması və “Avronest” Parlament Assambleyasında üzvlüyə xitam verilməsi prosedurlarının başlanması barədə qərar qəbul edib. Nəzərə alaraq ki, bu sammitlər çərçivəsində biz fikirlərimizi və narahatlıqlarımızı açıq şəkildə bölüşürük, bu məsələ ilə bağlı baş verənləri həmkarlarımızın diqqətinə çatdırmaq istədim ki, hər hansı dezinformasiya və manipulyasiya üçün zəmin yaranmasın”.

Beləliklə, Avropa ölkələri arasında siyasi dialoqu və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə təsis edilən Avropa Siyasi Birliyinin 8-ci sammitinə videobağlantı ilə qoşulan Azərbaycan Prezidenti bu gün regionda normallaşma və sülhə mane olan Avropanın siyasi dairələrinin adını açıq mətnlə qeyd etdi. Təxminən 50 Avropa ölkəsinin liderlərini bərabərhüquqlu əsasda, birlik ruhu və ümumi məqsəd ətrafında birləşdirən Avropa Siyasi Birliyi bir qlobal platforma kimi həqiqətən də siyasi dialoqun və əməkdaşlığın inkişafına, ümumi maraq doğuran məsələlərin həllinə, Avropa qitəsində təhlükəsizliyin, dayanıqlılığın və rifahın möhkəmləndirilməsinə xidmət edirsə, Azərbaycan Prezidentinin səsləndirdiyi iradları mütləq nəzərə almalıdır. Çünki Avropa Parlamenti kimi destruktiv qurumlar öz qərəzli addımları ilə siyasi dialoqun və əməkdaşlığın inkişafına mane olurlar. Avropa İttifaqı hazırkı qlobal təlatümlər fonunda digər güc mərkəzləri ilə müqayisədə strateji liderlik sahəsində zəifliyini aradan qaldırmaq və eləcə də Cənubi Qafqazda təsirini gücləndirmək istəyirsə, Avropa Parlamenti kimi pozucu strukturlarının “ipini çəkməli” və erməni lobbisinin diktəsi ilə hərəkət edən bəzi siyasi dairələrin Azərbaycana hücumlarının qarşısını almalıdır. Avropanın real siyasi birliyi və əməkdaşlığı məhz bu cür praktik, qəti addımlar nəticəsində formalaşa bilər.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »