Ermənistanı idarə edənlər Azərbaycan və Gürcüstanın dostluq və əməkdaşlığından nümunə götürməlidirlər

0

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin baş nazir vəzifəsində fəaliyyətə başlamasından dərhal sonra ilk olaraq məhz Azərbaycana səfər etməsi həqiqətən də təqdirəlayiq hadisədir. Bu səfər iki ölkə arasında münasibətlərin gələcək inkişafına yeni impuls vermək baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin İrakli Kobaxidze ilə birlikdə martın 16-da mətbuata bəyanatında qeyd etdiyi kimi “Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur”.

Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün həlledici amildir, olduqca mühüm sabitləşdirici və tarazlaşdırıcı faktordur. Ermənistanın daim destruktiv mövqedən çıxış etməsi və Fransa başda olmaqla Ermənistanın bir sıra havadarlarının Cənubi Qafqazda hərbi eskalasiyaya şərait yaradan addımlar atmasının fonunda Gürcüstan-Azərbaycan münasibətlərinin sabit məcrada inkişaf etməsi regiona qarşı xarici təhdidləri önləməyə, neytrallaşdırmağa imkan verir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev də mətbuata bəyanatında bu gün hər iki ölkənin birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin etdiyini, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrildiyini xüsusi olaraq vurğuladı. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri Azərbaycan və Gürcüstanı bir çox ölkələr üçün vazkeçilməz tərəfdaşlar, müttəfiqlər halına gətirir. Azərbaycan, Gürcüstan və Türkiyənin Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi çıxış etməsi isə xüsusi əhəmiyyətə malikdir. Bu üç ölkənin sıx əməkdaşlığı, etibarlı tərəfdaşlığı nəticəsində bizim enerji layihələrimiz bu gün dünyada bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.

Azərbaycan, Türkiyə və Gürcüstan həmçinin yeni layihələr üzərində də işləyir. Həmin layihələrdən biri də yaşıl enerji layihəsidir. Bu, çox böyük və genişmiqyaslı layihədir və onun icrasına Avropa İttifaqının üzv ölkələri də qoşulub. Bu mənada Azərbaycan Prezidentinin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələrin yaşıl enerji layihəsi üçün yaxşı örnək olacağına və yaşıl enerji layihəsinin də eyni müvəffəqiyyətlə icra ediləcəyinə əminliyini ifadə etməsi bizim öz gücümüzə və təcrübəmizə inamımızın göstəricisidir.

Azərbaycan və Gürcüstan bütün dövrlərdə bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyib və bu kurs bu gün də davam edir. Hər iki ölkə uzun illər ərzində separatçılıq və təcavüzkarlıq təhdidlərindən əziyyət çəkib. İşğala, separatçılığa məruz qalmış hər bir ölkə öz ərazi bütövlüyünü, suverenliyini təmin etmək hüququna malikdir. Bu, beynəlxalq hüququn əsas prinsiplərindən biridir və beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, lakin sonda öz ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa etmiş bir ölkədir. Bu mənada biz çox yaxşı bilirik ki, “beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir”. Azərbaycanın bu təcrübəsi işğaldan, separatçılıqdan əziyyət çəkən digər ölkələr üçün model rolunu oynaya bilər.

Ümumiyyətlə, qonşu ölkələrin bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləməsi təqdirəlayiq ənənədir. Azərbaycan və Gürcüstanın bu ənənəyə sadiqliyi Cənubi Qafqazın yeganə destruktiv, təxribatçı və avantürist ölkəsi sayılan Ermənistanın da nə vaxtsa düzgün istiqamət seçməsinə və konstruktiv mövqe tutmasına öz müsbət təsirini göstərə bilər. Ermənistanı idarə edənlər Azərbaycan və Gürcüstanın dostluq və əməkdaşlığından nümunə götürməlidirlər. Azərbaycan və Gürcüstan Cənubi Qafqazın sülh və sabitlik adasına çevrilməsi üçün birgə səyləri davam etdirirlər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »