ADA Universitetində keçirilən foruma 30 ölkədən 64 nümayəndənin qatılması faktı gündəlikdəki məsələlərin beynəlxalq ictimaiyyət üçün nə qədər önəmli olduğunu göstərir

0

Aprelin 23-də, ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyevin səsləndirdiyi aktual fikirlərin hazırda ölkə mətbuatında və dünyanın ekspert dairələrində, beyin mərkəzlərində geniş müzakirə olunması təbii haldır. Çünki dövlət başçımızın toxunduğu mövzular həm regional, həm də qlobal məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Foruma 30 ölkədən 64 nümayəndənin qatılması faktı da gündəlikdəki məsələlərin beynəlxalq ictimaiyyət üçün nə qədər önəmli olduğunu göstərir. Cənab Prezidentin istər əhatəli çıxışı, istərsə də çoxsaylı suallara verdiyi açıq və səmimi cavabları forum iştirakçılarında həm ölkəmiz haqqında daha dolğun təsəvvürlərin formalaşmasında, həm də regionun gələcəyinə və qlobal proseslərə Azərbaycanın yanaşması ilə bağlı geniş məlumatların əldə edilməsində mühüm rol oynayacaq.

Bu forum qlobal iqlim dəyişiklikləri, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, Azərbaycanda külək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan yaşıl enerji dəhlizlərinin gələcəyi, habelə regional təhlükəsizlik, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi kimi bir çox önəmli məsələlərə Azərbaycan hökumətinin yanaşmasının təqdim edilməsi baxımından olduqca əhəmiyyətli tədbir sayılır. Hamıya məlumdur ki, Bakı dünyanın neft sənayesinin yarandığı yerdir. Bakı vaxtilə dünyanın neft paytaxtı rolunu oynayıb. Lakin hazırda isə neft erası artıq başa çatmaq üzrədir. Ona görə də tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın bu gün yaşıl enerjiyə keçidi prioritet məsələ kimi qarşıya qoyması kifayət qədər cəsarətli addımdır. Ölkəmizin bu sahədə təcrübəsini bölüşmək istəyi də olduqca təqdirəlayiq addımdır. Bu baxımdan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun təşkil edilməsi Azərbaycanın iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfə kimi dəyərləndirilməlidir.

Heç şübhəsiz ki, biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu tədbir eyni zamanda, bizim üçün hekayəmizi diqqətə çatdırmaq üçün bir fürsətidir: “Bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər”.

Cənab Prezident çıxışında onu da qeyd etdi ki, bizim üçün COP29 çox böyük məsuliyyətdir və burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir. COP29 konfransına ev sahibliyi etmək beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana göstərilən böyük etimadın və dəstəyin əyani nümayişidir. Biz COP29-a hazırlığın fəal mərhələsindəyik. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də COP29-a hazırlığın bir tərkib hissəsidir. Bütün bunlar ölkəmizin iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsində həqiqətən də maraqlı olduğunu və bunu da öz əməli fəaliyyəti ilə təsdiqlədiyini nümayiş etdirir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə mühüm töhfə verməklə yanaşı, Ermənistan-Azərbaycan dialoquna və sülh prosesinə də ciddi təkan verə bilər. Məhz bu amili nəzərdə tutaraq dövlətimizin başçısı qeyd etdi ki, biz sülh razılaşmasına hazırda heç vaxt olmadığı qədər yaxınıq: “Çünki işğal dövründə razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq. Həmin vaxt biz əsas prinsiplər üzərində razılığa gələ bilmirdik. Məşhur “Madrid prinsipləri”, biz heç onların üzərində razılığa gələ bilmirdik. Həmin vaxt bizdə sülh müqaviləsinin layihəsi belə yox idi. Amma indi bu layihə bizdə var. İndi sülh razılaşmasının necə olmalı olduğuna dair bizdə ümumi anlayış var. Biz, sadəcə, təfərrüatlar üzərində çalışmalıyıq. Lakin əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır. Çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün tarixi razılaşma olacaq. Buna görə hər bir söz, hər bir nöqtə, hər bir paraqraf vacibdir. Lakin vacib olan odur ki, hər iki tərəfin bunu etmək üçün siyasi iradəsi var”. Əlbəttə, iki ölkə, xüsusilə də iki xalq arasında daha çox etimadın artırılması üçün görüləcək işlər təsəvvür edildiyindən qat-qat çoxdur. COP29-un Azərbaycanda keçirilməsi isə sülh danışıqlarında irəliləyişi daha da sürətləndirə bilər.

Prezident İlham Əliyev xarici qonaqların suallarını cavablandırarkən Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyasının Qazaxın işğal olunmuş kəndlərindən başlanmasının bizim təklifimiz olmasından və Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional əməkdaşlıq formatından tutmuş, BMT-nin 2030-cu ilədək inkişaf məqsədlərinə nail olmaq üçün Azərbaycanın enerji təhlükəsizliyini, təchizat və tələbatı, dayanıqlı iqtisadi və sosial sahələri hansı şəkildə əlaqələndirməsi, hansı sərmayələri planlaşdırması, gənc nəsli qarşıdan gələn çağırışlara necə hazırlaması, təhsilə, gənc nəslə yatırdığımız sərmayənin bizim üçün əsas prioritetlərdən biri olmasına, eləcə də Rusiyanın Cənubi Qafqazda gələcək rolu, digər kənar qüvvələrin Cənubi Qafqazda rolu, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından tez çıxarılmasının səbəb və nəticələri, Avrasiya İqtisadi Birliyinə inteqrasiya və Zəngəzur dəhlizinə qarşı fobiyalı münasibətin sərgilənməsinə qədər bir çox məsələləri dəyərləndirdi.

Zəngəzur dəhlizinin açılması ideyasının Ermənistanda və onun havadarları tərəfindən qorxu və isterika ilə qarşılanmasının səbəbləri haqda dövlətimizin başçısının səsləndirdiyi fikirlər yəqin ki, həm rəsmi İrəvanı, həm də onun havadarlarını dərindən düşünməyə vadar edəcək: “Açığı desək, mənim üçün böyük sual olaraq qalır: nəyə görə onlar Zəngəzur dəhlizinə qarşı bu cür canfəşanlıqla çıxırlar? Nəyə görə onlar bunu təhlükə kimi görürlər? Onlarda bir növ fobiya var və mən bunun izahını bilmirəm. Onlar hətta “dəhliz” sözünə qarşı çıxırlar. Düşünürlər ki, dəhliz suverenliyin pozulması deməkdir. Biz Azərbaycan ərazisindən keçən Şimal-Cənub Nəqliyyat Dəhlizindən danışanda, bizdə belə fobiya yoxdur. Dəhliz yaxşı məlum olan beynəlxalq sözdür və onlar Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər. Bir sözlə, bu, çox qəribədir. Lakin bir daha qeyd etmək istəyirəm ki, biz gələcək haqqında düşünməliyik”.

Dövlətimizin başçısı üçtərəfli Bəyanatın imzalanmasından keçən 4 il müddətində Zəngəzur dəhlizinin açılmasının hələ də reallaşmamasında haqlı olaraq Ermənistan tərəfini günahlandırdı və bildirdi ki, Ermənistan rəhbərliyi öz imzasına hörmət etməlidir. Bu arada, üçtərəfli Bəyanatda konkret olaraq “Zəngəzur dəhlizi” ifadəsinin yer almaması faktı da həmin dəhlizin açılmasının sözügedən sənəddə qeyd olunmaması anlamına gəlmir: “Zəngəzur dəhlizinə gəlincə, bu, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda açıq şəkildə əks olunub. Bəli, “Zəngəzur dəhlizi” sözü qeyd olunmayıb, lakin deyilib ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi olmalıdır və Rusiya sərhəd təhlükəsizliyi qüvvələri nəzarəti təmin etməlidir. Bu sənəd Prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar. İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar nə edirlər? Onlar, sadəcə olaraq, Naxçıvan Muxtar Respublikası ilə quru yolu əlaqəsini qurmaq imkanını bloklayırlar. Bu davranış sözsüz ki, çox məyusedicidir. Üçtərəfli Bəyanatın necə imzalanması ayrı söhbətin mövzusudur. Şəraitin necə olduğunu da hər kəs bilir. Amma Ermənistan baş nazirinin imzası var idi və buna hörmət edilməlidir”.

Ermənistan tərəfinin öz imzasına hörmət etməyəcəyi və Zəngəzur dəhlizinin açılmasını süni surətdə bloklamağa davam etdirdiyi təqdirdə isə, bundan itirən də yalnız ermənilər özləri olacaq. Sonda bütün hallarda Ermənistan uduzacaq. Ona görə də rəsmi İrəvan üçtərəfli Bəyanatda “Zəngəzur dəhlizi” ifadəsinin yer almamasını bəhanə edərək ağılsız və inadkar mövqe sərgiləməməlidir. “Zəngəzur dəhlizi” ifadəsinin Bəyanatda qeyd olunmamasını problemə çevirmək lazım deyil. Önəmli olan məqam budur ki, həmin sənəddə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yolun istiqamətləri, koordinatları dəqiq göstərilib və hətta konkret ərazilərin adları çəkilib.

Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar “Sülh kəsişməsi” (və ya “Sülh qovşağı”) adlı meqa-layihədən tez-tez danışır. Lakin Paşinyan Azərbaycanın iştirakı olmadan sözügedən layihənin gerçəkləşməyəcəyini ya anlamır, yadaki anlamaq istəmir. Regionla heç bir əlaqəsi olmayan Hindistan, Yunanıstan, Fransa kimi ölkələri İranın və Gürcüstanın gözünə qatıb “Sülh qovşağı” yaratmağı düşünən Ermənistan rəhbərliyi həmişə olduğu kimi yenə utopiyadan çıxış edir. Bu mənada Prezident İlham Əliyevin sözügedən utopik qovşaqla bağlı sarkazm dolu fikirləri lap yerinə düşür: “Onlar qovşaq olmaq istəyirlər, onu sülh qovşağı adlandırırlar. Amma sülh qovşağına çevrilmək üçün, ilk növbədə, onlar bizimlə razılaşmalıdırlar. Çünki əgər Azərbaycan buna razılıq verməsə, bu, sadəcə, bir kağız parçası və ya bəyanat olacaq. Bizimlə razılaşma olmadan bu, tamamilə faydasızdır. Əfsuslar olsun ki, onlar bunu regiondan çox uzaqda yerləşən müxtəlif ölkələrlə müzakirə etməyə çalışırlar. İşə gələndə isə bunu bizimlə müzakirə etmək istəmirlər. Bizim mövqeyimiz çox aydındır. Üçtərəfli Bəyanata hörmət edilməlidir. Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə quru yolu beynəlxalq nəzarət və təhlükəsizlik mexanizmi ilə təmin edilməlidir”.

Ermənistan tərəfi həm də elə etməlidir ki, Azərbaycan onun vədlərinə və zəmanətlərinə inana bilsin. Çünki bu gün haqlı olaraq Azərbaycan rəhbərliyinin Ermənistan hakimiyyətinə qarşı inamsızlığı davam edir. Və bunun üçün real səbəblər də kifayət qədər çoxdur. Rəsmi Bakının bir yandan Fransa, Hindistan, Yunanıstan, İrandan silah alan və revanşizmə can atan, o biri yandan isə sülh bəyanatları ilə çıxış edən İrəvanın addımlarının səmimiliyinə şübhə ilə yanaşmağa haqqı çatır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bəli, bu gün bu silahlar o qədər də təhlükəli olmaya bilər. Baxmayaraq ki, bəzi sistemlər və raketlər, xüsusən də Hindistandan gələn silahlar ciddi narahatlıq doğurur. Lakin silahların təhlükəlilik dərəcəsindən asılı olmayaraq Ermənistanın sürətlə silahlandırılması xoş mərama xidmət etmir. Fransa, Hindistan və Yunanıstanın ErmənistanıN bizə qarşı silahlandırılmasını açıq şəkildə həyata keçirdiklərini vurğulayan dövlətimizin başçısı obyektiv olaraq qeyd etdi ki, biz oturub gözləyə bilmərik: “Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq. Bəziləri təhlükəli, bəziləri isə təhlükəli olmayan, amma bu o dərəcədə vacib deyil, həmin silahlar Ermənistana çatdırılır. Ona görə bir daha bu platformadan istifadə edərək Ermənistana mesajım budur ki, bunu etməyin”.

Prezident vurğuladı ki, bütün olanlara rəğmən Azərbaycanın Ermənistana qarşı yenə də pis niyyəti yoxdur və bizim onların ərazisinə heç bir iddiamız yoxdur, amma onlar başa düşməlidirlər ki, birincisi, bu silahlar onlara kömək etməyəcək. İkincisi isə, bu, olduqca təhlükəlidir. İlk növbədə Ermənistanın özü üçün təhlükəlidir, bütövlükdə isə regionumuz üçün təhlükəlidir. Bu silahlanma onsuz da qarşı tərəfə heçnə qazandırmayacaq. Prezident Əliyevin qeyd etdiyi kimi Ermənistana nə qədər silah göndərilsə də, onların Azərbaycana qarşı heç bir şansları yoxdur: “İkinci Qarabağ müharibəsi də bunu nümayiş etdirdi. Cəmi 44 gün adi insanların, sadəcə, gəzintiyə çıxa bilmədiyi dağlara çıxdıq və biz bunu yüngül silahlarla etdik, onların ordusunu tamamilə məhv etdik. Separatizmə son qoyduğumuz bir neçə saatlıq antiterror əməliyyatı ilə də biz onlara gücümüzü nümayiş etdirdik”.

Azərbaycan Prezidenti Ermənistanı dəstəkləyən və revanşizmə təhrik edən avropalı “mülki” müşahidəçilərə də mesaj ünvanlayaraq bildirdi ki, bu gün ermənilərə hərtərəfli və davamlı dəstək vəd edənlər, əgər ilk güllə sərhəddə atılsa qaçacaqlar: “Mən tam əminəm. Avropalı sülh müşahidəçiləri adlanan, bizə qarşı binokl diplomatiyasından istifadə edib nə isə nümayiş etdirməyə çalışan, – bilmirəm nə nümayiş etdirmək istəyirlər, – ehtiyatda olan hərbçilər və polislər bizim cavab vermədiyimizə görə bizə minnətdar olmalıdırlar. Əminəm ki, ciddi bir şey olsa, onlar qaçacaqlar. Deməli, biz vəziyyəti belə görürük və yenə də regionda təhlükəsizliyə, sabitliyə gedən yol Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından keçir”.

Və bu sözləri ilə İlham Əliyev əslində ermənilərə başa salmaq istədi ki, havadarlarınızın vədlərinə çox da bel bağlamayın. Eyni zamanda, dövlət başçımız Ermənistanı normal qonşu olmağa çağırdı: “Onlar, yəni, Ermənistanı nəzərdə tuturam, normal qonşu olmağı öyrənməli, qonşularına qarşı ərazi iddialarına son qoymalıdırlar. Biz bəzi müsbət tendensiyaları görürük. Lakin bu, kifayət deyil. Bu, yalnız sözlərdir və biz onların fikirlərini necə dəyişdirə biləcəyini bilirik. 2019-cu ildə deyirdilər ki, “Qarabağ Ermənistandır” və bu, müharibənin başlanmasına təkan verdi. İndi isə “Qarabağ Azərbaycandır” deyirlər. Bilmirəm, bəlkə beş ildən sonra ölümcül silahlarla təmin olunanda yenə deyəcəklər ki, “Qarabağ Ermənistandır”. Biz nə edək? Biz gözləyə bilmərik. Bu məsələni qaldırdığınız üçün təşəkkür edirəm. Hesab edirəm ki, bu, İrəvana mesaj göndərmək üçün yaxşı bir fürsət idi”.
Ümid edək ki, İrəvan İlham Əliyevin mesajından düzgün nəticə çıxaracaq və normal qonşu olmaq üçün səylərini artıracaq. Hərçənd ki, Cənubi Qafqazda ayırıcı xətləri çəkmək istəməyən qüvvələrin də boş oturmayacaqlarını da yaxşı bilirik. Biz bunu aprelin 5-də Brüsseldə baş tutan ABŞ-Aİ-Ermənistan görüşünün timsalında da əyani gördük. Prezident İlham Əliyev də bu məqama toxunaraq qeyd etdi ki, Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir: “Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-ın Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik. Bu təsisatın tarixində heç zaman keçmiş SSRİ respublikası ilə bu cür görüş olmayıb. Hətta Ukrayna, Gürcüstan və Moldova ilə bu cür görüş keçirilməyib”.

Bu gün Cənubi Qafqazda ayırıcı xətləri çəkməyə çalışanlar ölkəmizə qarşı haqsız hücumlara, təzyiqlərə yol verirlər. Onların hücumları eynilə İkinci Dünya müharibəsindən sonrakı “Soyuq müharibə”ni xatırladır. Lakin Azərbaycan rəhbəri birmənalı olaraq bildirdi ki, ölkəmizə qarşı əsassız hücumlar cavabsız qalmayacaq. Həmin ölkələrin Azərbaycana qarşı soyuq müharibəyə başladıqlarını vurğulayan dövlətimizin başçısı bildirdi ki, biz də tam eyni cavab tədbirlərini görürük, lakin qırmızı xətləri keçmirik. Burada söhbət şübhəsiz ki, ilk növbədə Fransadan gedir. Bu ölkə açıq-aşkar ermənipərəst mövqe tutmağı ilə Azərbaycanla münasibətlərin kəskin pisləşməsinə səbəb olub. Bu baxımdan biz də Fransaya qarşı adekvat cavab tədbirləri görürük.
Dövlət başçımızın vurğuladığı kimi biz qonşularla yaxşı və bəzi hallarda isə əla münasibətləri qura bilmişik. Ermənistanla da yaxşı münasibət qurmağa səy göstəririk. Azərbaycan və Türkiyə Ermənistan ilə münasibətlərin normallaşması üçün birgə səylərini əsigəmirlər. Prezident İlham Əliyev də bu məqama toxunaraq bildirdi ki, “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır. Bilirəm ki, həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var: iki proses paralel getməlidir. Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir”.

Bu baxımdan Cənubi Qafqazda ayırıcı xətləri çəkməyə çalışan qüvvələrin normallaşma prosesinə var gücləri ilə mane olmağa davam etmələrindən asılı olmayaraq bölgədə qalıcı sülhün bərqərar olması və dayanıqlı inkişaf üçün şanslar çoxdur. Və Azərbaycan bu prosesdə həlledici rol oynayan ölkə kimi diqqət mərkəzinə gəlir. Elə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda da ölkəmizin yerləşdiyi coğrafi məkana görə Şərqlə Qərb arasında körpü roluna toxunuldu. Prezident İlham Əliyev “Həyata keçirilən əməkdaşlıq strategiyasını nəzərə alaraq, Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli körpü kimi görürsünüzmü” sualını cavablandırarkən ölkələr arasında körpülər qurmağın vacibliyindən danışdı və vurğuladı ki, biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik: “Mən deyərdim, körpü ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. Biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz”.

Bir sözlə, bu gün Azərbaycanın sahib olduğu imkanlar və əlverişli coğrafi mövqe Qlobal Cənub ilə Qlobal Şimal arasındakı ziddiyyətləri həll edib qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini dərinləşdirmək üçün körpü rolunu oynamağa imkan verir. Dövlətimizin başçısının vurğuladığı kimi bir çox Avropa ölkələri ilə yaxşı əlaqələrə malik olmaqla biz koordinator və ya körpü rolunu oynaya bilərik. Eyni zamanda, neft və qazla zəngin olan ölkə kimi də bu, bizə neft və qaz hasil edən ölkələrlə qarşılıqlı əlaqədə olmaq, neft və qazla zəngin olan ölkələr üçün məsuliyyət platforması yaratmaq imkanı verir. “Coğrafiya taledir, qədərdir” deyənlər heç də yanılmırlar. Avrasiyanın tam mərkəzində yerləşmək ölkəmiz üçün unikal imkanlar yaradır. Bu mənada biz həqiqətən də proaktiv mövqe nümayiş etdirməliyik.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »