Diasporla iş üzrə Dövlət Komitəsi yeni mərhələyə keçid edə bilmir

0

Vüqar Əhmədov: “Komitənin bu günkü fəaliyyəti xarici ölkələrdə mədəniyyət və incəsənət sahəsinə yönəlib”

İctimai Rəy xəbər verir ki, bu fikirləri newscenter.az-a müsahibəsində Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın durumu, onların birlik və həmrəylik içərisində fəaliyyət göstərməsi istiqamətində atılan addımlar, eləcə də bu prosesı mane olan amillər barədə müsahibələrimiz davam edir. Bu dəfəki müsahibimiz Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədovdur.

-Vüqar müəllim, qarşıdan Dünya Azərbaycanlılarının həmrəylik günü gəlir. Dünyada yaşayan azərbaycanlıların günümüzdə təşkilatlanması hansı səviyyədədir?

-Təşəkkür edirəm suala görə, fürsətdən istifadə edib qarşıdan gələn bu əlamətdar gün münasibəti ilə bütün həmvətənlərimizi təbrik etmək istərdim. Sualın cavabına gəlincə vurğulamaq lazımdır ki, ölkəmizin Vətən müharibəsində əldə etdiyi qələbə və milli mücadilə dünyada yaşayan bütün azərbaycanlıları bir hədəf və amal ətrafında səfərbər etdi, həm ölkə daxili, həm də xaricdə daha çox həmrəyliyə nail olundu. Ali Baş Komandan Prezident İlham Əliyev apardığı uğurlu siyasəti ilə həm ölkə daxilində yaşayan vətəndaşlarımız, həm də dünyada yaşayan azərbaycanlılar üçün yeni bir istiqamət yaratdı. İndi hər kəs çalışdığı sahə üzrə bu hədəflər ətrafında birləşərək ölkəmizin maraqlarının müdafiəsinə çalışır. Əvvəlki dövrlə müqayisədə diasporamız, dünya azərbaycanlıları daha çox təşkilatlanıb və erməni işğalı üzərində qətiyyətli qələbəmiz həm də diasporumuza güclü Azərbaycan naminə daha da səfərbər olunmaq üçün əlavə güc və stimul qatıb. Bu gün xarici ölkələrdə yaşayan həmvətənlərimiz çalışır ki, mənsub olduqları ölkələr, doğma Azərbaycanımız üçün daha çox işlər görsünlər. Şübhəsiz ki, bütün bunların ideoloji bazasını Ümummilli Liderimiz Heydər Əliyev yaratmış və onun layiqli davamçısı İlham Əliyev uğurla davam etdirir.

-Belə hesab edirsiz ki, bu sahənin inkişafı ilə bağlı yetərincə dövlət qayğısı mövcuddur?

-Dövlət bu sahəyə hər zaman qayğı göstərib, çünki həm Heydər Əliyev, həm də Cənab Prezident İlham Əliyevin dövründə Azərbaycan aktiv xarici siyasət yürüdübdür. Ulu Öndər bütün xarici səfərlərində azərbaycanlılarla görüşə xüsusi yer ayırırdı. Diasporumuzun güclü olması, ölkənin maraqlarını xarici ölkələrdə müdafiə etməsi bu gün də dövlət siyasətinin əsas xəttidir. Məhz buna görə də Diasporla iş üzrə Dövlət Komitəsi kimi struktur mövcuddur. Lakin illərdir müşahidə olunan fəaliyyətə nəzər salsaq görərik ki, komitənin fəaliyyəti dərnəklərlə iş səviyyəsindən o tərəfə keçməmişdir. Demək olar ki, Qərb ölkələrində, konkret desək ABŞ və qərbi Avropanın siyasi mərkəzləri ilə iş aparılmır, bu gün erməni diasporunun apardığı təbliğat nəticəsində Qərbdə formalaşan anti-Azəbaycan dairələrinin cavabını vermək üçün yetərli fəaliyyət mövcud deyildir. Son illər Azərbaycanın qətiyyətli qələbəsindən və beynəlxalq aləmdə öz mövqelərini daha etibarlı müdafiə etməsindən sonra biz ölkəmizə qarşı geniş hücumların şahidi oluruq. Bu hücumlar erməni diasporu və lobbisi tərəfindən qidalanan Qərbdəki ayrı-ayrı siyasi mərkəzlər, bu dövlətlərin qanunverici və icraedici orqanları tərəfindən həyata keçirilməyə başlanıb. Hətta vəziyyət o yerə çatdı ki, ölkə tariximizdə ilk dəfə ABŞ-la Azərbaycan arasında münasibətlər bu qədər gərgin bir həddə çatdı, qarşılıqlı səfərlərin dayandırılması məsələsi gündəmə gəldi, Azərbaycan Fransa diplomatlarını persona non-qrata elan etdi və onlar da bizim iki diplomatı arzuolunmaz şəxs elan etdilər. Qərblə bu qədər gərgin münasibətlər fonunda biz Azərbaycan diasporunun hər hansı müqavimət və addımlarının şahidi olduqmu? Açıq demək lazımdır ki, bu proseslərdə döyüşən və sərt mövqe sərgiləyən Azərbaycanın rəsmiləri və ictimai-siyasi qurumları oldu. ABŞ-da yaşayan diaspor təşkilatlarından heç bir xəbər çıxmadı. Səbəbi də budur ki, Diasporla iş üzrə Dövlət Komitəsinin bu günkü fəaliyyəti xarici ölkələrdə, konkret desək Qərb ölkələrində mədəniyyət və incəsənət sahəsinə yönəlib. Ancaq təəssüf ki, Qərb ölkələrinin siyasi dairələri ilə hər hansı bir ciddi iş aparılmır. Komitə yeni mərhələyə keçid edə bilmir, belə olmasa idi bu gün ABŞ Konqresindən, Avropa siyasi mərkəzlərindən ölkəmizə bu qədər hücumlar həyata keçirilməzdi.

-Sizcə bütün bunların əsas səbəbi nə ilə bağlıdır?

-Düşünürəm ki, əsas səbəb bu gün komitənin heyətində bu sahədə işləri aparacaq yetərincə və doğru kadr potensialının olmamasıdır. Faktiki biz müşahidə edirik ki, Qərb ölkələrinə məsul əməkdaşlar bu ölkələrə ezamiyyəyə gedərək yalnız orada say seçmə diaspor fəalları ilə görüşüb işlərini bitmiş hesab edirlər. Komitə sədri başda olmaqla digər əməkdaşların səfər müddətində ABŞ-ın Konqres və Senat üzvləri, bu ölkələrin beyin mərkəzləri və aparıcı jurnalistlərlə görüşünün və ya hansısa işin aparılmasının şahidi olmamışıq. Əgər aparılıbsa bu düzgün strategiya ilə aparılmayıb, əks halda onun effektiv nəticələri olardı.

Dolaysı ilə Cənab Prezidentin həyata keçirdiyi uğurlu strategiya və xarici siyasətlə bağlı mesajlarının bu ölkələrin siyasi dairələrinə çatdırılması üçün biz əsaslı bir işin aparılmasının şahidi olmuruq. Məhz bunun nəticəsidir ki, son illər Senat və Konqresdə erməni diasporu və lobbisi bu qədər fəallaşıb, onların təbliğatı nəticəsində bu gün Amerika-Azərbaycan münasibətləri az qala qırılma nöqtəsinə kimi gəlib çatdı. Zamanında Cənab Prezidentin qətiyyətli mövqeyi olmasa idi, ABŞ-da başlayan bu anti-Azərbaycan dalğası davam edə bilərdi. Komitə sədri Fuad Muradov isə deyir ki, erməni diasporu artıq o gücdə deyil, bəli doğru deyir ki, o gücdə deyil, erməni diasporunu da, işğalçı Ermənistanı darmadağın edən bizim Ali Baş Komandan İlham Əliyev oldu. Yaxşı olar ki, Fuad Muradov məsul olduğu bizim öz diasporumuzun bu günü və sabahından danışsın, Azərbaycan diasporunun siyasi hazırlığının qaldırılması, komitə olaraq bu ölkələrin qanunverici orqanı olan Konqres, beyin mərkəzləri, siyasi mərkəzləri və media araşdırmaçıları ilə hansı işlər görülüb, bunun hesabatını versin. Komitə sədri ABŞ-da diaspor fəallarının Kopitoli qarşısında mitinqlərə toplaşmamasından gileylənmək əvəzinə özü Komitə olaraq bu siyasi mərkəzlərlə hansı işləri aparmasının hesabatını versin. İldə bir və ya iki dəfə xaricdə yaşayan azərbaycanlı gəncləri yay aylarında vətənə toplayıb onlara düşərgə, təlim təşkil etmək və plaket verməklə iş bitmir. Digər işləri kim görəcək sualı açıq qalır, komitə əməkdaşları xarici ölkələrdə aktiv şəkildə iş aparmalı, ölkənin yeni inkişaf mərhələsinə adekvat olaraq fəaliyyətini uyğunlaşdırmalıdırlar.

-Belə çıxır ki, bu gün Azərbaycanın Qərblə gərginləşən münasibətləri fonunda diasporumuzun və komitənin də payı var?

Sirr deyil ki, bu gün erməni diaspor və lobbisi Qərb ölkələrində, ABŞ və Avropada siyasi olaraq geniş təşkilatlanıblar və bu ölkələrin qanunverici orqanı və siyasi mərkəzləri ilə aktiv iş aparırlar. Onların fəaliyyətlərinin və Qərb dairələrinin beynini doldurmağın qarşısını məhz bizim diaspora və onun prioritetlərini formalaşdıran komitə almalıdır. Əminəm ki, Qərbin bu gün Azərbaycana yönəlik dalğası məhz erməni diasporunun “xidmətindən” qaynaqlanır. Komitəyə isə bu istiqamətdə fəaliyyətini qurmaq və dünyadakı müxtəlif şəbəkələrlə işləmək üçün büdcə və əməkdaşlar ayrılıb. Lakin mən yenə deyirəm ki, komitə sədrinin bu istiqamətdə hansısa bir stategiyasının olmasını müşahidə etmirəm. Ona görə də bəli bu gün Qərbdə formalaşan anti-Azərbaycan dalğasının səbəbi də xaricdə bu işlərin düzgün qurulmaması ilə bağlıdır. Komitə rəhbərliyi diasporumuzdan daha çox şey gözləmək əvəzinə, öz potensialını düzgün qiymətləndirib yuxarıda qeyd etdiyim istiqamətlər üzrə özü hərəkətə keçməlidir.

Sizin bu istiqamətdə Komitəyə hər hansı təklifləriniz olubmu?

-Komitə sədri yeni təyinat alandan sonra mənim onunla bir neçə dəfə görüşlərim oldu və mən ona ABŞ istiqamətində Azərbaycan diasporu, ABŞ Konqresi, orada yerləşən beyin mərkəzləri və media ilə işin qurulmasına dair öz təkliflərimi verdim. Mən bu təklifləri ona yazılı şəkildə verdikdən sonra ondan hər hansı cavab gəlmədi, daha sonra mənə komitə tərkibində yeni yaradılmış Diaspora Dəstək Fonduna bunun layihə şəklində verilməsi təklif olunmuşdur. Bu istiqamətdə də təkliflər versək də, sonradan bununla bağlı mənə hər hansı bir dəstək göstərilmədi. Komitənin dəfələrlə Azərbaycan mədəniyyətinin və incəsənətinin, dil kursları və sairə ilə bağlı elə fəaliyyətləri olub ki, onu təqdir etmişəm. Lakin hesab edirəm ki, bu sahələrlə iş bitməməli, bu gün Qərbdə ölkəmizə qarşı formalaşan anti-Azərbaycan dairələrinin qarşısının alınmasında komitə rəhbərliyi daha fəal olmalı, bu qurumlarla aktiv şəkildə işləməlidir. Lakin bəzən istər komitə, istərsə də Fond diaspora və lobbiçilik sahəsinə aidiyyatı olmayan, tamam təsadüf şəxslərə maliyyə dəstəyi göstərir. Bu sahədə töhfə verə, Qərblə işin təşkilində iştirak edə biləcək şəxslər və təşkilatlar isə kənarda qalır. Nəticədə biz belə bir mənzərənin şahidi oluruq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »