Davutoğlu 4 partiyanın birləşməsinin anonsunu verdi

0

Türkiyədə müxalif Gələcək Partiyasının sədri, sabiq AKP sədri, baş nazir və XİN başçısı Ahmet Davutoğlu bir neçə partiyanın birləşməsinin anonsunu verib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət Davutoğlunun sədri olduğu Gələcək, habelə “Millət İttifaqı”na daxil olan digər siyasi qüvvələr – Demokrat, Səadət və DEVA Partiyalarından söhbət gedir.

“Bu partiyaların bir araya gəlməsi vacibdir. Hazırda birləşmə mövzusunu müzakirə edirik. Temel bəydən (Səadət Partiyasının sədri Temel Karamollaoğlu – red.) və Ali bəydən (DEVA Partiyasının sədri Ali Babacan – red.) mənfi bir yanaşmaya şahid olmadım”, – Davutoğlu deyib.

Qeyd edək ki, bundan əvvəl o, adıçəkilən partiyalarla birgə parlament fraksiyası qurulması barədə çağırış da ünvanlamışdı və müzakirələrə start verilmişdi. Bu partiyalar sonuncu parlament seçkilərində Cümhuriyyət Xalq Partiyasının proporsional siyahısı ilə iştirak etmişdi. Prezident seçkilərində isə CHP sədri Kemal Kılıçdaroğlunun namizədliyini müdafiə etmişdi.

Xatırladaq ki, Gələcək və DEVA Partiyaları hakim Ədalət və İnkişaf Partiyasından (AKP) ayrılan bir qrup funksioner tərəfindən təsis olunub. Səadət Partiyası isə AKP-ni quran komandanın əvvəllər üzvü olduğu Fəzilət Partiyasının bazasında formalaşdırılıb. Fəzilət Partiyası “Milli Görüş” ideologiyasına söykənən və “mötədil islamçılıq” adlandırılan siyasi kursa malik Milli Nizam, Milli Səlamət və Rifah Partiyasının mirasçısı olub. Türkiyənin sabiq baş naziri Necmettin Erbakanın qurucusu və lideri olduğu bu partiyalar zaman-zaman Türkiyənin dövlət quruluşuna qarşı olması əsası ilə qapadılıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »