31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

0

Çoxəsrlik tariximizə ən ağrılı və acılı günlərdən biri kimi düşmüş 31 mart hadisələrindən 105 il keçir. Soyqırım və ya genosid-etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi, kütləvi şiddət formasıdır. Təəssüf hissi ilə qeyd etməliyik ki, insanlıq üçün ən böyük utanc olan soyqırım hadisələri müxtəlif dövrlərdə, müxtəlif xalqlara qarşı aparılmışdır. Lakin bunlar içərisində uzun dövrü əhatə edən və məqsədli, sistematik və daha dəhşətli nəticələrlə nəticələnmiş qırğınlar məhz xalqımıza, dinc insanlarımıza qarşı törədilmişdir. Tarixi düşmənimiz olan erməni millətçilərinin xalqımıza qarşı törətdiyi düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Özlərini dünya ictimaiyyətinə məzlum xalq kimi göstərməyə çalışan, lakin reallığda isə xalqımıza qənim kəsilən erməni daşnakların azərbaycanlılara qarşı törətdiyi ən böyük cinayətlərdən biri isə 1918-ci ilin mart-aprel aylarında baş vermişdi.

1918-ci ilin martın 30-da Bakı şəhərində başlamış qırğınlar öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Bu qırğınların həyata keçirilməsində aparıcı rolu isə erməni Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti və onun tərkibində əsas hissəsi erməni daşnaklardan ibarət silahlı dəstələr oynayırdı. Məhz bu quldur dəstələri tərəfindən uşaq, qoca, qadın demədən minlərlə insan ən vəhşi üsullarla öldürüldü, bəziləri isə diri-diri yandırıldı. Dinc insanlarla yanaşı milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər tarixi abidələrimizə qarşı vandallıq edən erməni daşnakları Bakının böyük bir hissəsini dağıdaraq şəhəri xarabalığa çevirmişdilər. Təkcə Bakıda “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırılmış, Təzəpir məscidinin bir hissəsi top atəşi ilə dağıdılmış, “İsmailiyyə” binası, Şirvanşahlar saray kompleksinə daxil olan və XIV əsrdə tikilmiş məscid və digər abidələrimiz vəhşicəsinə yandırılmış, talan edilmişdir. Azərbaycanlıların soyqırımı tək Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrimizdə də xüsusi qəddarlıqla həyata keçirilmiş oldu. Rəsmi mənbələrə əsasən törədilmiş bu soyqırım nəticəsində təkcə Bakıda 12 min, ümumilikdə isə 30 minə yaxın dinc azərbaycanlı soydaşımız amansızcasına qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Xüsusi olaraq qeyd etməliyik ki, erməni cinayətlərinin beynəlxalq aləmdə ifşa olunması dövlətimizin siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişini öyrənmək baxımından yeni imkanlar əldə edilmişdir. Xüsusilə Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart Fərmanı soyqırım aktlarına hüquqi-siyasi qiymət verilməsi, bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan vermiş oldu. Bu fərmanla ölkəmizdə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi tarixdə öz yerini almış oldu. Məhz bundan sonra bir çox yeni faktlar və sənədlər toplandı, həmçinin Quba şəhərində kütləvi məzarlıq aşkar edildi ki, bütün bunların nəticəsində erməni yalanlarını ifşa etmək və gerçəklərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yeni imkanlar əldə etmiş olduq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının qərarı ilə 2018-ci ildə soyqırım qurbanlarının xatirəsinə Quba Soyqırım Memorial Kompleksinin yaradılması isə erməni daşnaklarının xalqımıza qarşı törətdiyi cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »