“Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular”

0

Könül Quliyeva: “Təhsilsiz bir qadın həmişə hüquqsuz olur, zorakılığa məruz qalır, qurbana çevrilir”

Azərbaycanın təhsil sahəsində ciddi nailiyyətlər əldə edilməkdədir. Bu nailiyyətlər təhsil sahəsində həyata keçirilən çoxsaylı layihələr, dövlətin bu sahəyə yönəltdiyi diqqət nəticəsində mümkün olub. Artıq bir fakta çevrilib ki, ölkənin təhsil sahəsində əldə edilən uğurlar, gənclərin yüksək biliyə yiyələnmə göstəriciləri ildən-ilə artmaqdadır. Məhz təhsil sahəsində əldə edilən uğurların nəticəsində, Azərbaycan gənclərinin sorağı dünyanın ən aparıcı və nüfuzlu elm ocaqlarından gəlir. Dövlətin bu sahəyə ciddi yanaşmasının nəticəsidir ki, hər il təhsil sahəsinə ayrılan vəsaitlərin həcmi artmaqda davam edir. Amma təəssüf ki, bütün bunlara baxmayaraq, hələ də orta məktəblərimizdə bir sıra çatışmazlıqlar davam etməkdədir. Narahatedici məqam ondan ibarətdir ki, həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır. Söhbət məktəblərdə qızların təhsildən yayınması və erkən nikahlardan gedir.

Aparılan təhlillər göstərir ki, ibtidai siniflərdə qızlarla oğlanların təhsil alma səviyyəsi bərabərlik təşkil edir. Ancaq 9-10-cu siniflərdə bu bərabərlik 50, 11-ci sinifdə isə 80, hətta 90 faizədək azalır. Bu gün region məktəblərində qızların təhsildən yayınması faktları mövcuddur. Xüsusən də cənub rayonlarında bu faktlara daha çox rast gəlinir. Cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu o deməkdir ki, bu regionlardan olan qızların erkən yaşlarda təhsilalma hüququ əlindən alınır.

Qeyd edək ki, ən çox hallarda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb.

Elə hallar olur ki, hətta qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar. Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideyinlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir.İctimaiyyətin bu sahədə maariflənməsi günün tələbidir.

“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsini həyata keçirir.

Birliyin sədri Könül Quliyeva “Xalq Cəbhəsi”nə bildirib ki, erkən nikah – ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır: “Yeniyetmələr arasında bağlanan erkən nigahdan təsadüfi deyil ki, bir sıra ədəbiyyatlarda “Yeniyetmə nigahı” olaraq da bəhs edilir. Bu tip nigahlar əksər hallarda, xüsusən də, yaşadığımız regionda valideynlərin təkidi ilə formalaşır. Təbii ki, burada təkcə valideynin deyil, eyni zamanda qohumların, dostların, bir sözlə sosial çevrənin də rolu böyükdür. Erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son yaş həddidir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır:nikah könüllü və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilimiş həddə olmalıdır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən edilib. Lakin buna baxmayaraq, hələ də problemin olması bəzi insanların lazımi qədər maariflənmədiyini göstərir. Erkən nigah dedikdə, mütəxəssisləri bir mövzu maraqlandırır: “Erkən nikahın yol açdığı fəsadlar”.

Sözügedən fəsadlara istər psixoloji, somatik istərsə də, sosioloji baxımdan rast gəlinir.Qızların təhsildən yayınması millətin intellektinə zərbə vuran amillərdən hesab olunmalıdır. Çünki adətən belə ailələrin övladları təhsilə maraqlı olmur, analar uşaqlarına təhsildə yardım edə bilmir. Nəticədə təkcə müəllimlərin ümidinə qalan oğlan uşaqları da təhsildən geri qalır. Belə vəziyyətin davam etməsi həm də ailə-məişət münaqişələrinin yaranmasına səbəb olur. Elementar orta təhsil savadı olmayan, dünyanın gedişindən baş çıxarmayan qız uşaqlarının erkən yaşda ərə getmələri sonradan ailə problemləri ilə müşahidə olunur. Əvvəllər erkən nigah hallarına Cənun və Şimal bölgələrində rast gəlinirdisə, artıq bu gün Azərbaycanın bütün bölgələrində qızların erkən yaşda ailə qurması halları geniş yayılıb. Təssüflər olsun ki, nikah yaşına çatmayan qızların ailə qurması qanunla qadağan ediləsinə baxmayaraq, erkən nigahların sayı hər il artır.

Dövlət Statistika Komitəsinin sonuncu hesabatında qeyd olunur ki, ölkədə 15-17 yaşlı qızlar tərəfindən dünyaya gətirilən diri körpələrin sayı 1917 olub, 1219 belə hal kənd yerlərində baş verib. Bu isə ən azı 1917 qızın təhsildən yayındığını deməyə əsas verir: “Bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ananın olması deməkdir. Savadlı anaların isə gələcəkdə düzgün cəmiyyətin qurulmasında əhəmiyyəti böyükdür. Faktdır ki, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Aparılan araşdırmalar göstərir ki, qızlar arasında təhsildən yayınma və erkən nikaha girmə hallarlları daha çox ölkənin Mərkəzi Aran, Cənub bölgələrində, hətta Bakının kəndlərində pozulur. Mövzu ilə bağlı bağlı cəmiyyətdə mütamadi maarifləndirmə işləri aparılmalıdır. Z.Tağıyevin dediyi kimi “Bir kişinin təhsil alması, yalnız savadlı bir insanın olması deməkdir. Amma bir qadının təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir”. Son zamanlar genetik tədqiqatlarda, uşaqlara zəka geninin atadan deyil anadan keçdiyi aşkar edilib”.

QHT sədri onu da deyib ki, həyata keçirəcəkləri layihənin əsas məqsədi qızlar arasında təhsildən yayınma hallarının qarşısının alınması, elm və təhsil almalarını, hüquqlarını təbliğ etməkdən ibarətdir: “Əsas məqsəd qızlar arasında təhsildən yaynmanın fəsadlarını təlqin etmək. Onlara milli-mənəvi dəyərlərimizi aşılamaq, təhsillərini yarımçıq qoyub işlərə, erkən nikaha girmələrinin faciələrə səbəb olacağını həm hüquqi, həm də psixoloji aspektlərdən aşılamaqdır. Təhsilini yarımçıq qoymaqla erkən nikaga girmək və həyatını da yarımçıq qalmasının ağır fəsadlar törədəcəyini və vaxtında bu təhlükədən yayınmaqla bağlı maarifləndirici tədbirlər həyata keçirəcəyik. Qızlar arasında təhsildən yaynma halları və müxtəlif işlərə cəlb olunmaları, erkən nikaha girmələri həm onların, həm də cəmiyyətin bəlası, problemi, təhlükəsidir. Eyni zamanda bu yola qədəm qoyan yeniyetmə, gənc arzularını yarımçıq qoyur. Nə ailəsinə, nə valideynlərinə, nə də övladlarına yararlı olur, ümumilikdə, cəmiyyət üçün faydasız, yararsız bir şəxsə çevrilir. Təhsilsiz bir qadın həmişə hüquqsuz olur, zorakılığa məruz qalır, qurbana çevrilir. Bu hansısa bir qızın, xanımın yox, cəmiyyətimizin problemidir”.

K.Quliyeva onu da vurğulayıb ki, bunun üçün QHT 3 istiqamətdə maarifləndirici tədbirin həyata keçirməyi planlaşdırır: “Birinci, layihə mövzusu ilə bağlı Xəzər rayonunda 2 orta məktəbdə (hər birində 1 tədbir) yuxarı sinifdə oxuyan qızlar arasında maarifləndirici tədbir keçirmək, ikinci, İnternet tv-lərin birində 4 maarifləndirici (30 dəqiqəlik) veriliş hazırlamaq, üçüncü, hər biri 5 yerli internet resursunda 5 (ümumilikdə 25) maarifləndirici yazının dərcini ictimailəşdirməkdir. Bu formalarda maarifləndirmə işlərinin daha geniş auditoriyanı əhatə edəcəyi və effekt verəcəyinə inanırıq”.

QHT sədri qarşıya qoyulan vəzifələrdən də bəhs edib. Deyib ki, əsas vəzifələrdən biri qızlar arasında təhsildən yayınma səbəblərini öyrənmək, mövzu ilə bağlı maarifləndirici tədbirlər keçirmək, mediada maarifləndirmə işini aparmaqdır. Daha sonra gənc qızlara milli-mənəvi dəyərlərimizi aşılamaq, onlara hüquqlarını öyrətmək, erkən nikaha girmələrin fəsadlarını, yarada biləcək təhlükələrlə bağlı onları maarifləndirmək, gənc qızların təhsildən yayaınmalarının qarşısını almaq, elmə, təhsilə sövq etmək, valideyn-müəllim-şagird arasında münasibətlər formalaşdırmaq, əlaqələr qurmaq, qızlara qanunlara riayət etməyi aşılamaq, onları milli dəyərlərə hörmət ruhunda tərbiyələndirmək, hüquqi, fiziki, psixoloji yardımlar göstərmək, zəngin milli adət-ənənlərimiz, dini-mənəvi, əxlaqi dəyərlərimizi aşılamaqdır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »