“Milli birlik və həmrəylik hissimiz kifayət qədər güclüdür”

0

İrana hava zərbələrini ABŞ-İsrail koalisiyasının həyata keçirdiyinə heç kimin şübhəsi yoxdur. Maraqlıdır ki, İsrail tərəfi özü də bu iddianı təkzib etmir. Odur ki, Ermənistan KİV-nin və bəzi erməni ekspertlərinin yanvarın 28-dən 29-na keçən gecə İranı vuran dronların Azərbaycandan qalxması barədə iddiaları böhtan və cəfəngiyyatdır.

Bunu eyni zamanda erməni tərəfinin izi azdırmaq cəhdi kimi və İran-Azərbaycan münasibətlərini daha da gərginləşdirmək niyyəti kimi də qiymətləndirmək olar. Ona görə də, biz bu barədə müzakirələr apararkən erməni mediasının absurd və sərsəm iddialarına yox, real faktlara əsaslanmalıyıq. Real faktlar isə onu göstərir ki, sözügedən dronlar İranın öz ərazisindən qalxaraq bu ölkənin bir sıra hərbi obyektlərinə və neft mədənlərinə zərbələr endirib. Bu həqiqəti İran rəsmiləri, o cümlədən SEPAH generalları da təsdiqləyir. Molla rejimi dronların İran ərazisindən qalxdığı haqda məlumat yayıb. Bunun da əsas səbəbi kimi ölkənin hava sərhədlərindən hər hansı təhlükəli obyektin keçməsi barədə radarların heç nə qeydə almaması göstərilir.

Bu mənada fürsətçi və xain ermənilərin növbəti dəfə Azərbaycanı qaralamaq, ölkəmizi İranın mümkün cavab hədəfinə çevirmək niyyətləri ikrah hissi doğurur. İranın bu hücumların heyfini Azərbaycandan çıxacağı və yaxud, Azərbaycanda cürbəcür təxribatlar və ya terror aktı törədəcəyi barədə fikirlərin səsləndirilməsi panika yaratmaq məqsədini güdür. Əlbəttə, nəzəri olaraq İran rejiminin belə bir planı işə salması və Azərbaycandakı cəsus şəbəkəsini aktivləşdirməsi mümkündür. Lakin molla rejimi onu da yaxşı başa düşür ki, ABŞ-İsrail koalisiyasının hücumlarının heyfini Azərbaycandan çıxmağa cəhd göstərməsi İranın özünə baha başa gələ bilər. Ona görə də bu ölkənin hazırda Azərbaycana qarşı açıq təhdidlərə əl atması real deyil.

Azərbaycanın xüsusi xidmət orqanlarının təhlükəsizliyə təhdid yaradan ünsürləri, İranpərəst qüvvələri zərərsizləşdirmək istiqamətində həyata keçirdiyi operativ tədbirlər də öz müsbət nəticəsini göstərməkdədir. Dövlət Təhlükəsizlik Xidmətinin ölkədə potensial terror təhdidi yarada biləcək bütün qruplaşmaları ciddi nəzarət altına alması və situasiyaya nəzarət etməsi xüsusi qeyd olunmalıdır. Odur ki, İrana bağlı pozucu-destruktiv qüvvələrin Azərbaycanda təxribat və terror törətmək imkanları həddindən artrıq azdır.

Vətəndaşlarımızın ayıq-sayıqlığı da düşünürəm ki, qənaətbəxş səviyyədədir. Sosial şəbəkələrdə İranı təbliğ edən, dəstəkləyən şəxslərin vətənpərvər qüvvələrimiz tərəfindən dərhal və layiqincə susdurulması da bunu təsdiqləyir. Bir sözlə, indi hamımız ayaqdayıq. Ölkəmizə qarşı istənilən təhdidlərin qarşısını birlikdə almağa hazırıq. Milli birlik və həmrəylik hissimiz kifayət qədər güclüdür.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »