Azərbaycan Laçın yolunda gömrük və sərhəd xidmətləri QURACAQ

0

Azərbaycanın QHT nümayəndələrinin və ekofəalların Xankəndi-Laçın yolunda keçirdikləri aksiya 17-ci gündür davam edir. Ermənistan və ona havadar olan ölkələr ekoloji terror əleyhinə keçirilən aksiyanı qəsdən siyasiləşdirməyə çalışır. İddia edirlər ki, Laçın yolu bağlanıb. Bu, Ermənistanın və onun havadarlarının ikiüzlülüyünü bir daha ortaya çıxarır. Çünki Laçın yolunun bağlanmasından şikayətlənən Ermənistan 2020-ci il 10 noyabr müqaviləsinə görə açmalı olduğu Zəngəzur dəhlizini bağlı saxlayır.

Ermənistan Laçın yolundakı vəziyyəti qabartmaqla Zəngəzur dəhlizi məsələsini unutdurmağa çalışır.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məsələ ilə bağlı Modern.az-a deyib ki, Laçın dəhlizində gediş-gəliş davam edir:

“Fransanın və Ermənistanın Laçın yolunda gediş-gəlişin dayandırılması ilə bağlı hay-küy salması mənasızdır. Onlar bilirlər ki, orada gediş-gəliş var. Azərbaycan sadəcə istəyir ki, dəhlizdə nəzarət olsun. Həmin yolda nəzarətin olması isə onun bağlanması demək deyil. Məsələn, biz hava limanında nəzarətdən keçirik. Bu, aeroportun bağlanması demək deyil. Beləliklə, Azərbaycan öz suveren hüquqları çərçivəsində istənilən nəzarəti təşkil edə bilər və etməlidir”.

T.Zülfüqarovun sözlərinə görə, Ermənistanın qondarma iddiaları Zəngəzur dəhlizi məsələsini unutdura bilməz:

“2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda həm Laçın dəhlizi, həm də Zəngəzur dəhlizi ilə bağlı müddəalar var. Laçın dəhlizi ilə bağlı Azırbaycanın öhdəlikləri 5 illik təsbit olunub. Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi isə müddətsizdir. Yəni Laçın yolu ilə bağlı məsələ müvəqqətidir. Onu da qeyd etmək lazımdır ki, bu gün gedən proseslər yaxın vaxtlarda Laçın yolunda gömrük və sərhəd xidmətinin qurulması ilə nəticələnəcək. Çünki indiki dövrdə bəzi ünsürlər bu yoldan Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əleyhinə istifadə edirlər. Buna isə birdəfəlik son qoyulmalıdır. Bunun üçün də Laçın yolunda gömrük və sərhəd xidmətinin fəaliyyətinə ehtiyac var”.

Sabiq xarici işlər naziri Xankəndi-Laçın yolunda keçirilən aksiya ilə bağlı da danışıb:

“Hazırda Xankəndi-Laçın yolunda ekologiya üzrə ixtisaslaşmış QHT-lərin keçirdiyi aksiya nəticədə öz hədəfinə nail olacaq. Fəalların aksiyası ancaq məsələyə dövlət qurumları nəzarət etdiyi halda dayana bilər. Biz başa düşməliyik ki, Azərbaycan öz suverenliyi uğrunda mübarizə aparır və buna nail olmamış əl çəkməyəcək”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »