İran iqtisadi fəlakətlə üz-üzədir – Şok rəqəmlər

0

Axar.az enerji məsələləri üzrə ekspert Dalğa Xatınoğlunun müsahibəsini təqdim edir:

– Etiraz aksiyaları və qarşıdurmalar, eləcə də Tehran rejiminə qarşı beynəlxalq reaksiyalar və artırılan sanksiyalar enerji məsələlərində İrana necə təsir edir?

– İranın qaz sektorunun 70 milyard dollara yaxın sərmayə yatırımına ehtiyacı var. Hökumətdə isə bu qədər pul yoxdur və keçən 4 ildə hər il neft və qaz yataqlarına yalnız 3 milyard dollar sərmayə yatıra bilib. Xarici şirkətlərin texnologiyası olmadan bu işlər irəliləməz. Məsələn, İranın 70 faiz qazını təmin edən “Cənubi Pars” qaz yatağı bu ildən kəskin təzyiq azalması ilə üzləşib və istehsal hər il 10 milyard kubmetr azalacaq. Bunun qarşısını almaq üçün 20 min tonluq platformalar və böyük kompressorlara ehtiyac var. Ancaq bu texnologiya yalnız bir neçə Qərb şirkətində mövcuddur.

Hökumətin qəddarlıqla aksiyaçıları öldürməsi və geniş həbslər, edamlar, işgəncələr Qərb ölkələrinin mövqeyini İran hökumətinə qarşı daha da sərtləşdirib. Ümumiyyətlə, nüvə məsələsi və sanksiyaların götürülməsi üzrə müzakirə belə etmək istəmirlər.

– İranda yaxın gələcək üçün gözlənilən qaz böhranının səbəbləri nələrdir?

– İranın yenilənə bilən enerji istehsalının təxminən yox səviyyəsində olduğunu, ölkədə quraqlığın davam etdiyini və su elektrik stansiyalarının yalnız 40% tutumla işlədiyini nəzərə alsaq, qaz enerjisinə kəskin ehtiyacı var. Hazırda ölkənin enerji ehtiyaclarının 70 faizi qazla təmin olunur və bu, çox böyük bir rəqəmdir. Hətta elektrik sahəsinə gəlsək, nüvə enerjisi yalnız bu sahənin yarım faizini, günəş və külək enerjisi bir faizini təşkil edir. 90 faiz elektrik enerjisi qaz və neft məhsulları ilə işləyən termal stansiyalardan istehsal olunur. Yerdə qalan 7,5% elektrik enerjisi də su stansiyalarından təmin olunur.

Son illərdə sanksiyalar və hökumətin bacarıqsızlığı ucbatından qazla bağlı layihələr ləngiyib və soyuq aylarda böyük qaz defisiti yaranır. Örnək üçün keçən ilin qışında İranda günlük qaz kəsiri 250 milyon kubmetr idi. Bu rəqəm Avropa, Türkiyə və Gürcüstana qaz ixrac edən Azərbaycanın istehal etdiyi qazın üç qatıdır, yəni bu qədər böyük bir rəqəmdir. Azərbaycan keçən il ortalama günlük 87 milyon kubmetr qaz istehal etmişdi.

İran soyuq aylarda qaz kəsirini neft məhsulları, o cümlədən, dünyanın ən kirli enerji mənbəyi olan mazutla kompensasiya edir və buna görə hər il payızdan yazın ortasına qədər böyük şəhərlərdə kəskin hava çirklənməsi baş verir. İran ildə 900 milyon tondan çox zəhərli istixana qazlarını atmosferə buraxır və buna görə dünyada 7-ci yerdə qərarlaşıb.

– Qaz böhranı ilə bağlı İranı nə gözləyir?

– Ölkədə qaz böhranı həll olunmasa, İran qaz idxalatçısı olacaq. Başqa çarəsi yoxdur. Bu isə ildə milyardlarla dollar vəsaitin qaz idxalına getməsi deməkdir. Xatırladım ki, İran Rusiyadan sonra qaz ehtiyatları baxımından ikinci yerdə dayanır. 33 trilyon kubmetr qaz ehtiyatları var, yəni Azərbaycandan 12-13 qat çox. Ancaq çıxara bilmir.

– İran hökumətinin iqtisadçı komandası enerji bazarında Rusiya ilə birgə əməkdaşlıqla sanksiyaların qarşısında güclü ola biləcəklərini, hətta bu əməkdaşlığın Qərbi yumşalmağa məcbur edəcəyini bildirən bəyanatlar səsləndirir. Bu gözləntilər və vədlər nə dərəcədə realdır?

– İran Rusiyaya güvənməməlidir. Biz neçə aydır Rusiyanın Çinin neft bazarını İranın əlindən aldığını və onu dışladığını görürük. Hazırda neftin qiyməti dünya bazarlarında 80 dollar çevrəsindədir. Ancaq Çin Rusiya neftini 55-60 dollardan alır və İran da məcburdur Rusiyadan daha çox endirim təklif etsin ki, Çin bazarlarını əldə saxlaya bilsin. Qısası, Qərb bazarlarıdan qovulan Rusiya indi İranın Şərq bazarlarında ən böyük rəqibinə çevrilib. Yalnız neft deyil, son aylarda İranın polad və dəmir ixracatı da kəskin azalıb və Rusiya Şərq bazarlarını İranın əlindən alıb. Çinin özünə də nə İran, nə Rusiya çox güvənə bilər.

Çinin gömrük statistikalarına baxsaq görərik ki, cari ilin 10 ayında Avropa Birliyi və ABŞ-la ticarət dövriyyəsi 1,5 trilyon dollardan çoxdur, yəni Rusiya ilə ticarət dövriyyəsinin 10 qatı, İranla ticari dövriyyəsinin isə 100 qatı qədərdir.

Çin son 20 ildə xarici ölkələrə 2,2 trilyon dollar sərmayə yatırıb və bunun 190 milyard dolları ABŞ-ın, 120 milyard dolları Avropa Birliyinin payına düşür. Baxmayaraq ki, Hindistan son aylarda Rusiyadan neft idxalatını 40 dəfə artıb, ancaq İrandan 3 ildir bir barrel neft belə almır. İran öz başının çarəsinə baxmalı, Qərblə münasibətlərini düzəltməlidir. Ancaq son aksiyalar və hökumətin inanılmaz qəddarlığı vəziyyəti daha da pisləşdirib və Qərb İranla məsələləri müzakirə etməkdən belə geri durur.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »