Gövhər Beydullayeva: Bu qələbə gələcək uğurlar üçün daha həvəslə çalışmağa kömək edəcək

0

Azərbaycan çempionatı yüksək rəqabət şəraitində keçdi. İştirakçıların əksəriyyəti qadınlar arasında qrossmeyster dərəcəsinə sahib idi. Ona görə aşkar favorit olmadı. Müxtəlif illərdə ölkə çempionatında ikinci və üçüncü yerləri tutmuşam. Bu dəfə çempion olmağı arzulayırdım. İlk üç tur planlaşdırdığım kimi alındı. Sonradan oyunlar nisbətən çətinləşdi. Çox sevinirəm ki, çempion oldum. Bu qələbə gələcək uğurlarım üçün daha həvəslə çalışmağa kömək edəcək.

İctimairey.az xəbər verir ki, bu sözləri şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının qalibi Gövhər Beydullayeva yarışın yekun nəticələri ilə bağlı Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına bildirib.

Karyerasında ilk dəfə ölkə çempionatında qızıl medal qazanan 19 yaşlı şahmatçı yarışda ikinci yeri tutan Ləman Hacıyeva barədə fikirlərini bölüşüb. Azərbaycan çempionu rəqibinin yüksək oyun keyfiyyətlərinə malik olduğunu söyləyib: “Ləmanı reytinqi 2200 olan şahmatçı kimi qəbul edirəm. Aşağı reytinqinin olmasına baxmayaraq yüksək oyun keyfiyyətlərinə malikdir. Fikrimcə bir qədər təcrübəsi çatmadı. Bununla belə gümüş medal qazanmaq yaxşı nəticədir. Həmkarımı təbrik edirəm, gələcək yarışlarda uğurlar arzulayıram”.

Çempion beşinci turda Ləman Hacıyevaya məğlubiyyətin ona təsirsiz ötüşmədiyini deyib: “Ləmana qarşı yaxşı hazırlaşmışdım. Sadəcə partiya istədiyim kimi alınmadı. Nəticədə uduzdum. Amma yaxınlarım məğlubiyyətdən sonra həvəsdən düşməyə imkan vermədilər”.

Şahmatçı qeyd edib ki, ona hər zaman inanan atası bu dəfə də onu mübarizəyə ruhlandırıb. Hazırlığı üçün məşqçisi Rəsul İbrahimov, Fikrət Sideifzadəyə minnətdarlıq edən G.Beydullayeva şahmatçılardan Məhəmməd Muradlı, Aydın Süleymanlının dəstəyini hiss etdiyini vurğulayıb: “Onların ümidini doğrultduğum üçün sevinirəm”. Azərtac

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »