“Dəstək bütün zərərçəkmiş ölkələrə göstərilməlidir”

0

«Son illər hər bir ölkə vətəndaşının mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatlar kursunun uğurla davam etdirilməsi Azərbaycanın sürətli inkişafını təmin etmişdir. İqtisadi inkişafı stimullaşdıran perspektivli layihələrin reallaşdırılması, vətəndaşlarımızın sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl addımların atılması əldə edilən müsbət nəticələrdəndir. Azərbaycanı yerləşdiyi regionda böyük nüfuz sahibinə çevirən qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması aparılan iqtisadi siyasətin düzgünlüyünü təsdiq edir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2022-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatı əvvəlki illərdə olduğu kimi dinamik inkişaf etməkdədir.»

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Kamran Bayramov qeyd edib ki, 44 günlük Vətən müharibəsində parlaq Qələbəmizdən sonra ölkəmiz yeni dövrə qədəm qoyub. İşğaldan azad edilən torpaqların bərpası və inkişafı ilə bağlı strategiyanın icrası istiqamətində artıq tədbirlərin həyata keçirilməsinə başlanıb. Hazırda cənab Prezident İlham Əliyevin dediyi kimi, əsas hədəf Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir.

Qarabağ bölgəsində yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisidir. Dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycan öz inkişafı ilə bağlı bütün nailiyyətləri öz zəhməti hesabına qazanıb və heç kimdən dəstək almayıb. Bu gün ölkəmiz azad edilmiş torpaqları öz gücünə bərpa edir. Cənab Prezidentin qeyd etdiyi kimi, Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər. Bu il Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Şuşanın bərpası isə çox önəmlidir. Yaşayış binaları tikilir və tezliklə insanlar ora qayıdacaqlar. Prezident İlham Əliyev müşavirədə cari ildə Şuşanın içməli su layihəsinin tam istifadəyə verilməsi barədə də tapşırıq verdi. Bir sözlə, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görülür. Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parklarının yaradılması planlı şəkildə həyata keçirilir.

Deputat diqqətə çatdırıb ki, işğaldan azad edilmiş torpaqlarımızın bərpa-quruculuq işlərinə ərazilərimizin minalanması böyük maneçilik törədir. İlk olaraq həmin ərazilər minalardan, partlamamış hərbi sursatlardan təmizlənməlidir. Amma torpaqlarımız işğal altında olduğu illərdə erməni qəsbkarları demək olar ki, hər yeri, hətta hərbi təyinatlı olmayan əraziləri belə minalamışlar. Azərbaycan öz inkişafı ilə bağlı bütün nailiyyətləri öz zəhməti hesabına qazanıb və heç kimdən dəstək almayıb. İkili standartlar, ədalətsizlik – vaxtilə Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə və məşhur «Bayraktar» dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar.

 

Bu ədalətsizliyin nəticəsidir ki, müharibədən ilyarım keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçilik təşkilatları Azərbaycana heç bir yardım göstərməyiblər. Qarabağın minalardan təmizlənməsi üçün, dünyada bu məsələ ilə məşğul olan heç bir təşkilat Azərbaycana yardım göstərməyib. Baxmayaraq ki, müharibədən sonra kifayət qədər Azərbaycan vətəndaşı minaların fəsadları ilə üzləşib. Bu gün bütün dünya Ukraynaya misli görünməyən dərəcədə dəstək nümayiş etdirir. Müharibədən sonra Ukraynanın bərpa planı cızılır. Hesab edirəm ki, bu dəstək bütün zərərçəkmiş ölkələrə göstərilməlidir. İnsan hüquqları ilə məşğul olan, ədalət prinsiplərini rəhbər tutan təşkilatlar Azərbaycana da diqqət yetirməli və ikili standartlardan kənar olmalıdırlar.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »