Daşınmaz əmlakın istismarına dair mülki məsuliyyət niyə sığortalanmalıdır?

0

Aprelin 3-də Bakıdakı gecə klublarından birində baş vermiş partlayış, onun başqalarının sağlamlığına və əmlakına vurduğu zərər daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını gündəmə gətirdi. Bəs bu növ sığortadan kimlər və hansı hallarda istifadə edə bilər? “Report” məsələyə aydınlıq gətirmək üçün “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin eksperti Emil Ağabağırovla həmsöhbət olub.

Mülki məsuliyyət sığortası yalnız qeyri-yaşayış obyektlərinə aiddir

Ekspert deyir ki, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası yalnız qeyri-yaşayış obyektlərinə şamil olunur: “Bu növ sığorta mənzillərin deyil, yalnız qeyri-yaşayış obyektlərinin istismarı ilə bağlı yanğın, partlayış, su basma və digər hadisələrə görə 100 min manatlıq təminat verir. Həmin məbləğin 50 min manatı sağlamlığa, 50 min manatı isə əmlaka dəyən zərərə görə ödənilir. Amma bir şəxsə sağlamlığa dəyən zərərə görə ödəniş maksimum 5 min manat olmalıdır. Yəni, 5 nəfər zərər çəkibsə, onlara ümumilikdə 50 min manat deyil, 25 min manat ödənilir. Əmlaka dəyən zərərə görə isə ödənişə limit qoyulmayıb”.

Onun sözlərinə görə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını almaq istəyənlər 30-120 manat sığorta haqqı ödəməlidir: “Konkret məbləğ obyektin fəaliyyət növündən asılıdır. Məsələn, yanacaq doldurma məntəqəsində risk böyük olduğuna görə, onun sığorta haqqı da yüksəkdir. Amma kiçik ticarətlə məşğul olan, hüquq və yaxud mühasibatlıq xidməti göstərən obyektin sığorta haqqı aşağı olur”.

Mülki məsuliyyətinin sığorta etdirməyənlər məsuliyyət daşıyır

“İcbari sığortalar haqqında” qanuna görə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasınından yalnız hüquqi şəxslər istifadə edə bilər. Sığorta bazarı eksperti İlkin İbrahimov deyir ki, əgər obyekt sahibi olan şirkətlər bu sığorta növünü əldə etməsələr İnzibati Xətalar Məcəlləsi əsasında məsuliyyət daşıyır və cərimə ödəyirlər. Onların sığortalanmasına nəzarəti isə Fövqaladə Hallar Nazirliyi və onun qurumları həyata keçirir.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olsa da, bəzi sığorta şirkətləri onun könüllü sığortasını da təklif edirlər. İ.İbrahimovun sözlərinə görə, könüllü növdən fiziki şəxslər faydalana bilər: “Məsələn, bina evində yaşayan vətəndaş aşağı mərtəbədəki qonşunun mənzilinə su axıtsa və həmin qonşuya zərər dəysə, bu sığorta növü həmin zərərin qarşılanmasına təminat verir. Bildiyimə görə, bir neçə sığorta şirkəti bu növ könüllü sığorta məhsulu təqdim edir”.

Bu sığorta növü üzrə zərərlilik kəskin artıb

Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabata əsasən, bu ilin yanvar-fevral aylarında Azərbaycanda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 156 min manat sığorta haqqı toplanılıb, 263 min manat sığorta ödənişi həyata keçirilib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq təxminən 30% az və 53 dəfə çoxdur. Son nəticədə bu sığorta növü üzrə zərərlilik 2%-dən 169%-ə yüksəlib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »