Türkiyə ABŞ və Qərblə sərt rəqabətə başladı: Ağ Ev Ukrayna savaşı ilə bağlı sülh planını pozur

0

Ağ Ev Ukrayna savaşı ilə bağlı sülh planını pozur

Türkiyə savaşı dayandırıb, sülhü bərpa etməyi, ABŞ və Qərb isə danışıqlar prosesinin pozulmasını, müharibənin uzadılmasını hədəfləyib; Bu baxımdan, ABŞ və Qərbin pozuculuq fəaliyyətinin Rusiya-Ukrayna sülh planına əngəl törədə biləcəyi də qətiyyən istisna deyil…

İctimaiRəy.azTəxminən bir ay əvvələ qədər dünyada əsas müzakirə mövzusu məhz Rusiyanın Ukraynaya qarşı savaşa nə vaxt başlayacağı ilə birbaşa bağlı idi. Nəhəng dövlətlərinin xüsusi xidmət servisləri və siyasi dairələri davamlı şəkildə Kremlin savaş qərarı verəcəyi günlə bağlı müxtəlif iddialar irəli sürürdülər. İndisə, əsas müzakirə mövzusu tamamilə əks məzmun daşıyır. Və hazırda Ukrayna savaşının nə vaxt bitəcəyinin vaxtını müəyyən etməyə çalışırlar.

Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki, son müşahidələr onu göstərir ki, həm Rusiya, həm də Ukrayna uzun müddət savaşı davam etdirmək imkanlarını artıq itirmək üzrədir. Ona görə də, həm Kreml, həm də rəsmi Kiyev qarşılıqlı olaraq, ikitərəfli anlaşma cəhdləri göstərirlər. Və bu, yaxın vaxtlarda savaşın sona çatma ehtinalını artırır.

Məsələ ondadır ki, Rusiya Ukrayna savaşında hədəflədiyi hərbi nəticələrdən çox uzaqdır. Üstəlik, Rusiya ordusu son vaxtlar sarsıdıcı canlı qüvcvə və hərbi texnika itkilərinə məruz qalmaqda davam edir. Bəzi xarici xüsusi xidmət servisləri Rusiyanın savaşda üzləşdiyi hərbi itkilərlə bağlı müəyyən rəqəmlər də açıqlamağa başlayıblar.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna tərəfi Rusiyanın canlı qüvvə itkilərinin təxminən 15 min nəfərə yaxın olduğunu iddia edir. Ancaq bu iddianın bir qədər şişirdilmiş ola biləcəyi də qətiyyən istisna deyil. Bu baxımdan, Pentaqonun ABŞ hərbi kəşfiyyatına istinadən yaydığı son məlumat istər-istəməz naraq doğurur. Belə ki, Pentoqunun konservativ məzmun daşıdığını vurğuladığı iddiasına görə, Rusiyanın canlı qüvvə itkiləri 7 min nəfərdən çoxdur. Eyni zamanda, Rusiyanın daha 21 min nəfər hərbçisinin yaralandığı da vurğulanır.

Ağ Ev Ukrayna savaşı ilə bağlı sülh planını pozur

Təbii ki, bu rəqəmlər Rusiyanın savaş meydanında Ukrayna ordusunun kifayət qədər sərt sərt müqaviməti ilə üzləşdiyini göstərir. Üstəlik, itkilərin belə çox olması Rusiya ordusunun savaş potensialının da zəiflədir. Pentaqonda hesab edirlər ki, Rusiya ordusu Ukraynada öz canlı qüvvəsinin və hərbi texnikasının təxminən 10 faizini itirdiyi təqdirdə, döyüş qabiliyyətindən məhrum olmağa başlayacaq.

Digər tərəfdən, Rusiyanın xarici sanksiyalar ucbatın olduqca uğursuz duruma düşdüyü və maliyyə-iqtisadi cəhətdən də getdikcə zəiflədiyi artıq inkar edilməz reallıqdır. Üstəlik, savaş uzandıqca və vaxt keçdikcə sanksiyaların, eləcə də hərbi uğursuzluqların nəticələri Rusiyanın daxilində müəyyən problemlər yaratmağa başlayıb. Kreml belə vəziyyətin yaxın vaxtlarda Rusiyada Putin hakimiyyətində qarşı kütləvi etiraz aksiyalarını gücləndirə biləcəyini də anlamamış deyil.

Maraqlıdır ki, Rusiyanın ciddi maliyyə-iqtisadi problemlərlə üzləşməyə başladığını artıq yerli ekspertlər də könülsüz də olsa, etiraf edirlər. Bir müddətdən sonra Rusiyanın Ukrayna savaşını davam etdirmək üçün vacub olan daxili resursları tamamilə tükəndirə biləcəyi də qətiyyən istisna deyil. Və belə vəziyyət Rusiyanın savaş meydanında sarsıdıcı məğlubiyyətinə yol aça bilər.

Ona görə də, Kreml ehtiyat variant kimi sülh danışıqları xəttini inkişaf etdurməyə çalışır. Ancaq Kreml Rusiyanı bu savaşdan nisbi qalib statusunda çıxartmağa da cəhd göstərir. Əsas hədəf ondan ibarətdir ki, Rusiyanın sülh şərtləri qəbul edilsin, güzəştlər məhz Ukrayna tərəfindən olunsun. Kremlin şərtlərinə gəldikdəsə, bunlar Krım yarımadasının Rusiya ərazisi kimi tanınması, Donbas separatçılarının “müstəqilliyinin” qəbul edilməsi və Ukraynanın NATO üzvlüyündən imtina edərək, neytral dövlət statusu qazanması ilə bağlıdır.

putin1646377325.jpg (86 KB)

Göründüyü kimi, rəsmi Kiyev Kremlin bu şərtlərini qəbul edərsə, yekun nəticə Ukraynanın parçalanması və ölkənin Rusiya ilə savaşda tam kapitulyasiya etməsi anlamı daşıyacaq. Ona görə də prezident Volodimir Zelenskinin Kremldən irəli sürülən bu şərtlərə boyun əyəcəyi hələlik qətiyyən inandırıcı görünmür. Çünki rəsmi Kiyev Rusiya ilə sülh danışıqlarında Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün Kreml tərəfindən qəbul edilməsini – Krım yarımadası və Donbasın geri qaytarılmasını, ölkəyə beynəlxalq müqavilə ilə təhlükəsizlik təminatının verilməsini hədəfləyir.

Ona görə də, rəsmi Kiyev və Kreml arasında yaxın vaxtlarda anlaşmanın əldə edilməsi qətiyyən asan olmayacaq. Hər halda, hər iki tərəfin şərtlərinin indiki situasiyada savaşın birbaşa iştirakçıları üçün qəbuledilməz hesab olunduğu reallığa daha yaxındır. Və bu baxımdan, sülh danışıqlarının həm Rusiya, həm də Ukrayna üçün hərbi-siyasi manevr olduğunu da düşünmək mümkündür.

Böyük ehtimalla Rusiya ilə sülh danışıqlarında rəsmi Kiyevin əsas hədəfi daha çox vaxt qazanmaqdan ibarətdir. Çünki zaman əsasən Rusiyanın əleyhinə işləyir. Ola bilər ki, rəsmi Kiyev zaman keçdikcə, Kremlin daha çətin vəziyyətə düşərək, öz şərtlərini ciddi şəkildə yumşalda biləcəyinə ümid bəsləyir. Eyni zamanda, zamanın uzanması Ukraynaya öz qüvvələrini yenidən cəmləşdirmək imkanları da aça bilər.

Nəhayət, rəsmi Kiyevin Rusiya ilə sülh danışıqlarına başlamasında ABŞ və Qərbə yönəlik də xəbərdarlıq mesajları da olmamış deyil. Belə ki, rəsmi Kiyev ABŞ və Qərbin Ukraynaya verdiyi hərbi dəstəyin səviyyəsindən qətiyyən məmnun deyil. Ona görə də, ABŞ və Qərbə xəbərdarlıq edir ki, əgər hərbi, eləcə də maliyyə dəstəyi gücləndirilməzsə, Ukrayna Rusiya ilə anlaşıb, savaşı dayandırmaq məcburiyyətində qala bilər.

8a0f81741c2717ce6a0610d206931b4f.jpeg (111 KB)

Məsələ ondadır ki, rəsmi Kiyev ABŞ və Qərbin Ukrayna savaşının mümkün qədər uzadılmasında maraqlı olduğunu tam dəqiqliyi ilə bilir. Hətta prezident V.Zelenskinin açıqlamalarında ABŞ və Qərbin Ukrayna savaşına münasibətdə özəl maraqlar üzərindən hərəkət etdiyinə yönəlik üstüörtülü ittihamlar da yer alır. Yəni, ABŞ və Qərbin rəsmi Kiyevlə Kreml arasındakı danışıqların pozulmasına, Ukrayna savaşının Rusiyanın tam zəiflədilməsinə qədər davam etməsinə nail olmaq üçün əlindən gələn hər şeyi edəcəyi də indi qətiyyən şübhə doğurmur.

Təbii ki, ABŞ və Qərbin bu hədəfi Türkiyənin vasitəçilik missiyasını da çətinləşdirir. Hazırda rəsmi Ankara Rusiya və Ukrayna arasında sülhə nail olmaq, savaşı dayandırmaq istiqmətində ən səmimi, həm də israrla cəhdlər göstərən yeganə dünya nəhəngidir. Əgər, Türkiyənin bu cəhdləri müsbət nəticə verərsə, ABŞ və Qərbin hədəfləri iflasa uğraya bilər.

Onu da qeyd edək ki, rəsmi Ankara öz vasitəçilik missiyasında artıq kifayət qədər uğurlar əldə etməyə nail olub. Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna xarici işlər nazirləri son iki il ərazində ilk dəfə Anyalyada görüşüblər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edib, Kremldə çox önəmli diplomatik təmaslarda olub. Və ardınca Türkiyənin xarici işlər naziri Rusiya ordusunun mühasirəsində olan Ukrayna paytaxtı Kiyevdə vasitəçilk missiyasını yerinə yetirib.

b0cccd387fbd1f4dfb570a24e265f373.jpg (98 KB)

Bəzi məlumatlara görə, Türkiyənin vasitəçilik missiyası artıq ilk müsbət nəticələrini verməyə başlayıb. Rəsmi Ankara tezliklə savaşın dayandırıla biləcəyinə eyham vuraraq, xoş xəbərin uzaqda olmadığının mesajını da verib. Üstəlik, son məlumatlarda Ukrayna ilə Rusiya arasında 15 maddədən ibarət sülh planının hazırlandığı iddia olunur. Həmin maddələr barədə hələlik geniş məlumat verilməsə də, Ukraynanın təhlükəsizliyinə Türkiyə də daxil olmaqla, üç ölkənin təminatçı olacağı vurğulanır.

Göründüyü kimi, olduqca önəmli nəticədir. Əgər, buna kənardan əngəl törədilməzsə, rəsmi Ankara növbəti mərhələdə artıq üzərində işlənməkdə olan sülh planının imzalanması üçün Ukrayna prezidenti Volodimir Zelenski və Kreml sahibi Vladimir Putin arasında görüşün keçirilməsinə cəhdlər göstərir. Və bu, prezidentlər arasında görüş təklifi ilə bağlı Rusiyanın “yalnız yekun nəticə olacaqsa, mümkündür” şərtinə də tamamilə uyğun gəlir.

Belə anlaşılır ki, hazırda Ukrayna savaşına münasibətdə Türkiyə ABŞ və Qərb ilə ciddi rəqabət aparmağa başlayıb. Türkiyə savaşı dayandırıb, sülhü bərpa etməyə çalışır. ABŞ və Qərb isə sülh danışıqlarının pozulmasını, savaşın uzanmasını hədəfləyib. Bu baxımdan, ABŞ və Qərbin pozuculuq fəaliyyətinin Rusiya-Ukrayna sülh planına əngəl törədə biləcəyi də qətiyyən istisna deyil.

 

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »