Uğurlu diplomatiya

0

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasında rəsmi səfərdə olarkən, fevral ayının 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşmüş və jurnalistlərin çoxsaylı suallarına cavab vermişdir. Bildiyiniz kimi, Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verirdi.

Bu günə qədər Rusiya ilə Azərbaycan arasında 200-dən çox sənəd imzalanmışdır. Dövlətlərarası münasibətlərin qurulmasından 30 il keçdikdən sonra onlar müttəfiqlik səviyyəsinə çatmışdır.

Məlumdur ki, uzun illər boyu Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri səviyyəsindədir. İmzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir. Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışmış, bu Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini özündə ehtiva edir.

Azərbaycan artıq Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa başlayıb. Belə ki, artıq neçə ildir ki, biz dialoq üzrə tərəfdaşıq. Azərbaycan bir neçə il bundan əvvəl öz statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət etmişdir.

Azərbaycan KTMT-nin üzvi deyil, ancaq məlumdur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur. Bu fakt Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə Bəyannamənin 6-cı və 16-cı bəndləri, – zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir.

Azərbaycanla Rusiya arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə Azərbaycanın etimadlı, yaxın, dostluq münasibətləri var.

Bildiyiniz kimi, Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə hıər hansı bir qadağa qoyulmayıb və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna əyani sübutdur. Ermənistandan olan komanda Avropa Oyunları kimi idman tədbirlərində iştirak etmək üçün Bakıda oldular. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə iştirak edirlər. Bir neçə il bundan əvvəl Katalikos Qareginin Azərbaycana səfəri olmuşdur. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağının şahidi oldu. Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır.

Ölkəmizdə rus dilində təhsilin qorunması düşünülmüş siyasətdir. Rus dilində təhsil almaq istəyənlərin – həm azərbaycanlıların, həm qeyri-azərbaycanlıların belə imkanları olmalıdır. Rus bölməsinə məktəblərdə tələbat çoxdur. 140 mindən çox uşaq və ali məktəblərin rus bölmələrində 15 mindən çox Azərbaycan vətəndaşları təhsil alırlar.

Azərbaycana gələnlərin özlərini evlərində olduğu kimi hiss etmələri üçün bütün səylər göstərilir. 2019-cu ildə Rusiyanın bir milyon vətəndaşı Azərbaycanda turist kimi səfərdə olub, onlar, ilk növbədə, ona görə gedirlər ki, özlərini rahat, öz mühitində, o cümlədən dil mühitində hiss edirlər. Pandemiyaya qədər hər il təqribən 15-20 faiz turist artımı müşahidə olunurdu.

Qardaş Türkiyə ilə münasibətlərimiz müttəfiqlik səviyyəsindədir. İşğaldan azad edilən Şuşa şəhərində ötən il iyunun 15-də müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalanmışdır. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır.

Azərbaycan Türkiyənin və Rusiyanın müttəfiqidir. Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir. Başqa heç bir ölkə bununla öyünə bilməz.

İşğaldan azad olunmuş torpaqlarda bərpa işləri üçün ötən il 1,3 milyard dollar ayrılmışdı. Artıq Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək. Hər şey plan üzrə yerinə yetiriləcək, heç bir qarma-qarışıqlıq olmayacaq. “Yaşıl enerji” prinsipi əsas götürüləcək. Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq.
44 günlük Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu tapılıb və qaytarılıb. Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Ancaq Erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciətə baxmayaraq hələ cavab yoxdur.

Ölkəmizin ən böyük qaz istehlakçısı Türkiyədir. Türkiyədən sonra İtaliya, Gürcüstan, Yunanıstan, Bolqarıstan kimi ölkələrin adları çəkilə bilər. Keçən il cəmi 19 milyard kubmetr qaz ixrac olunub, bu il daha çox olacaq.
Pandemiya ilə əlaqədar olaraq Azərbaycanda peyvəndləmə işlərinə 2021-ci il yanvar ayının 18-də başlanıldı. Ölkəyə vaksinlər kifayət qədər tez çatdırıldı. Bunlar Çin vaksinləri, növbəti mərhələdə Rusiya vaksinləri idi. COVAX layihəsi xətti ilə Avropa vaksinləri də alındı. Bununla da vaksinləri seçmək imkanı yarandı. Vaksinasiyanın könüllü olacağı qərara alındı. Bu günə qədər yaşı 18-dən yuxarı olan insanların təqribən 70 faizi iki doza vaksin alıb. Uşaqlar üçün vaksinləmə yalnız valideynlərin qərarı ilə həyata keçirilir.

Cari ilin 25 fevral tarixində BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda keçirilmiş yüksək səviyyəli tematik müzakirələrində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxış etmişdir. COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolu vardır.

Pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.

COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır. Sözügedən amil Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur. Səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə səmərəli addımların atılması üçün əsas səhiyyə xidmətlərinin bütün müvafiq aspektlərinin gücləndirilməsi vacibdir.
Azərbaycan COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayır və bütün dövlətlərə buna ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşviq edir. Bu kontekstdə Azərbaycan bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən “COVAX Mexanizmi”, “COVAX Öncədən Bazar Öhdəliyi”, “COVAX Öncədən Bazar Öhdəliyi Forumu” və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyir. Bundan əlavə, Azərbaycan BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini alqışlayır.

Bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir. COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni dərəcədə əhəmiyyətlidir.
Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. “Peyvənd millətçiliyi” Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsi kimi göstərilə bilər.

Azərbaycan həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdiriləcək. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir.

Nigar Məsimova – Odlar Yurdu kollecin tələbəsi, Nərimanov rayonun fəal gənci

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »