UAR Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

0

Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov təmsil etdiyi qurum adından Azərbaycan Prezidenti, cənab İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Ukraynada 40-dan çox Azərbaycan diaspor təşkilatını özündə birləşdirən Ukrayna Azərbaycanlıları Radasının Hesabat-Seçki Qurultayının iştirakçıları Zati-alilərinizi salamlamaqdan şərəf duyur, uzaqgörən siyasətiniz və Azərbaycan naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırlar.

Otuz ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılmış Azərbaycan torpaqları 2020-ci ildə Sizin Ali Baş Komandanlığınızla 44 günlük Vətən müharibəsi nəticəsində şanlı Azərbaycan Ordusu tərəfindən azad edildi. Etnik, dini, sosial mənşəyindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımız Sizin Ali Baş Komandan kimi sentyabrın 27-də Azərbaycan xalqına ünvanladığınız tarixi müraciətə qoşuldu, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda müqəddəs mübarizəyə qalxdı, “Dəmir yumruq” kimi birləşərək əzm, iradə, sarsılmaz birlik və həmrəylik nümayiş etdirdi.

Bu müharibədə Silahlı Qüvvələrimiz 3 minədək şəhid verdi. Onların arasında Azərbaycanda yaşayan, Azərbaycanı özünə Vətən bilən müxtəlif xalqların nümayəndələri də vardı. Son otuz il ərzində düşmən və onun havadarları Azərbaycanda etnik və dini zəmində dəfələrlə qarşıdurmalar yaratmağa cəhd göstərsələr də, məhz bütün azərbaycanlıların – ölkəmizdə yaşayan bütün xalqların birliyi və həmrəyliyi sayəsində onlar öz çirkin məqsədlərinə nail ola bilmədilər.

44 günlük müqəddəs savaş müddətində xaricdə yaşayan soydaşlarımız da Azərbaycanın haqlı davasında dövlətimizin və Sizin yanınızda oldu. Təkcə azərbaycanlılar deyil, vaxtilə Azərbaycanda yaşamış digər xalqların nümayəndələri də Azərbaycan xalqının və onun dünya səviyyəsində tanınmış Liderinin çağırışına səs verərək, yaşadıqları ölkələrdə Azərbaycan və Qarabağ həqiqətlərinin təbliği üçün yumruq kimi birləşdi. Bu baxımdan Azərbaycan Respublikasının strateji müttəfiqi olan Ukrayna da istisna deyildi. Ukrayna dövləti Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi.

Yüksələn xətlə inkişaf edən dövlətlərarası münasibətlər Ukraynada yaşayan azərbaycanlılar, eləcə də diaspor təşkilatlarının səmərəli fəaliyyəti, ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, sürətli inteqrasiyası üçün də zəmin yaradır. Ukrayna dövləti və yerli ictimaiyyət Azərbaycan icmasının fəaliyyətini, soydaşlarımızın Ukrayna cəmiyyətinə töhfələrini yüksək qiymətləndirir, tədbirlərimizdə yaxından iştirak edir.

Möhtərəm cənab Prezident, biz fəxr edirik ki, Siz ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz, uzun illər davam etmiş haqsızlığa, ədalətsizliyə son qoymaqla BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini uğurla icra etdiniz. Sizin gördüyünüz işlər bütün Azərbaycan diasporu tərəfindən qürur hissi ilə qarşılanır. Bizə Zəfər bəxş etdiyinizə, dövlətimizin layiqli başçısı, Ali Baş Komandanı kimi hər bir azərbaycanlıya qürur və şərəf hissləri yaşatdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Ukrayna Azərbaycanlıları Radası olaraq bütün dünya azərbaycanlılarını Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşməyə, Azərbaycanın çiçəklənməsi naminə yürütdüyünüz siyasəti dəstəkləməyə çağırırıq.

Ukrayna azərbaycanlıları daim Sizin yanınızdadır! Biz birlikdə güclüyük!

Qarabağ Azərbaycandır!

Hörmətlə
Ceyhun Məmmədov
Ukrayna Azərbaycanlıları Radasının baş katibi

Ukrayna, Kiyev

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »