Millət Vəkili Elnur Allahverdiyev: Ermənilər bölgəmizdə hansı əraziləri ələ keçiriblərsə, başqalarının arxasında gizlənməklə ediblər

0

Ötən əsrin əvvəlləri və sonunda ermənilərin Azərbaycana və müasir Ermənistan ərazisindəki tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı törətdikləri qırğınlar və yürütdükləri siyasət eynilik təşkil edir.

Hətta bu prosesin baş rollarda olan ifaçıları belə fərqlənmirlər: əsrin əvvəlində Dro, Andronik, Çauş, Njde, əsrin sonunda Köçəryan, Sarkisyan, Monte Melkonyan, Səfilyan və… XX yüzilliyin başlanğıcında torpaqlarımızda bərqərar olmuş Ermənistan dövlətinin rəsmiləri Azərbaycanın ərazisi və sərhədlərini qəbul etdikləri roluna girirdilər.

Xalqımızın qanına susamış Andronik, Dro, Njde kimiləri isə Zəngəzurda və Qarabağda soydaşlarımıza qarşı qətliam törədirdilər. Əsrin sonunda isə, öncə Ermənistan SSR-in rəhbərləri, sonra müstəqil Ermənistanın lideri Levon Ter-Petrosyan yaxalarını kənara çəkirdilər, Qarabağdakı separatçılar isə bölücülük və qırğınlarla məşğul idilər.

Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan etibarən yerlərdə öz hakimiyyətini möhkəmləndirməyə başlamışdı. Milli hökumət Bakının daşnak-bolşevik işğalından azad edilməsi ilə paralel hakimiyyətini Qarabağda və Zəngəzurda da qurmaqda idi.

1918-ci ilin oktyabr ayında Osmanlı imperiyasının I Dünya müharibəsinin məğlub dövləti kimi qoşunlarını geri çəkməyə başlamasından etibarən regionda erməni quldur dəstələrinin aktivliyi artdı. Andronik Ozanyan Naxçıvanda, Zəngəzurda və Qarabağda azərbaycanlı əhalinin üzərində qətliam törədirdi. Andronikin dəstələri Osmanlıya qarşı istifadə edilmək üçün nizami ordutək yüksək keyfiyyətli silahlarla silahlandırlmış və təlim görmüşdülər. Əksər hallarda yerli mülki əhalinin soyqırıma məruz qalması, ən yaxşı halda isə didərgin düşməsi ilə nəticələnən bu hücumlar regionun bir çox yerində etnik-demoqrafik göstəricilərin dəyişməsi ilə nəticələndi.

Cümhuriyyətin və əhalinin təşkilatçılığı ilə hücumlara qarşı müqavimət dəstələri və təşkilatları yaradılırdı. Qısa müddət ərzində Naxçıvanda və Qarabağda dövlət hakimiyyəti bərqərar oldu. Naxçıvanda Cəfərqulu xanın rəhbərliyi ilə Şərur-Dərələyəz, Sürməli və Naxçıvan erməni quldur dəstələrindən tamamilə təmizlənmişdi. Həmin proses Qarabağda da getmiş və təxminən Naxçıvanla eyni zamanda orada da cümhuriyyətin ali hakimiyyəti ermənilər tərəfindən qəbul edilmişdi.

Bölgənin çətin dağlıq mövqedə yerləşməsi erməni dəstələrinin hücumlarının qarşısının birdəfəlik kəsilməsini çətinləşdirirdi. Bütün bu dövr ərzində xüsusən Zəngəzur uğrunda amansız mübarizə gedirdi. Əvvəl Ermənistanın rəsmən Azərbaycan ərazisi kimi tanıdığı, sonradan Antanta qüvvələri nümayəndələrinin sülhü təmin edə bilmək üçün gərgin danışıqlar apardığı Zəngəzurda qəti hakimiyyəti təmin etmək mümkün olmamışdı. Bunun ən bariz səbəbi regiondakı türk-müsəlman əhalinin bölgədən tamamilə çıxarılması idi. Erməni əsilli amerikalı tarixçi Riçard Hovanisyan Andronikin qırğınlarını “Zəngəzurun bir erməni torpağına çevrilməsi” (qeyd: Azərbaycan türklərinin soyqırıma məruz qalmasına eyham edilir) prosesinin başlanğıcı adlandırır. Başqa sözlə, etiraf edir ki, Zəngəzur erməni torpağı olmayıb.

Son iki əsrdə ermənilər bölgəmizdə hansı əraziləri ələ keçiriblərsə, bunu həmin dövrün qeyri-müəyyənliyində, başqalarının arxasında gizlənməklə ediblər. Ötən əsrin əvvəli və sonundakı hadisələr bunun əyani sübutudur.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »