Mütləq oxumnası vacib kitab: KİTABİ DƏDƏ – QORQUD

0

Bu gün elmə bəlli olan qədim türk dastanları, ədəbiyyatı, əlyazmaları və salnamələri iki dövrü əhatə edir: islamdan öncə və onun yaranmasından sonrakı dövr. Birinci mərhələyə aid olan qədim türk dastanları əsas etibarilə e.ə. I minilliyin ortalarından eramızın I minilliyinin ortalarına qədər olan dövrləri əhatə edir. Bu dastanlar əsasən Saka, Hun, Göytürk, Uyğur tarixinə aid dastanlardır.

Bu dastanlar içərisində xüsusilə Kitabi-Dədə Qorqud xüsusi olaraq seçilir. O, türk toplumunun bir mükəmməl təfəkkürdən (mifologiya dövründən) digər mükəmməl təfəkkürə (tarixi dövrə) qədəminin yeni formasıdır. Kitabi Dədə Qorqud türk xalqlarının yaratmış olduğu milli mədəniyyət abidələri içərisində ən zəngin və ən möhtəşəm sənət əsəridir.

Məşhur tədqiqatçı alim M.F.Köprülüzadənin dediyi kimi, “türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, Kitabi-Dədə Qorqud o biri gözünə qoyulsa, yenə də Kitabi-Dədə Qorqud tərəfi ağır gələr”.

Bu günə qədər elmdə belə bir fikir mövcud idi ki, dastan 12 boydur. 13-cü boyu Bəkir Çobanzadə San-Peterburq Şərqşünaslıq İnstitutunun arxivində tapıb. Sonradan bu hekayətin Azərbaycanda dərcinə izn verilməyib və onu gizli arxivə köçürüblər. Ehtimallar edilirdi ki, dastanın digər boyları da mövcuddur və 2019-cu ildə ehtimallar özünü doğrultdu. Ulu kitabımızın üçüncü nüsxəsi haqqında məlumatlar 2019-cu ilin aprel ayında keçirilən “Dünya Kültür Mirası Dede Korkut Uluslararası Sempozyumu”nda Prof. Dr. Metin Ekici tərəfindən açıqlandı.

Bir çox alimlər bu mövzunu tədqiq etməyə çalışsalar da akademik səviyyədə ilk ciddi və fundamental əsər AMEA Elm Tarixi İnstitutunun “Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsi”-nin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev tərəfindən ortaya qoyuldu. İlk öncə qeyd edim ki, Bayram Quliyevin nəşr edilən kitabı hazırda Türkiyə, Amerika və digər ölkələrdə qorqudşünasların ən çox istinad verildiyi əsərdir və araşdırma türkmən səhra nüsxəsinin transliterasiyası və fotofaksimilesi, eyni zamanda, abidənin bütün nüsxələri haqqında yığcam məlumatları əhatə edir. Kitabda tədqiqat obyekti olan nüsxənin əlyazması, ona dair qeyd, şərh və izahlar da yer alıb. Alim haqlı olaraq kitabında qeyd edir ki, dastanın bu nüsxəsinin tapılması türk tarixində yeni bir səhifənin açılmasıdır.

“Dədə Qorqud” elə şah əsərlərdən biridir ki, hər dəfə oxuyanda orada mütləq yeni bir şey tapılır. Niyə? Çünki bu soyumuzdan, kökümüzdən, sapımızdan süzülüb gələn bir dastandır. Biz bəzən ümumtürk dastanı deyirik, əslində “Dədə Qorqud” dastanları Anadoluda və Azərbaycanda yaşayan və daha çox ağırlığı məhz Azərbaycan türklüyü üzərinə düşən, eyni zamanda bizim tərcümeyi-halımız olan bir dastandır.

Məhz Bayram Quliyev bu kitabı ilə oxuculara bunu çatdırır. Bu kitabı oxuyanda görürsən ki, Dədə Qorqud dünyasındakı milli dəyərlər, stereotiplər, rituallar sistemi əslində hər bir azərbaycanlının varlığının ayrılmaz hissəsidir. Müasir dövrdə azər-baycanlıların mentalitetində milli və ümumbəşəri dəyərlərin yerinin müəyyənləşdirilməsi də Dədə Qorqudun etik prinsiplərindən çıxış etməklə gerçəkləşir.

Hesab edirəm ki, bu kitabı hər kəs oxumalıdır, dövlət səviyyəsində bu kitab bir neçə dilə tərcümə edilməlidir. Dostum Bayram Quliyevə isə uğurlar arzu edirəm

Zaur ƏLİYEV Dosent

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »