Azərbaycan xalqı heç bir zaman öz haqqını başqasına verməz”

0

Xalqımızın ümummilli lideri Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətini bütün sahələrdə uğurla davam etdirən ölkə başçısı İlham Əliyev ordu quruculuğunun inkişafına da daim böyük töhfə verib, prioritet elan edib, yüksək diqqət və qayğı ilə yanaşıb. Ali Baş Komandanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Ordusunun maddi-texniki bazası möhkəmləndirilərək, yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik müasir silahlar, döyüş və nəqliyyat helikopterləri, təyyarələr, hava hücumuna qarşı ən müasir qurğular, zirehli maşınlar, tanklar və artilleriya qurğuları ilə təchiz olunub. 44 günlük Vətən müharibəsində peşəkar hərbçilərimiz arsenalımızda olan silahlardan məharətlə istifadə edərək illərdir düşmən əsarətində qalan torpaqlarımızı işğalçılardan təmizlədilər. Onların qorxmazlığı və şücaəti nəticəsində Ermənistan ordusu darmadağın edildi.
Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində zabit və əsgərlərimiz qəhrəmanlıq göstərib. Məhz onların gücü və iradəsi nəticəsində düşmən ordusu məğlubiyyətə uğradı. Cəsur döyüşçülərimiz qorxu bilmədən irəliləyib “məğlubedilməz Ermənistan ordusu” mifini darmadağın etdilər. Beləliklə, sentyabrın 27-dən əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı dövlətin silahlı qüvvələrini darmadağın edərək, böyük Zəfər qazandı.
“N” hərbi hissəsində döyüşlər zamanı düşmənə göz açmağa imkan verməyən, işğalçıların çoxlu sayda hədəflərini məhv edən “Smerç” reaktiv yaylım atəş sisteminin heyəti ilə tanış olduq. Şəxsi heyət baş leytenant Əliheydər İslamovun nəzarəti altında məşğələyə cəlb olunmuşdu.
– “Smerç” döyüş maşını avtomatlaşdırılmış bələdçilik və yanğın idarəetmə sistemi ilə təchiz edilib. 300 mm çaplı olan bu silah 12 boru paketini 38 saniyəyə atır. Yenidən döyüşə hazır vəziyyətə gətirmək üçün şəxsi heyətə 36 dəqiqə vaxt verilir. Düşmən tərəfindən aşkar olunmamaq üçün heyət 3 dəqiqə ərzində atəş yerini dəyişərək döyüşə davam edir. Beləliklə, tərkibində dörd “Smerç” sistemi olan batereya 48 ədəd raketlə təxminən radiusu 800 metr olan sahəni məhv edə bilir.
Dərs bitdikdən sonra qrup rəhbəriylə həmsöhbət oluruq. Baş leytenant Əliheydər İslamov bildirdi ki, rəşadətli ordumuz müasir texnoloji silahlarla qəsbkarların komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikalarını, təminatını və digər mühüm hədəflərini sıradan çıxartdı. “Əlbəttə, biz döyüşlərin ilk günündən qazanılan uğurla kifayətlənməyib hər gün düşmən ordusu mövqelərinin dərinliyinə irəliləyirdik. Biz dünyaya sübut etdik ki, Azərbaycan xalqı heç bir zaman öz haqqını başqasına verməz”.
Gizir Rafiq Atlıyev bildirdi ki, cəsur əsgərlərimiz hər zaman qarşılarında dayanan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün bilik və bacarıqlarından yetərincə bəhrələnirlər. “Nəzəri biliklərlə yanaşı əsgərlərimiz illik döyüş hazırlığı planına əsasən, keçirilən təlimlərdə də fəal iştirak edir, vərdişlərini təkmilləşdirir, döyüş qabiliyyətlərini artırırlar. Bölməmizdə xidmət edənlər hər zaman düşmən təxribatlarının və hücumlarının qarşısını alaraq, onlara layiqli cavablarını verməyə hazırdırlar”.
Doğma torpaqlarımız uğrunda döyüşənlərdən biri də gizir Fərid Mehdiyevdir. O, söhbətə qoşularaq dedi ki, əzəli torpaqlarımızı işğalçılardan azad etdiyimiz üçün sevincliyəm. – Şükürlər olsun ki, övladlarımız ərazi bütövlüyü bərpa olunmuş ölkədə böyüyəcəklər. Gələcək nəsil Vətən müharibəsində şücaəti ilə tanınan oğullarımızın yolunu davam etdirəcək, ölkəmizin inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər. İnanıram ki, tez bir zamanda işğaldan azad olunmuş torpaqlarımızda abadlaşdırma işləri yekunlaşacaq. İllər sonra yenidən o yerlərdə sülh və əmin-amanlıq hökm sürəcək.
– Hərbi xidmətə Biləsuvar rayonundan çağırılmışam,- deyə əsgər Məhsum Bayramlı söhbətə başladı. – Həmişə hərbi forma geyinib Vətənimə əsgər olmaq istəyirdim. Bu gün qalib ordunun əsgəri olduğum üçün isə ikiqat sevinirəm. Hərbi xidmətdə peşəkar komandirlərimizin nəzarəti altında qısa müddət ərzində zəruri hərbi bilik və vərdişlərə yiyələndim. Öyrəndiklərimizi Vətən müharibəsində düşmənə qarşı tətbiq edərək Qarabağımızı mənfur düşmənin əsarətindən qurtardıq.

Orxan HÜSEYNLİ İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »