Azərbaycan xalqı və dövləti Ermənistanın işğalçılıq faktı ilə barışa bilməzdi”

Azərbaycan xalqı və dövləti Ermənistanın işğalçılıq faktı ilə barışa bilməzdi"

0

Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışını həqiqətən də tarixi hadisə hesab etmək olar. Bu çıxışı mühüm hadisə kimi dəyərləndirməyə imkan verən əsas məqam orada yer alan fikirlərin, çağırışların aktuallığında idi. Türk dünyasının iki fəal liderinin – Türkiyə və Azərbaycanın dövlət başçılarının çıxışlarında dünya birliyinin, BMT-nin özünün və böyük dövlətlərin ünvanına səsləndirilən iradlar və tənqidi fikirlər istər dünyada, istərsə də bölgəmizdə sülhün, haqq və ədalətin, ümumbəşəri dəyərlərin bərqərar olması üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

İlham Əliyev öz çıxışında pandemiya ilə mübarizə sahəsində Azərbaycanın gördüyü işlərdən və irəli sürdüyü təşəbbüslərdən tutmuş, pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin vacibliyi, peyvənd alınması məsələsində zəngin ölkələrlə inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliyin aradan qaldırılması, “peyvənd millətçiliyi” ilə bağlı məsələlərə beynəlxalq diqqətin cəlb edilməsi, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın beynəlxalq ədalətin və beynəlxalq hüquq normalarının təmin edilməsinə çalışması, Hərəkata üzv dövlətlərin legitim maraqlarını güclü şəkildə müdafiə etməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə Azərbaycanın xüsusi önəm verməsi, beynəlxalq öhdəlikləri icra edən Azərbaycanın Paris İqlim Sazişini ratifikasiya etməsi və bu sazişin prinsiplərinə əməl etməsi, bərpa olunan enerji istehsalına önəm verməyimiz və işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun “ Yaşıl Enerji” zonası elan edilməsi, 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanılmış və müsəlman dünyası ilə Avropa arasında dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan “Bakı Prosesi”nin BMT tərəfindən güclü şəkildə dəstəklənməsi, BMT Baş Assambleyasının qətnamələrində Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumunun “mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma” olaraq tanınması, habelə “Nizami ili”nin mərkəzi xəttini təşkil edən Nizami Gəncəvinin hələ 12-ci əsrdə öz əsərlərində təbliğ etdiyi sülh, ədalət, humanizm, azadlıq və bərabərlik kimi idealların və dəyərlərin bu gün BMT-nin təşviq və müdafiə etdiyi prinsiplərlə üst-üstə düşməsinə kimi bir çox önəmli məsələlərə toxundu. Bu məsələlərin hər biri bu gün təkcə bizim üçün yox, bütün ölkələr üçün vacib əhəmiyyət daşıyan məsələlərdir. Azərbaycanın dövlət başçısı bu məsələləri dünyanın iki ən mötəbər beynəlxalq təşkilatından birinə – Qoşulmama Hərəkatına rəhbərlik edən siyasi lider kimi gündəmə gətirir, ictimailəşdirir.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı həmçinin torpaqlarımızın nəyə görə 30 il Ermənistanın işğalı altında qalmasının səbəbləri və günahkarları üzərində də geniş dayandı və bu məsələni dünyaya təhdid yaradan beynəlxalq riyakarlıq fonunda dəyərləndirdi , “ikili standartlar”ın hazırkı qlobal münasibətlər sistemi üçün ciddi təhdidlər yaratdığını xüsusi olaraq vurğuladı. BMT kürsüsündən dünya ictimaiyyətinin diqqətinə çatdırıldı ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu ötən illər ərzində təcavüzkara qarşı beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn heç bir kəsərli addımlar atılmayıb və təcavüzkara qarşı beynəlxalq sanksiyalar tətbiq edilməyib. Bütün bunlar isə son nəticədə işğalın 30 ilə yaxın davam etməsinə zəmin yaradıb. BMT Təhlükəsizlik Şurasının üzvləri bu illər ərzində özlərinin qəbul etdikləri məlum qətnamələrin icrası üçün heç bir addım atmayıblar, əksinə, təcavüzkara qarşı heç bir tədbir həyata keçirməməklə işğalın və talanların, ekoloji soyqırımının, maddi-mədəniyyət abidələrimizə qarşı erməni vandalizminin davam etməsinə biraz da rəvac veriblər.

Prezident çıxışında ATƏT-in Minsk Qrupunun fəaliyyətinə (daha doğrusu, fəaliyyətsizliyinə) də toxundu, bu qrupun mövcud olduğu dövr ərzində keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin dinc yolla çözülməsi istiqamətində və beynəlxalq hüququn norma və prinsiplərinin təmin edilməsi yönündə heç bir ciddi irəliləyişə nail ola bilmədiyini vurğuladı. Həmsədrlik institutu sanki münaqişənin həlli üçün yox, əksinə, həll edilməməsi üçün, münaqişənin konservasiya olunub həllinin mümkün qədər uzadılması üçün yaradılmışdı. Həmsədrlər açıq şəkildə riyakar, ikiüzlü siyasət yürüdərək işğalçı Ermənistanın qeyri-konstruktiv addımlarının davam etməsinə və münaqişənin həllinin uzadılmasına, mənfur “status-kvo”nun qorunub saxlanılmasına kömək edirdilər. 1992-ci ildə yaradılan Minsk Qrupu bu illər ərzində istər BMT Nizamnaməsinə və BMT Təhlükəsilzik Şurasının müvafiq qətnamələrinə, istərsə də ATƏT sədrinin onlara verdiyi xüsusi mandatın tələblərinə hörmətsizlik etdi, saymazyanalıq göstərdi. Həmsədrlər Ermənistanı işğalçı ölkə kimi sanksiyalara məruz qoymaq, cəzalandırmaq əvəzinə, onu himayə etdilər, bəslədilər.

Azərbaycan xalqı və dövləti isə təbii ki, beynəxalq təşkilatların bu cür rüsvayçı riyakarlığı və Ermənistanın işğalçılıq faktı ilə barışa bilməzdi. Odur ki, Azərbaycan 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başlamasına cavab vermək məqsədilə, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı və beləliklə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü döyüşərək təmin etdi. Bu bir presedentdir. Azərbaycan bu addımı ilə müsbət mənada presedent yaratdı. Yəni ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır ki, bir ölkə BMT-nin yerinə yetirməli olduğu missiyanı özü təkbaşına və həm də uğurla yerinə yetirir.

Ali Baş Komandanımız bir məqamı da özəlliklə vurğuladı ki, biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, qanuni özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik və hər kəs buna əmin ola bilər ki, ölkəmiz öz hərbi gücü ilə istənilən təhdidin qarşısını almaq iqtidarındadır. Bu mesaj birbaşa revanşist Ermənistana və onun havadarlarına ünvanlanmış açıq mesaj idi. İlham Əliyev bu mesajı ilə əslində hər kəsi yeni reallıqlarla hesablaşmağa çağırdı. Bəli, Azərbaycan 44 günlük müharibədə əldə etdiyi parlaq Qələbə nəticəsində Cənubi Qafqazda və onun hüdudlarından kənarda yeni reallıqlar yaradıb. Odur ki, hər kəs bu amili nəzərə almalıdır. Ermənistan da öz növbəsində revanşizmdən, etnik nifrət və düşmənçilik üzərində qurulmuş, erməni cəmiyyətinə aşılanan irqçi ideologiyadan, Azərbaycanofobiya və türkofobiyadan imtina etməli, o cümlədən qonşularına (Azərbaycana və Türkiyəyə) qarşı qanunsuz və əsassız ərazi iddialarına həmişəlik son qoymalı, sülh və əməkdaşlıq yolunu seçməlidir.

İlham Əliyev bəyan etdi ki, Ermənistanın sülhdən başqa heç bir yolu yoxdur. Odur ki, beynəlxalq ictimaiyyət də nəhayət ki, 30 ildən sonra bu prosesdə müsbət rol oynamağa başlamalı və sülhün alternativinin olmadığını dərk etmək üçün Ermənistana həm çağırış, həm də kömək etməlidir. Əks təqdirdə, revanşizm Ermənistanın sonunu gətirə bilər. Azərbaycan Prezidenti BMT Baş Assambleyasının sessiyasında təqdim edilən bu nitqi ilə bir daha dünya miqyasında ədalətli və sülhsevər siyasətçi olduğunu nümayiş etdirdi.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »