Şuşada həyat tezliklə öz normal axarına qayıdacaq

0

“Uzun illərdən sonra işğaldan azad edilmiş Şuşa şəhərimizdə böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günləri keçirildi. Poeziya Günlərinin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Bu tarixi tədbir mədəni irsimizə və milli təfəkkürümüzə ehtiramın təzahürü olmaqla yanaşı, həm də ölkəmizin həyatında əlamətdar hadisə idi.”

İctimairey.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib.

Deputat deyib: “Xatırlatmaq yerinə düşər ki, təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhəri tarixin bir çox keşməkeşli hadisələrinin şahidi olub. Gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. 30 ilə yaxın Ermənistanın işğalına məruz qalmasına baxmayaraq, doğma şəhərimiz Şuşa hətta dağılmış vəziyyətdə, vandalizmə məruz qalmış şəkildə də öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözlədi”.

Jalə Əhmədova qeyd edib ki, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib və 1982-ci il yanvarın 14-də qarlı, şaxtalı havada bu məqbərənin açılışı olub. Ulu Öndərin uzaqgörən siyasətinin təzahürü olan bu məqbərənin ucaldılması sıradan bir hadisə deyildi və həm də siyasi məqsəd daşıyırdı. Çünki bu hadisə o vaxt ermənilərin Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi olan Şuşaya olan əsassız iddialarının qarşısının alınması üçün mühüm əhəmiyyət kəsb etdi. O dövrdə belə bir məqbərənin ucaldılması həm də ona görə çətin idi ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri olmuşdu. Sovet dövründə isə, ideologiya belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldıldı və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapdı.

Deputat bildirib ki, Ermənistanın 30 ilə yaxın işğalı dövründə erməni vandalizmi nəticəsində məqbərə dağıdılmışdı. Şuşa işğaldan azad olunduqdan sonra isə, məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü. Vaqif Poeziya Günləri bərpa edildi, “Xarıbülbül” festivalı bərpa edildi. Artıq Şuşa şəhəri tədricən Azərbaycanın mədəniyyət paytaxtı kimi əvvəlki funksiyalarını yerinə yetirməyə başlayır.

“Şuşanın bərpasına başladığımız bu il yanvarın 14-dən keçən qısa müddət ərzində böyük işlər görülüb. Yeni çəkilmiş Zəfər yolu artıq azad olunmuş torpaqlarımızın canlandırılmasının simvoludur. Bundan başqa, Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, bu daha qısa yol olacaq. Ötən qısa müddətdə Şuşanın elektrik təsərrüfatı bərpa edildi, suyun verilməsi bərpa olundu. Üç məsciddə təmir-bərpa işləri davam edir. Natəvan bulağı bərpa edildi, “Xarıbülbül”, “Qarabağ” otelləri istifadəyə verildi.

Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirilərək mərkəzi meydanda qoyuldu. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi.

Bundan başqa, Şuşada yeni beşulduzlu otel inşa olunacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” otellərində 150 otaq mövcuddur. Bununla yanaşı, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Ermənilərin “Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istədiyi yerdə isə, beşulduzlu otel inşa olunacaqdır. Yeni yaşayış kompleksinin təməlinin qoyulması isə, tezliklə Şuşada həyatın tam axarına qayıtmasına öz töhfəsini verəcəkdir.

Bütün bunlar deməyə əsas verir ki, atılan bütün zəruri addımlar nəticəsində Şuşamızda həyat tezliklə öz normal axarına qayıdacaq və Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da Azərbaycanın Mədəniyyət Paytaxtı statusunu qoruyub saxlayacaqdır”, – deyə deputat vurğulayıb.

Ruhiyyə
İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »