“Nə olardı, Ermənistan müharibəyə yenidən başlayardı…“ – Fəzail Ağamalı

0

Milli Məclis deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Yenisabah.az-a müsahibəsi:

-Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün “Azadlıq Radiosu”nun erməni xidmətinə müsahibəsində regionda yeni müharibə təhlükəsinin heç vaxt aradan qalxmadığını bildirib. Qriqoryanın bu açıqlamasını necə qiymətləndirirsiniz?

-Mənə elə gəlir ki, bu ciddiyə alınmalı, rəsmi mövqe kimi qiymətləndirilməlidir. Əgər Təhlükəsizlik Şurasının katibi bu fikri müdafiə edirsə, deməli, Təhlükəsizlik Şurasının sədrinin və üzvlərinin də fikri budur. Olsun, Ermənistan bir dövlət kimi yer üzündən silinib getmək istəyirsə, müharibəyə hazırlaşsın, amma bu müharibə nəticəsində yenə də yüksək texnologiyaya söykənən hərbi potensialımızla üz-üzə qalacaq. Etiraf etmək lazımdır ki, Ermənistanda, onun siyasi idarələrində əksəriyyət bu müharibənin ağır nəticələrini, Azərbaycanın qələbəsini həzm edə bilmir. Onlar dərk edirlər ki, yaxın zaman kəsiyində Azərbaycanın təkcə hərbi potensialı deyil, eyni zamanda, iqtisadi imkanları, o cümlədən Türkiyənin böyük dövlət olaraq gücü Ermənistanı bir dövlət kimi əridib yox edəcək. Mən, əslində, bu prosesin başladığını 44 günlük müharibədən sonra görməkdəyəm.

-Bildiyiniz kimi, bir müddət əvvəl Rusiya bəyan edib ki, Ermənistana silah alması üçün 100 milyon dollar kredit ayıracaq. Bu bəyanatın fonunda məhz Rusiyanın Ermənistanı müharibəyə hazırladığını deyə bilərikmi?

-Ermənilər ən müxtəlif formada müqavimət göstərməyə çalışırlar. Rusiyada qapısını döymədikləri rəsmi idarə qalmayıb. Vaxtaşırı Fransa, Amerika ilə, həmçinin oradakı erməni lobbisi və diasporu ilə sıx əlaqədədirlər ki, necə olur-olsun, yenidən müharibəyə başlasın və itirdiklərini geri almağa çalışsınlar. Bu baxımdan Rusiyanın mövqeyi başadüşülən deyil. Bir tərəfdən, Azərbaycana strateji müttəfiq kimi baxır, rəsmi formada bunu etiraf edir, digər tərəfdən, Ermənistanı silahlandırır. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova guya Cənubi Qafqazda balans yaratmaq üçün Ermənistanın silahlandırılmasının vacibliyini önə çəkir. Bu, ikili siyasət, Ermənistanda revanşist qüvvələri stimullaşdırmaq, Ermənistan vasitəsilə Rusiyanın gələcəkdə Azərbaycan üzərində hakimiyyətini sovet dövründə olduğu kimi bərpa etməkdir. Niyyət budur.

-Bəs, sizcə, Rusiyanın məqsədinə çatmaq ehtimalı varmı?

-Dünya dəyişib, Rusiyanın mövqeyi Ermənistanın maraqları ilə üst-üstə düşsə də, onlar bunu edə bilməyəcəklər. Rusiya əvvəldən sona qədər açıq şəkildə özünün bütün hərbi potensialı ilə 44 günlük müharibədə iştirak edə bilməməsinin başlıca səbəbi Türkiyənin yanımızda olması, Türkiyə F-16-larının Azərbaycanın hərbi aerodromlarında gözləmə mövqeyi tutması idi. Bununla yanaşı, 20 minə yaxın türk əsgərinin Naxçıvanda və digər yerlərdə ciddi hərbi mövqe tutması və Ərdoğanın açıq şəkildə, “Azərbaycana hərtərəfli yardım göstərəcəyik, Azərbaycanın yanındayıq”,- deməsi aparıcı rol oynadı. Şübhəsiz ki, Pakistanın da qardaş dövlət kimi bizə dəstək olması mühüm əhəmiyyət kəsb etdi. Artıq bu əlaqələr rəsmiləşib. Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi var. Onun isə müddəalarından birində göstərilir ki, tərəflərdən hər hansı birinə bu və ya digər şəkildə xarici müdaxilə olarsa, təhlükəsizliyə təhdid yaranarsa, digər tərəf bütün imkanlarını səfərbər edəcək. Tükiyə, Pakistan və Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə qurulması, müdafiə nazirləri səviyyəsində danışıqların aparılması, ayrı-ayrı sənədlərin imzalanması, bu yaxınlarda üç dövlətin parlament rəhbərlərinin Bakıda Bakı Bəyannaməsi qəbul etməsi və s. bizə əlavə imkanlar yaradır. Əgər Rusiyanın nüvə silahı varsa, o nüvə silahından Pakistanda da var. Rusiyanın hərbi texnikasını, onun bütün texnoloji imkanlarını isə Türkiyənin dronları məhv elədi. Hər şey gözümüzün qabağında baş verdi. Mən o görüntülərə baxanda, bəlkə də, indiyədək dünyada aldığım ən böyük zövq idi. Dronların Rusiya istehsalı olan və həmişə tərif edilən texnikanı yerlə-yeksan etməsi o qədər xoş təsir bağışlayırdı ki! Hazırda onların bir hissəsi Qənimətlər Parkında nümayiş olunur, bir hissəsi isə Azərbaycanın hərbi arsenalına daxil olub, rəngi dəyişdirilərək Azərbaycan texnikası kimi istifadə olunur. Bax, reallıq bunlardır, indi onlar nəyə əsaslanıb belə çıxış edirlər? Bu, ancaq xəstə psixologiyanın, lənətlənmiş bir sistemin görüntüsüdür. Ona görə də qətiyyən narahatlığım yoxdur, düşünürəm ki, heç narahatlığa ehtiyac da yoxdur. Azərbaycan 44 günlük müharibə dövründən daha çox güclüdür, oradakı çatışmazlıqlarımız da təhlil olunub, ayrı-ayrı təlimlərdə aradan qaldırılıb, nəticələr çıxarılıb. Ona görə də bu cür açıqlamalar milçək vızıltısı qədər ürək bulandıra bilər, amma konkret addımlarla müşayiət edilə bilməz.

– Ermənistan qisas əməliyyatlarına başlamaq fikrinə düşərsə, onların aqibəti bu dəfə necə olacaq?

– Nə olardı ki, Ermənistan müharibəyə yenidən başlayardı və biz artıq onu Azərbaycanın tarixi ərazisində Rusiyanın geopolitik layihəsi kimi yer üzündən silərdik. Ermənistan klassik dövlət deyil, onun bu torpaqlarda ənənəsi yoxdur, XIX əsrin 30-cu illərindən sonra Erməni Vilayəti yarananda da Rusiya hakimiyyəti onların xəyanətlərini görərək erməni vilayətini ləğv elədi və bu anlayışı tarixin arxivinə göndərdi. Bütün bunların hamısı Veliçkonun kitabında öz əksini tapıb. Qondarma, saxta Ermənistan ənənəsi olmayan bir qurumdur, Rusiyadan asılıdır. Bu gün Rusiya zəifləsin, Putin hakimiyyətlə vidalaşsın, görək, ondan sonra Ermənistan bir saxta dövlət kimi yaşaya biləcəkmi? Qətiyyən, mümkün deyil. Ona görə də biz səbrlə, təmkinlə, dövlətimizi gücləndirməklə və hərbi potensialımızı artırmaqla fəaliyyətimizi davam etdirməli və yeri gəldikcə Ermənistana tarixi dərslər verib onun heç nə olduğunu göstərməliyik. Görün, bu yaxınlarda Gorus-Qafan yolunun bağlanması Ermənistanda hansı vəziyyəti yaratdı. Bu, adi bir epizoddur. Əgər Naxçıvandan başlayaraq Zəngəzur dəhlizi boyu Laçına qədər bütün yol Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti, sərhədboyu ərazilərdə ən böyük yüksəkliklər Azərbaycan hərbçilərinin ayaqları altındadırsa, erməni heç bir qələt edə bilməyəcək. Addım atsa, məhv edəcəyik.

Sayad HƏSƏNLİ

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »