“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib- FOTO

0

Azərbaycan Respublikası Müdafiə və Daxili İşlər nazirliklərinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” layihəsinin növbəti tədbiri keçirildi. Bu dəfə tədbir Dağüstü parkda təşkil olundu.

Tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına daim xalqımızın diqqət mərkəzində olduqlarını hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.

İctimairey.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən xəbər veriblər ki, Olimpiya çempionlarının da dəvət olunduğu tədbir Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzindən başlayıb. Ekskursiya avtobuslarında şəhəri gəzən şəhidlərin övladları “Zəfər marşı”nı ifa edərək tədbirə qatıldılar. Onlar öz atalarının fotoları həkk edilən geyimlərdə, digər uşaqlar üzərində subay şəhidlərimizin rəsmləri, şəhid anaları isə övladlarının şəkli olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə tədbirə qatıldılar.

Tədbirin rəsmi hissəsində aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını, şəhid xanımlarını və tədbirə qatılan digər qonaqları salamladıqdan sonra şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildi. Sonra Müdafiə Nazirliyinin Sosial Müdafiə Şöbəsinin rəisi Həbib Məmmədov çıxış edərək bu cür tədbirlərin mütəmadi keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirdi. Vətən uğrunda canından keçmiş oğullarımızın övladlarının hər birimiz üçün bir əmanət olduğunu deyən şöbə rəisi onların işıqlı gələcəyi naminə əlimizdən gələn hər şeyi etməyin vacibliyini vurğuladı.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenant Hafiz Təmirov da şəhid və qazilərimizin qəhrəmanlıqlarının xalqımız tərəfindən heç vaxt unudulmayacağını, bu cür oğulların var olduqca bu Vətənin daim yaşayacağını dedi. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da çıxış edərək kimliyindən asılı olmayaraq hər kəsin şəhid ailələrinə diqqətlə yanaşmasının vacibliyindən danışdı.

“Fire Land Production”un rəhbəri Cəlal Qurbanov da öz növbəsində tədbirin əsas məqsədinin qanı ilə tarix yazan hər bir şəhidimizin uşaqdan böyüyə hər kəsin yaddaşına həkk olunması, daim qürurla xatırlanması olduğunu dedi. Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin böyük həssaslıq və sevgiylə yanaşdığı şəhid ailələrinin hamımızın əzizi, doğması olduğunu deyən C.Qurbanov vurğuladı ki, xalqımızın da hər zaman qəhrəmanlarımızın ailələrinin yanındadır. O, bu layihənin hüdudlarının təkcə Bakı şəhərini əhatə etməyəcəyini, Azərbaycanın digər bölgələrində də bu cür tədbirlərin keçiriləcəyini dedi.

Şəhid analarına müraciətlə çıxış edən ilahiyyatçı Hacı Zaur Məmmədov onlara belə qəhrəman övladlar yetişdirdiklərinə görə minnətdarlığını bildirdi, şəhidlərimizə Allahdan rəhmət dilədi. Tədbirin xüsusi qonağı Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadə də şəhid övladları ilə birlikdə oldu, qəhrəmanlarımızın anaları, ailə üzvləri ilə hisslərini bölüşdü. O, “Sən yadıma düşəndə” mahnısını ifa etməklə həssas anlar yaşandı.

Sonra “Əbədi məşəl” abidə-kompleksində qəhrəmanlarımızın övladları “Zəfər” marşını oxuyaraq və səmaya ağ göyərçinlər uçuraraq dünyaya “Müharibə olmasın! Uşaqlar atasız qalmasın!” mesajını verdilər. Sonda qəhrəman övladlarına “Xarıbülbül” döş nişanı hədiyyə olundu.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »