Azərbaycanda torpaq alaraq ev tikmək istəyən vətəndaşların qarşısında bir sıra qanuni prosedurlar durur.
Bu proses həm torpaq alışı, həm də tikintiyə icazə verilməsi və yaşayış evinin qeydiyyata alınması kimi mərhələləri əhatə edir.
Uğurlu nəticə əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl etmək vacibdir.
Bəs bu qaydalar hansılardır? Sıfırdan ev tikmək üçün nə etməliyik?
Bu suallara cavab tapmaq üçün əmlak məsələləri üzrə ekspert Ramil Osmanlıya müraciət etdik. Ekspert BAKU.WS-ə bildirib ki, vətəndaş torpaq alarkən fərdi yaşayış evinin tikinti təyinatlı torpaq sahəsi almalıdır:
“Bir çox hallarda mülkiyyətdə olduğuna aldanır, kənd təsərrüfatı və ya digər təyinatlı torpaq sahələrinə alır, orada ev tikir. Belə olan halda həmin torpaq sahəsinin razılaşmadan keçirilməsi problem olur. Müvafiq icra hakimiyyəti orqanı çəkilən eskiz layihəsini qəbul etmir.
Bu torpaq sahəsinin gələcəkdə sənədləşdirilməsi, yəni xüsusi mülkiyyətdə keçirilməsi halında tikinti ilə bağlı problemi yaranır. Ona görə də mütləq torpaq sahəsinin təyinatı yaşayış məntəqəsi təyinatlı olmalıdır.
Torpaq sahəsinin müvafiq qurum tərəfindən qeydiyyata alınması üçün isə torpaq sahəsinin ölçüsünə diqqət etmək lazımdır.
Yəni tikmək istədiyiniz sahə, yəni evin ölçüsü ilkin mərhələdə nə qədər nəzərdə tutulursa, həmin ölçüyə uyğun olaraq torpaq sahəsi almalısınız. Bu necə hesablanır? Deməli, Azərbaycanda tikinti şəhərsalma tələblərinə görə, yaşayış məntəqəsi təyinatlı torpaqlarda ev tikilərkən sadə hesablama qaydası torpaq sahəsi 0,16 əmsalına vurulur. Deyək ki, torpaq sahəsi 300 kvadratmetrdirsə, 0,16-ya vurulur və onun üzərində yalnız 180 kvadratmetr yaşayış sahəsinin evin tikintisinə icazə verilir. Orada 1 metr 50-40 santimertdən aşağı zirzəmi sahəsi inkişaf etmək olar, yəni kürsü mərtəbə dediyimiz. Bu ümumi sahəyə aid deyil. Eyni zamanda dam da ümumi sahəyə daxil edilmir. Bu mənada, tikiləcək evin sahəsini bu şəkildə hesablamaq lazımdır.
Hər hansı bir vətəndaş 180 kvadratmetrlik ev tikmək istəyirsə, minimum 300 kvadratmetr torpaq sahəsi almalıdır. Torpaq sahəsinin konfigurasiyasına diqqət etmək lazımdır. Tikiləcək 180 kvadratlıq fərdi yaşayış evinin neçə mərtəbə olacağı da əvvəlcədən dəqiqləşdirilməlidir”.
Ramil Osmanlı əlavə etdi ki, evin yerləşməsi məsələsinə diqqət olunmalıdır: “Bununla bağlı sahə üzrə lisenziyası olan və fəaliyyət göstərən peşəkar şirkətə müraciət edilməlidir. Şirkət həmin fərdi yaşayışı evinin memarlıq planlaşma layihəsini hazırlamalıdır. Layihə hazırlandıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron informasiya portalına yerləşdirilməlidir. 10 gün müddətnə müvafiq orqan tərəfindən razılaşma ilə bağlı cavab gəlir.
Qüsurlar, qanunvericiliyin tələblərinin pozulması, tikinti standartları və qaydalarının pozulması halları varsa, müvafiq icra hakimiyyəti orqanı həmin halın aradan qaldırılması ilə bağlı vətəndaşa cavab verəcək. Əgər belə hal yoxdursa, on gün müddətnə razılıq veriləcək və vətəndaş da gedib tikintini inşa edəcək. Layihədən kənarlaşmaq olmaz, layihə təsdiq olunduğu formada inşa işlərini həyata keçirməlidir.
Layihə inşa olunub başa çatdıqdan sonra (ev tamamilə tikilib qurtardıqdan sonra) həmin tikilinin qeydiyyata alınması ilə bağlı müraciət etmək olar. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri idarəsinə müraciət edib tikintini qeydiyyata aldırmaq mümkündür”.
Comments are closed.