Azərbaycan və Slovakiya spikerlərinin birgə brifinqi keçirilib

0

Oktyabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarovanın Slovakiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan və Slovakiya spikerlərinin görüşündən sonra birgə brifinqi keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin sədri Azərbaycan parlament nümayəndə heyətinin Slovakiyaya səfərinin uğurla davam etdiyini deyib.
“Bu səfər Milli Məclisin sədri səviyyəsində Slovakiyaya ilk rəsmi səfərdir. Səfər müddətində Slovakiya Respublikasının Baş naziri Eduard Hegerlə və Milli Şuranın sədri Boris Kollarla konstruktiv görüşlər oldu və proqrama uyğun olaraq görüşlər davam edir. Keçirilən görüşlərdə Azərbaycan-Slovakiya münasibətləri parlament müstəvisində müzakirə olundu, ikitərəfli və çoxtərəfli formatda əlaqələrimizin daha da dərinləşdirilməsi barədə fikirlərimizi bölüşdük”, – deyə Sahibə Qafarova vurğulayıb.
Milli Məclisin sədri jurnalistlərin diqqətinə çatdırıb ki, Azərbaycan Avropa İttifaqı ölkələrindən biri olan Slovakiya ilə əlaqələrin inkişafında maraqlıdır. O, Milli Şuranın sədri Boris Kollarla görüşündə qarşılıqlı səfərlər, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə fikirlərini bölüşdüklərini deyib.
Spiker nəzərə çatdırıb ki, parlamentlərarası münasibətlərin inkişafı xalqlarımızın daha da yaxınlaşmasına, Azərbaycan həqiqətlərinin Slovakiya ictimaiyyətinə, Slovakiyada baş verən proseslərin Azərbaycan ictimaiyyətinə obyektiv çatdırılmasında əhəmiyyətli rol oynaya bilər. O, parlamentlərarası münasibətlərin dərinləşməsinin ölkələrimiz arasında da əlaqələrin yüksələn xətlə inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.
Milli Məclisin sədri qeyd edib ki, keçirilən görüşlərdə Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət barədə həmsöhbətlərinə məlumat verib. Vurğulayıb ki, bu müharibə nəticəsində Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa edib. Spiker, həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi Xocalı soyqırımının 30 illiyi ərəfəsində insanlığa qarşı törədilmiş bu cinayətə Slovakiya Parlamentinin də münasibət bildirməsi barədə istəklərini bölüşdüyünü qeyd edib.
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »