Molla rejimi COP29 kimi mötəbər qlobal tədbirin ölkəmizdə keçirilməsindən məmnun deyil

0

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bütün dünyanın diqqətinin Bakıda toplanmasına 10 gün qaldığını bildirərək qeyd edib ki, son 10 ay ərzində o və müxtəlif ölkələrdən olan həmkarları COP 29 Sədrliyinə mümkün olan dəstəyi veriblər ki, Azərbaycan dünyanın ən böyük iqlin konfransına ev sahibliyi etməyə hazır olsun. BMT-nin bu dəstəyi sözsüz ki, təqdirə layiqdir. Bu günlərdə həmçinin dünyanın bir çox ölkələrindən də COP29-a dəstək bəyanatlarının və təşəbbüslərinin şahidi olmaqdayıq.

Lakin çox təəssüf ki, eyni sözü cənub qonşumuz olan İran İslam Respublikası haqqında isə söyləmək mümkün deyil. Görünən budur ki, dünya erməni lobbisi kimi, Azərbaycana qarşı bəyanat və qətnamələrlə çıxış edən Avropa Parlamenti kimi, Fransa XİN-in başçısı kimi və ABŞ Konqresinin üzvləri kimi molla rejimi də COP29 kimi mötəbər qlobal tədbirin ölkəmizdə keçirilməsindən məmnun deyil. Rəsmi Tehran Azərbaycanın uğurlarına qısqanc və məkrli münasibətini gizlədə bilmir. Ona görə də İran rəsmilərinin, deputatlarının, SEPAH rəhbərliyinin və İran mətbuatının Azərbaycana qarşı təxribatçı bəyanatları, çağırışları davam edir.

Bu dəfə Tehrandan olan millət vəkili, İran parlamentinin Kənd Təsərrüfatı Komissiyasının sözçüsü Samiyə Rafeyi “Xəbər Fouri”yə müsahibəsində ölkəmizə qarşı qərəzli fikirlərlə çıxış edib və COP29-la İsrailin əlaqəsi barədə cəfəng iddialar səsləndirib: “İsrail hökuməti ekoloji sammitin pərdə arxasında rol oynayır və bu Azərbaycanla İsrailin yaxın münasibətlərindən irəli gəlir”. Bu panfarsçı İran rəsmisi daha sonra sərsəm fikirlərini davam etdirərək bildirib ki, indiki məqamda prezident Məsud Pezeşkianın COP29 sammitində iştirakı məqbul deyil. O, birinci vitse-prezidentin başçılıq etdiyi İran nümayəndə heyətinin bu sammitdə iştirak etməsinin daha yaxşı olacağını vurğulayıb.

Göründüyü kimi iranlı deputatın bu açıqlamasının məzmunu dünya erməni lobbisinin COP29-a qarşı apardığı çirkin əks-təbliğat kampaniyasının üslubuna uyğundur. Başqa sözlə desək, müsəlman qonşumuz olan İran özünü erməni dövləti kimi aparır. COP29 bizə dostlarımızı və düşmənlərimizi daha yaxından tanımağımızda kömək etdi. Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsi dostlarımızı sevindirəcək, düşmənlərimizi məyus edəcək. İran isə təəssüf ki, özünü dost ölkə kimi aparmağı bacarmır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »