Müdafiə Nazirliyi elan etdi: 29 oktyabrdan 7 noyabradək… – VİDEO

0

Azərbaycan Ordusunda “Motoatıcı” və “Komando” (Quru Qoşunları üzrə) ixtisasları üzrə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 29 oktyabr – 7 noyabr, 25 noyabr – 30 noyabr 2024-cü il tarixlərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.

Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:

– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);

– təhsil haqqında sənədin surəti (1 nüsxədə);

– doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);

– şəxsiyyət vəsiqəsinin surəti (1 nüsxədə);

– nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə);

– həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (şəxsiyyət vəsiqələri olmadıqda doğum haqqında şəhadətnamələrin surəti, 1 nüsxədə);

– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);

– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;

– hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə).

Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Bakı şəhəri, Yasamal rayonu, Eldar Ağayev küçəsi 126 (Bakı Hərbi Məhkəməsinin yanı).

Müraciət etmə vaxtı: Qeyd olunmuş tarixlərdə, saat 09:00-dan 17:00-dək (bazar günləri istisna olmaqla).

Qeyd:

1. Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

2. “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Quru Qoşunlarının ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »