“Türkiyənin paytaxtı Ankarada Türk Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) qarşı törədilmiş xain terror aktını şiddətlə qınayır və həlak olanların ailələrinə, qardaş Türkiyə dövlətinə və xalqına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik”.
İctimai Rəy Newscenter.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov Türkiyədə baş verən terror aktına münasibət bildirərkən səsləndirib. Komitə sədri deyib ki, müxtəlif illərdə Türkiyənin regionda nüfuzunu zəiflətmək, onu bir sıra qlobal və regional proseslərdən uzaqlaşdırmaq məqsədilə bu kimi xain addımlara əl atılıb:
“Lakin güclü dövlət olan qardaş Türkiyə bu sınaqlardan üzü ağ çıxıb, öz müqəddəs yoluna, bəşəriyyətə sülh və rifah gətirmək istiqamətindəki addımlarına davam edib. Türkiyəni hədəf seçənlər unutmasınlar ki, bu kimi xain hücumlar, terrorla Türkiyəni yolundan döndərə bilməyəcəklər”.