Prezident: “3+3” regional əməkdaşlıq platforması yaradılsa, bu, yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq.
Biz “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifini dəstəklədik. Ermənistan hələ ki, cavab verməyib. Görürsünüz, Ermənistan yenə də qeyri-konstruktiv mövqe sərgiləyir.
İctimairey.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirib.
Dövlətimizin başçısı Türkiyənin təklif etdiyi əməkdaşlıq platformasının əhəmiyyətini şərh edərək deyib: “Bu, nəinki müharibədən sonrakı məsələlərə, eləcə də ümumiyyətlə, bizim bölgədə regional inkişafa xidmət edəcək. Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək”.
Prezident İlham Əliyev qeyd edib ki, təkcə kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik. “Bu, yalnız kommunikasiyaların açılması sayəsində olacaq. Bununla belə, qarşılıqlı ticarəti gücləndirsək, müsbət dinamikaya diqqət yetirsək, regionumuz gərginlik məkanından sabitlik və sülh regionuna çevriləcək”.
Güloğlan Məmmədov: İctimairey.az